Moldovanın hazırkı Prezidenti Maya Sandu ölkədə baş tutmuş prezident seçkilərinin ikinci turunda rəqibi Aleksandr Stoyanoqlonu geridə qoyaraq seçicilərin 55 faizinin səsini qazanıb.
Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının protokolların 98,7 faizinin hesablanmasından sonra elan etdiyi nəticələr bəlli olub. İlkin nəticələrə görə, rusiyayönümlü müxalifətin namizədi Stoyanoqloya seçicilərin 45 faizi güvənib.
Seçkilərdə diqqətçəkən məqamlardan biri avropayönümlü mövqeyi ilə bilinən Sandunun ölkə xaricində (82,3 faiz), rusiyameyilli və avroskeptik baxışları ilə seçilən Stoyanoqlonun isə əsasən etnik azlıqların yaşadığı Qaqauz Yeri Muxtar Bölgəsi (97 %) və hökumətin birbaşa nəzarətində olmayan Dnestr çayının sol sahilindəki inzibati-ərazi vahidlərində (79,4 %) böyük fərqlə qələbə qazanması olub.
Eyni zamanda, Maya Sandu paytaxt Kişineuda da inamlı qələbə qazanıb – 57,38 %.
Ümumilikdə, ölkə daxilində protokolların 100 faizinin emalından sonra Stoyanoqlo səslərin 51,2 faizini, Sandu isə 48,8 faizini alıb. Ölkə xaricində isə protokolların 87,5 faizinin emalından sonra durum tərsinə – 82,3 faiz səslə hazırkı prezidentin dövlət başçısının xeyrinə olub.
Xatırladaq ki, iki həftə öncə keçirilmiş birinci turda Maya Sandu seçicilərin 42,5 faizinin səsini toplamışdı. Onun rəqibi Aleksandr Stoyanoqlo təxminən 26 % səs almışdı.
Eyni gündə, oktyabrın 20-də, Moldovanın Avropaya inteqrasiyası haqqında referendum baş tutmuşdu. Ölkənin Avropa inteqrasiyası lehinə səslərin sayı əleyhinə olan səslərin sayı ilə, demək olar ki, bərabər olmuşdu. Aİ-yə üzvlüyü seçicilərin 50,39 %-i dəstəkləmiş, 49,61 %-i əleyhinə olmuşdu.