Asiman Hüseynov: “Bu qələbəni bizə yaşatdığına görə Ali Baş Komandan İlham Əliyevə, xalqımıza, şəhidlərimizə, qazilərimizə, veteranlarımıza minnətdarıq və şəhid analarının əllərindən öpürük, qarşılarında baş əyirik”
…Neçə gün əvvəl hər birimizin qürur yerimiz olan Şuşada çox möhtəşəm bir tədbir keçirildi. Tədbirin möhtəşəmliyi həm də onda idi ki, düşmənimiz ermənilər bundan nəinki narahat oldular, hətta çox təşviş keçirdilər. Dünya azərbaycanlılarının V Zəfər Qurultayı Azərbaycan tarixinə şərəflə yazıldı. Dünyanın 65 ölkəsindən 400 nümayəndənin iştirak etdiyi Zəfər Qurultayında Ali Baş Komandan, Pprezident İlham Əliyevin tarixi çıxışı ermənilərin demək olar Qarabağa olan-qalan ümidlərini də daşa çırpdı. Bu çıxış onu göstərdi ki, ermənilər nəinki Şuşaya bir də iddia edə bilməz, həmçinin Xankəndinə bir də «Stepanakert» deyə bilməyəcəklər.
Zəfər qurultayının iştirakçısı “Təzadlar”ın qonağıdır…
…Qurultayda iştirak edən azərbaycanlıların yaşadıqları ölkələrdə diaspor kimi hansı işlər gördüyü, Azərbaycan həqiqətlərini həmin ölkələrdə necə yaydıqlarını, bu yolda hansı çətinliklərlə rastlaşdıqlarını bilmək bizim üçün də maraqlı idi. Ona görə də qurultay iştirakçılarından biri, Rusiyanın Yaroslavl vilayətində “Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatı”nın rəhbəri Asiman Hüseynovla görüşdük.
İxtisasca hüquqşünas olan Asiman Hüseynovun rəhbərliyi ilə Yaroslavl vilayətində milli mədəni muxtariyyatın bir çox tədbirlər keçirdiyini, Azərbaycanı layiqincə təmsil etdiklərini eşitmişdik. İndi isə, qısa müddətə də olsa, Asiman bəyin özü ilə görüşmək imkanı əldə etdik. Diaspora rəhbəri ilə Bakının gəzməli yerlərinin birində baş tutan görüşümüz zamanı etdiyimiz söhbət, inanıram ki, oxucularımız üçün də maraqlı olacaq.
-Asiman bəy, vətənə xoş gəlmisiniz. Bilirik ki, Şuşada keçirilən tarixi Zəfər Qurultayında iştirak etmisiniz. Şuşada olmaq hər bir azərbaycanlının arzusudur. İşğaldan azad olunandan sonra bu arzu daha da qiymətlidir. Ona görə də qürbət eldən gəlmiş bir azərbaycanlı kimi, Şuşa təəssüratlarınızı, orada özünüzü necə hiss etdiyinizi bilmək, həmçinin Prezident İlham Əliyevin Ermənistana və dünyaya çox ciddi mesaj verən tarixi çıxışı haqqında fikirləriniz öyrənmək istəyirik.
-Əlbəttə, fərəh hissi keçirdirik. Hər bir azərbaycanlı kimi, mən də bu günü çoxdan gözləyirdim. Hər birimiz istəyirdik ki, nəinki Qarabağ, onun baş tacı olan Şuşamız işğaldan azad edilsin. İndi belə qeyrət məkanı olan Şuşamız işğaldan azad olunub və orada Dünya Azərbaycanlılarının V Zəfər Qurultayı keçirildi. Prezident İlham Əliyev bu qurultayda çıxış etdi. Öz çıxışında bir çox vacib məqamlara toxundu. Bizə xoş olan məqamlardan biri də o oldu ki, Prezident İlham Əliyev öz çıxışında, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının yanında olduğunu bildirdi. Bir də ki, ermənilərə çox lazımı və ciddi mesajlar verdi ki, xam xəyallara düşməsinlər… Mən bundan əvvəl Dünya Azərbaycanlıların III Qurultayının da iştirakçısı olmuşam. Görürəm ki, hər dəfə Prezident bizləri çox isti və səmimi qarşılayır. Biz də çıxışlarımızda Prezidentə gördüyümüz işlər barədə məlumat veririk, təəssüratlarımızı bölüşürük. Xalqımıza, millətimizə xidmət etmək üçün yaşadığımız ölkədə əlimizdən gələni əsirgəmirik.
-Bildiyimiz kimi, Zəfər Qurultayında 65 ölkədən 400 nümayəndə iştirak edirdi. Maraqlıdır, dünyanın ayrı-ayrı yerlərində yaşayan azərbaycanlılarla əlaqəniz vardımı və ya yeni əlaqələr qura bildinizmi? Onlarla hər hansı fikir mübadiləsi aparmaq imkanı oldu?
-Əlbəttə, oldu. Ordakı iştirakçıların bir çoxu ilə onsuz da əlaqəmiz var idi. Hər kəs öz yaşadığı geosiyasi məkana uyğun olaraq, Azərbaycan naminə çalışır, xidmət göstərir. İş təcrübəmizi bir-birimizlə bölüşdük, gələcək planlarımızı müzakirə etdik. Bu söhbətlərdən belə nəticəyə gəlmək olur ki, gələcəkdə qürbətdə yaşayan hər bir azərbaycanlının tarixi vətənimizə dəstəyi, qayğısı yüksək olacaq. Amma istəyirəm ki, bu qayğı qarşılıqlı olsun. Biz qürbətdə yaşasaq da, istəyirik ki, Azərbaycandakı bəzi strukturlar da bizə yaxın olsun. Məsələn, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Miqrasiya xidmətləri ilə əlaqlərimiz yüksək səviyyədə qurulsa, bu, bizim diasporamızın işinə çox ciddi təkan verərdi.
-İnanırıq ki, gələcəkdə siz deyən kimi olacaq. Asiman bəy, istərdim belə bir suala cavab verəsiniz ki, prezident İlham Əliyevin o tarixi çıxışında hansı məqamlar sizin qürbət eldə diaspora kimi işinizə yaradımçı olacaq, fəaliyyətinizə stimul, təkan verəcək?
-Prezident cənab İlham Əliyevin çıxışında diaspora üçün çox önəmli fikirlər var. Məsələn, Prezident çıxışında bildirdi ki, diaspora nümayəndələri ilə 5 ildən bir yox, hər il görüşlər keçirilməlidir. Bu, çox gözəl bir təşəbbüsdür və biz də bunu dəstəkləyirik. Daha sonra Prezident qeyd etdi ki, yaxın vaxtlarda Azərbaycanın ərazi bütövlüyü tam təmin olunacaq, bizə qarşı iddialar aradan qalxacaq, torpaqlarımız tamamilə işğaldan azad oluncaq. Qürtbətdə yaşayan azərbaycanlıların işğaldan azad olunmuş torpaqlarda quruculuq–abadlıq işlərinə cəlb olunacağı məsələsinin prezident tərəfindən bildirilməsi çox düzgün ideyadır. Biz də bu quruculuq-abadlıq işlərində xalqımızın yaşayıb, inkişaf etməsi üçün yaxından istirak etmək niyyətindəyik.
"Yaşadığımız regionda ictimai rəyin Azərbaycanın xeyrinə formalaşması, Azərbaycan həqiqətlərinin yerli əhaliyə çatdırılması üçün əlimizdən gələni və gəlməyəni belə edirdik..."
-Bildiyimiz kimi, 44 günlük II Qarabağ savaşında siz vətəndən uzaqlarda olmusunuz. Ona görə də bilmək maraqlı olardı ki, yaşadığınız regionda olan azərbaycanlılar qələbəmizlə başa çatan bu 44 günlük vətən savaşını necə qarşıladı?
-Əlbəttə, bu tamam başqa bir qələbədir... Qürbətdə yaşayan hər bir azərbaycanlı bu 44 günlük savaşı, xalqımızın ölüm və qalım məsələsi kimi qəbul edirdi. Ona görə də hər günü, hər anı həyacanla izləyirdik. Özünüz yaxşı bilirsiniz ki, xalqımızın birliyi, ictimai güc belə məqamda çox önəmlidir. Biz qürbətdə yaşasaq da, bütün varlığımızla, maddi və mənəvi dəstəyimizlə Ali Baş Komandan olan Prezidentimizin, xalqımızın, döyüşən əsgərlərimizin, şəhidlərimizin, qazilərimizin yanında olduq. Yaşadığımız regionda ictimai rəyin Azərbaycanın xeyrinə formalaşması, Azərbaycan həqiqətlərinin yerli əhaliyə çatdırılması üçün əlimizdən gələni və gəlməyəni belə edirdik. Yaroslavlda yaşayan azərbaycanlı gənclərimiz bu işdə bizə çox kömək etdilər. Bildiyiniz kimi, pandemiya dövrü idi, kütləvi yürüşlər, mitinqlər keçirtmək mümkün deyildi. Ona görə də gənclərimiz, blogerlərimiz internet resursları üzərində çox böyük təbliğat işləri aparırdılar. Azərbaycan həqiqətlərini yayan rolikləri, informasiyaları, Prezidentimizin çıxışlarını sosial şəbəkələrdə geniş yayırdıq.
Digər ictimai təşkilatların rəhbərləri ilə ZOOM vasitəsi ilə videokonfranslar keçirirdik, müzakirələr aparırdıq və Azərbaycanın haqlı mövqeyni dünyaya çatdırırdıq. Hamıya bir aydın həqiqəti çatdırırdıq ki, Azərbaycan kiminsə torpağını işğal eləmir, əksinə, 30 ildir işğalda olan və BMT tərəfindən tanınan ərazilərini erməni işğalçılarından azad edir. Qarabağda həmin dövrdə baş verən hadisələrin şəkillərini, videosunu, audiosunu, disklərini geniş ictimaiyyətə yaymaq əsas vəzifəmiz idi. Bununla da, hamıya göstərirdik ki, Azərbaycan öz ərazisində separatçılara qarşı mübarizə aparır və öz tarixi torpaqlarını erməni terrorçularından azad edir. Bacardığımız qədər xalqımıza, bu 44 günlük qələbə ilə başa çatan savaşda dəstək olduq. Bu qələbəni bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə, xalqımıza, şəhidlərimizə, qazilərimizə, veteranlarımıza minnətdarıq. Şəhid analarının əllərindən öpürük, qarşılarında baş əyirik. Şəhidlərin ruhu qarşısında özümüzü ömür boyu borclu hesab edirik və edəcəyik. Bu qələbə Azərbaycan gənclərinin nə qədər vətənpərvər olduğunu bir daha göstərdi… Eyni zamanda, biz dünya Azərbaycanlılarının Vətən dərdində, Azərbaycan arzularında həmrəyliyinin bir daha şahidi olduq… Hər kəs bu müharibədə iştirak etməyə, düşməni məhv etməyə hazır idi.
- 44 günlük savaş dövründə Ali Baş Komandan İlham Əliyevin 40-a yaxın xarici jurnalistlərə verdiyi müsahibələr Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında nəinki böyük rol oynadı, hətta mən deyərdim ki, qələbənin qazanılmasında ordumuz qədər iş gördü. Onu da açıq etiraf etmək lazımdır ki, informasiya müharibəsində biz ermənilərdən həmişə geri qalmışıq. Bax, indi bu 44 günlük döyüşdən sonra qazandığımız qələbə sayəsində qürbətdə yaşayan sizlər informasiya müharibəsində ermənilərlə mübarizə apara bilirsinizmi? Bu yöndə indi hansı işləri görürsünüz?
-Bu çox maraqlı sualdır. Əlbəttə, bu 44 günlük savaşda qazandığımız qələbə ilə rahatlanmaq, əllərimizi yanımıza sallayıb oturmaq olmaz. Düşmən isə, bildiyimiz kimi yatmayıb, həmişə oyaqdır. Doğru deyirsiniz ki, 44 günlük savaş vaxtı Prezident İlham Əliyev müxtəlif auditoriyaya ayrı-ayrı xarici dillərdə çox samballı müsahibələr verməklə, informasiya blokadasının yarılmasında önəmli rol oynadı. Biz də Rusiyada, şəraitə uyğun olaraq, 44 günlük müharibə zamanı necə çalışırdıqsa, bu gün də o templə davam edirik. Bacardığımız qədər Azərbaycan həqiqətlərini yerli və digər əhaliyə çatdırılması üçün çalışırıq. İnformasiya blokadasının yarılması və bu yöndə işimizi daha səmərəli qurmaq üçün bir neçə layihələrimiz var. Pandemiya başa çatandan sonra bu layihəni həyata keçirməyə başlayacağıq. Bu məqsədlə Rusiyanın tanınmış ictimai-siyasi xadimlərini, elm-təhsil adamlarını, jurnalistləri Azərbaycana dəvət etmək istəyirik ki, gəlib əsl həqiqətləri öz gözləri ilə görsünlər…
-Asiman bəy, vaxtınızın məhdudluğunu nəzərə alıb, çox suallar verə bilmirəm. Amma istəyirəm, son olaraq, siz Azərbaycan ictimaiyyətinə nəyi məsləhət bilirsinizsə, buyurub müraciət edə bilərsiniz. Azərbaycan xalqına nə arzulayırsınız?
-Azərbaycan xalqına onu arzulayıram ki, hər deyilən məlumata inanmasınlar. Bilən də, bilməyən də, diaspora işinə qarışır. Bəzi jurnalistlər diaspora haqqında gərəksiz olan məlumatlar yayırlar. Çox istərdim ki, bu insanlar qaş düzəldən yerdə, vurub gözünü də çıxartmasınlar. Azərbaycan naminə bu qədər işlər görən insanları ruhdan salmasınlar. Rusiyada 85 subyekt var, onun 50-sinin yerinə başımla cavabdehəm ki, Azərbaycan xalqına və dövlətinə sədaqətlə xidmət edirlər. Əlimizdə olan az bir vəsaitlə çox böyük işlər görürük. Çünki bu təşkilatlarda qeyrətli, namuslu bacı və qardaşlarımız təmənnasız çalışırlar. Ailə büdcələrindən kəsib, bu təşkilatlara xərcləyirlər. Tarixi vətənimiz Azərbaycanda və qürbərtdə olan bəzi sarı mətbuatda diasporamız haqqında ağızlarına gələni yazırlar. Bunlar təxribatçılardır və düşmən dəyirmanına su tökənlərdir. Yazırlar ki, guya Azərbaycan diasporası Azərbaycan dövləti tərəfindən tam maliyyələşdirilir və diaspora rəhbərləri o pulları mənimsəyir. Bunun da sayəsində guya Azərbaycan naminə çalışmaq istəyən insanları o təşkilatlardan qaçaq salırlar. Mən xahiş edirəm ki, bu insanlar belə dezinformasiya yaymasınlar, bu xəbərləri düşmənlərimiz də oxuyur və bizim adımıza, nüfuzumuza xələl gəlir. Əksinə, elə məlumatlar yaysınlar ki, əlində olan 5 manatı bu təşkilata xərcləyənlər ruhdan düşməsinlər. Özləri heç bir maddi və mənəvi kömək etmirlər, ona görə də heç olmasa, mane olmasınlar. Millətini, xalqını sevən insan belə neqativ şeyləri yaymamalıdır. Əgər belə dezinformasiyaları yayırlarsa, deməli, onlar düşmən tapşırıqlarını yerinə yetirirlər. Mən Azərbaycanın hüquq mühafizə orqanlarından xahiş edərdim ki, həm qürbətdə, həm də Azərbaycanda yaşayan belə insanlar haqqında ciddi tədbir görsünlər və onlar Azərbaycan dövlətinin əleyhinə təbliğat apardıqları üçün cinayət məsuliyyətinə cəlb olunsunlar. Mənim Azərbaycan xalqına və ictimaiyyətinə deyəcəyim bunlardır. Sonda növbəti görüşümüzün Xankəndində olmasını arzulayıram…
-Biz də bu arzuya qoşuluruq və deyirik: Asiman bəy, çox sağ olun, müsahibə üçün təşəkkür edirik, tezliklə Xankəndidə görüşənədək…
-Mən də, sizə, «Təzadlar» qəzetinin rəhbərliyinə mənə diqqət göstərdiyinizə görə minnətdarlığımı bildirirəm.
Həmsöhbət oldular:
Elçin MƏMMƏDLİ
A.Məmmədli
(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. İst. 6.3.14).