Azərbaycan İdman Jurnalistləri Assosiasiyası ilin əvvəlindən günümüzlə səsləşən maraqlı layihələrə start verib.

Müasir olimpiya hərəkatının banisi Baron Pyer de Kubertenin “Ey idman, sən sülhsən!” devizi altında keçirdiyi silsilə görüşlərdə isə Azərbaycan uşaqları bütün dünyaya sülh mesajları verməkdədirlər. Aprel ayı beynəlxalq aləmdə əlamətdar günlərlə zəngindir. 6 aprel Birləşmiş Millətlər Təşkilatının bəyan etdiyi İnkişaf və Sülh Naminə Beynəlxalq İdman Günü, 10 aprel isə Beynəlxalq Ədalətli İdman Günü kimi təqvimi bəzəyir. Bu iki dünyəvi bayram münasibətilə AİJA-nın “İdman və sülh” layihəsinin növbəti ünvanı yaranışının 30 illiyini qeyd etməyə hazırlaşan Bakı Avropa Liseyi oldu.

Ölkə idman camiəsinin məşhurları beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova, olimpiya çempionu, “Sabah” Futbol Klubunun idman direktoru İqor Ponamaryov,futbolumuzun ulduzları, gənclər arasında dünya çempionu  Vladislav Qədirov, Azərbaycan milli yığması tərkibində ən çox qol vurmuş futbolçu, “Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov, eks Avropa və Dünya çempionu, Azərbaycan Milli Olimpiya Komitəsinin ədalətli oyunlar komissiyasının sədri Xəzər İsayev, ölkə idman mediasının tanınmış simaları Bakı Avropa Liseyinin “Ağ şəhər”də yeni istifadəyə verilmiş məktəb korpusunda müasir dərslər, təlimlər, məşqlər üçün yaradılan şəraitlə tanış oldular, AİJA-nın “İdman və sülh” layihəsi çərçivəsində keçirilən futbol, şahmat, atletika, rəsm məşğələlərində şagirdlərin məharətlərini müşahidə etdilər.

Sonda hamı liseyin möhtəşəm tamaşa salonuna toplandılar. Aparıcı, “İdman Azərbaycan” telekanalının şərhçisi Fərid Ramazanov Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysovanı və  AİJA prezidenti Eldar İsmayılovu mikrofona dəvət etdi.

Zülfiyyə xanım qonaqları salamladıqdan sonra rəhbərlik etdiyi liseyin 30 illik fəaliyyətinə qısa ekskurs edərək hazırda bu yeni, əzəmətli və müasir kompleksdə şagirdlərin təhsilinin, təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili istiqamətində uğurlu addımlar atılması ilə yanaşı onların mədəniyyətə, incəsənətə, bədən tərbiyəsi və idmana marağının yüksəldilməsinə də xüsusi diqqət yetirildiyini qeyd etdi. AİJA prezidenti Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının “İdman və sülh” Layihəsinin məramını açıqladı. Qeyd etdi ki, hazırkı narahat dünyamızda mənasız müharıbələrin, qarşıdurmaların şahidi olduğumuz bir vaxtda bu layihənin uğurla həyata keçirilməsi yerinə düşür və xüsusi əhəmiyyət kəsb edir. Milli subyekti olduğumuz Beynəlxalq İdman Mətbuatı Assosiasıyasının – AİPS-in prezidenti Covanni Merlo, təşkilatın baş katibi Yura Ozmes, Beynəlxalq Fair Play Komitəsinin prezidenti Jeno Kamuti bizim bu layihəmizi ürəkdən dəstəkləyirlər.

Bizim İnkişaf və Sülh Naminə Beynəlxalq İdman Gününün və Beynəlxalq Ədalətli İdman Gününün Bakı Avropa Liseyində qeyd etməyimiz də təsadüfi deyil. Bu nümunəvi dövlət liseyinin yetirmələri arasında idmanımıza və olimpiya hərəkatımıza əhəmiyyətli dərəcədə töhfələr verən çoxlu sayda idman ulduzlarımız da vardır.

İdman TV-nin rəhbəri, AİJA-nın baş katibi Rövşən Binnətli, Milli Olimpiya Komitəsi Ədalətli oyunlar komissiyasının sədri Xəzər İsayev, Olimpiya çempionu, “Sabah” FK-nın idman direktoru İqor Ponomaryov, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyası Azərbaycan nümayəndəliyinin rəhbəri, AİJA İcraiyyə Komitəsinin üzvü  Cavid Allahverdiyev çıxış edərək “İdman və Sülh” layihəsinin əhəməyyiyyətindən danışdılar.

Bakı Avropa Liseyinin “İdman və sülh” layihəsində fəal iştirak edən gənc idmançılarına və rəssamlarına AİJA-nın şəhadətnamələri təqdim edildi. Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova, AİJA prezidenti Eldar İsmayılov, İdman TV-nin direktoru Rövşən Binnətli və AİJA-nın birinci vitse-prezidenti Nərgiz Mahmudzadə "İdman və Sülh" layihəsinə töhfə vermiş müəllimləri Səbinə Bayramova, Gülnar Rəsulova, İradə Zamanova, Akif Rüstəmov, Emil Məhərrəmov, Yanina Şabanova, Sevinc Hüseynova və Pərvanə Mirzəquliyevaya AİJA-nın təşəkkürnamələrini təqdim ediblər.

AİJA prezidenti Eldar İsmayılov isə Bakı Avropa Liseyinın direktoru Zülfiyyə Veysovanı "İdman və Sülh" layihəsinə verdiyi dəstəyə görə AİJA-nın xüsusi təşəkkürnamə plaketi ilə mükafatlandırdı. AİJA-nın “İdman və sülh” proqramının iştirakçıları tədbirdə iştirak edən məşhurlara, ən çox da “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova yaxınlaşır, onlardan avtoqraf olaraq hər hansı kağız parçası, yaxud köynəklərinin üzərinə imza atmasını xahiş edirdilər. Qurban Qurbanov onların heç birinin xahişini yerə salmır, öz imzası ilə onları sevindirirdi.

Qurban Qurbanov özünün bu günədək olan futbolçu və məşqçi  karyerası dövründə saysız-hesabsız uğurları ilə yanaşı həm də ədaləti, haqqı nahaqqa verməməyi ilə əsl ləyaqət nümunəsi göstərməkdədir. Hələ 2013-cü ilin yekununda Azərbaycan Milli Olimpiya Komitəsi Ədalətli Oyunlar Komissiyasının Fair Play mükafatı ilə təltif olunan 5 idman adamı arasında, əlbəttə, o da vardı.

Bu il Qurban daha bir ədalətli oyun nümunəsi göstərdi. Fevralın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Konfrans Liqasının 1/16 mərhələsinin play off oyunu, “Qarabağ” - Marsel qarşılaşmasında 0:1 hesabı ilə qonaqlar öndə idi. 33-cü dəqiqədə "Qarabağ"ın futbolçusu İbrahima Vadji qol vuraraq hesabı bərabərləşdirdi. Hakim də qolu qeydə aldı. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov İbrahima Vadjinin yanına çağırıb qolu əllə vurub-vurmadığını soruşdu, Vadji də qolu əllə vurduğunu etiraf etdi. Qurbanov dedi ki, get, bunu hakimə bildir. Bizə ədalətsiz qələbə lazım deyil. Nəticədə qol sayılası olmadı. Bununla da "Qarabağ" 1/8 finala çıxmaq şansını itirdi.

Aprelin 8-də Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən öz çıxışında dedi: “Bizim məşhur məşqçimiz Qurban Qurbanov çox ləyaqətli hərəkət etmişdir və qol sayıla biləcək vəziyyətdə demişdir ki, yox, bu, bizə lazım deyil, bizə saxta nailiyyət lazım deyil, qazanılmamış uğur lazım deyil. Nəyi qazanmışıqsa, öz əməyimizlə qazanmışıq. O cümlədən Qarabağ məsələsini də öz əməyimizlə, gücümüzlə, zəkamızla həll etmişik. İdman yarışlarında, yəni, feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir.”

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası da Beynəlxalq Ədalətli Oyun Günü məşhur məşqçimizin bu ləyaqətini xüsusi qeyd etməyə bilməzdi. Tədbirin sonunda Eldar İsmayılov Qurban Qurbanova UEFA Konfrans Liiqasının “Qarabağ”-“Marsel” oyunundakı hərəkətinə görə AİJA-nın təsis etdiyi AİJA FAIR PLAY mükafatını təqdim etdi. Xəzər İsayev də sabah 50 illik yubileyini qeyd edəcək baş məşqçini MOK-un xüsusi hədiyyəsi ilə mükafatlandırdı.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN