Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi mexanizmi humanist yanaşma, ödənişlə təminat proqramının əhatə dairəsinin daha geniş olması prinsipləri əsasında hazırlanıb.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində bildirib.
O deyib ki, birdəfəlik ödəmə təkcə hazırda müharibə əlili statusunda olanlara deyil, həm də vaxtilə Birinci Qarabağ müharibəsi ilə bağlı əlilliyi olmuş, lakin sonradan sağalmış, yəni reabilitasiya olunduğundan əlillik dərəcəsi hazırda olmayan şəxslərə də verilir.
Eyni zamanda, Birinci Qarabağ müharibəsi əlili vəfat etdiyi halda onların vərəsələrinə də həmin vəsaitin verilməsi nəzərdə tutulub. Həmçinin əvvəllər hazırkı məbləğdən az ödəniş almış şəxslərə də ödəniş olacaq.
Nazir birdəfəlik ödəmə ilə təminat proqramının icrası üçün ötən dövrdə elektron sistemin yaradıldığını, müvafiq e-məlumat bazası formalaşdırıldığını qeyd edib. Birdəfəlik ödənişlərin e-sistem üzərindən proaktiv qaydada həyata keçirildiyini və artıq 11 min şəxsin bu ödənişlə əhatə olunduğunu bildirib.
Xatırladaq ki, Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına start verilib. Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.
Proqram “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarını, onlardan vəfat edənlərin vərəsələrini əhatə edir.
Birdəfəlik ödəmə Azərbaycan Beynəlxalq Bankından (ABB) sosial ödəniş alan şəxslərin mövcud kartlarına ödənilir. ABB-də kartı olmayan, birdəfəlik ödəmə təyin olunmuş şəxslər yeni kartlarını ABB-nin istənilən filialından şəxsiyyət vəsiqəsi ilə əldə edə bilərlər.
Qeyd edək ki, birdəfəlik ödəmənin məbləği aşağıdakı şəkildə təşkil edir:
- I dərəcə əlilliyə görə - 8 800 manat
- II dərəcə əlilliyə görə - 6 600 manat
- III dərəcə əlilliyə görə - 4 400 manat.
Y.MƏMMƏDLİ