Bİr çox dünya liderləri Ukraynanın “Eurovision 2022”dəki qələbəsini sevinclə qarşılayıblar.
“The Washington Post” xəbər verir ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Twitter səhifəsində Ukrayna qrupunu təbrik edib və gələn il müsabiqənin Kiyevdə keçiriləcəyinə ümid etdiyini bildirib.
Böyük Britaniyanın xarici işlər naziri Liz Truss də Ukraynanın qələbəsini əla nəticə adlandırıb.
Baş nazir Boris Conson isə “Twitter” səhifəsində qeyd edib ki, “qələbə yalnız sizin istedadınızın deyil, həm də azadlıq uğrunda mübarizənizə verilən sarsılmaz dəstəyin bariz nümunəsidir”.
Xatırladaq ki, dünən Ukraynanın “Kaluş Orkestri” qrupu "Stefania" kompozisiyası ilə “Eurovision 2022” mahnı müsabiqəsinin qalibi olub. Musiqiçilər 631 səs toplayıblar. İkinci yeri Britaniya, üçüncü yeri İspaniya tutub.
Azərbaycan təmsilçisi Nadir Rüstəmli “Fade To Black” adlı mahnısını çox möhtəşəm ifa edib.
Azərbaycan 18 ölkənin milli münsiflərindən ümumilikdə 103 səs yığaraq onluqda - 10-cu pillədə yer alıb.
40 ölkənin milli münsif heyətlərindən səsvərmə zamanı Azərbyacana verilən səslər belə oldu:
San Marino – 4
Şimali Makedoniya – 4
Malta – 2
Ukrayna – 5
Albaniya – 3
Estoniya – 3
Almaniya – 6
Belçika – 3
Yunanıstan – 12
Maldova – 1
Bolqarıstan – 3
Serbiya – 12
Kipr – 10
İspaniya – 12
Monteneqro -1
Böyük Britaniya – 7
İsveçrə -7
Avstraliya – 2.
Ölkələrin xalq səsverməsi zamanı isə Azərbaycana cəmi 3 səs verildi... Bu qədər az səs toplayacağımız gözlənilməz oldu, çünki Nadir Rüstəmlinin ifası buna layiq deyildi. Lakin olan oldu...
Beləliklə, Azərbaycan “Eurovision 2022” mahnı müsabiqəsində 106 səs ilə 16-cı yerdə qərarlaşdı.
P.S. Qeyd edək ki, Azərbaycanın bu qədər az səs toplaması Nadir Rüstəmlinin yüksək ifaçılıq qabiliyyətini görən, musiqini anlayan, dəyərini bilən bir çox insanı məyus edib. Hətta məşhur ingilis yazıçısı, "Harri Potter" kitabının müəllifi Coan Roulinq də sosial şəbəkə hesabında “Avroviziya 2022” mahnı müsabiqəsinin nəticələri ilə bağlı paylaşımında ölkəmizin az səs toplamasına təəssüflənərək "qarət edildi" - "Azərbaycanın haqqını yedilər" qeyd edib...
JASMİN