İqtisad elmləri doktoru, professor Həsənli Mirələm Xası oğlu Bakı İnzibati Məhkəməsinin sədri Araz Hüseynova müraciət ünvanlayıb.
Tanınmış alim Dövlət Sosial Müdafə Fondunun rəsmiləri tərəfindən onun pensiya yığım kapitalının hesablanmasındakı qanunsuz və əsassız addımları ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edib. Lakin məhkəmə hakiminin təqdim olunan bütün mötəbər sənəd və sübutları bir kənara atıb ədalətsiz qərar qəbul etməsi alimi ciddi şəkildə təəccübləndirib. Odur ki, aşağıda professor M.Həsənlinin qeyd edilən müraciətini olduğu kimi təqdim edirik:
Bakı İnzibati Məhkəməsinin sədri Araz Hüseynova! Hörmətli cənab Sədr!
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bir neçə il əvvəl Ali Məhkəmənin yeni binasının açılışında dedi ki, bu bina Ədalət Sarayı olmalıdır. Əlbəttə, birinci instansiya məhkəməsi olan Bakı İnzibati Məhkəməsi də məhkəmə mübahisələrinə ədalətli baxmalı və bütün hüquqi prosedurlar gözlənilməlidir. Belə ki, 17.01.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsində qeydiyyata alınmış və hakim Aygün Əhədovanın icraatında olan 2-1(112)-5433/2022 nömrəli inzibati iş 28.07.2022-ci ildə, yəni qeydiyyata alındığı gündən 191 gün sonra şifahi məhkəmə baxışı olmuşdur. 29.07.2022-ci il tarixə hakim yenidən məhkəmə iclası təyin etdi və qeyri-müəyyən bir vaxta keçirildi. İddiaçı olaraq “Əmək pensiyaları haqqında” və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunların, “İnzibati və Mülki Prosessual” Məcəllələrin müvafiq maddələrinə əsasən sübut mənbələri hesab edilən, iş üçün mühüm əhəmiyyətə malik, qanunvericiliyin tələblərinə uyğun bütün rəsmi məlumatları, hesabatları, ekspertiza rəyi, auditor-mütəxəssis hesabatını, hətta hakim Aygün Əhədova tərəfindən şəxsən aparılan hesabatı şifahi məhkəmə baxışı keçirilən günə qədər məhkəməyə aşağıdakı sənədləri təqdim etmişəm:
- Bakı İnzibatı Məhkəməsinin hakimi Aygün Əhədovanın hesabatı (cavabdehin məlumatı əsasında).
- Müstəqil Ekspertiza Mərkəzinin rəyi.
- Auditorlar Palatasının auditor-mütəxəssis rəyi.
- İddiaçı, ali hüquq təhsilli maliyyə üzrə professorun hesabatı – sualların cavabları.
- Fərdi şəxsi hesabdan (bank hesabı) pensiya kapitalı barədə məlumat - e-sosial-dan çıxarış.
- Sosial arayış (gəlirlər və sosial ödənişlər) – e-sosial-dan çıxarış.
Cavabdeh tərəf olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən qanunvericilikdə nəzərdə tutulan maddələrin tələblərinə uyğun heç bir sübut mənbəyi məhkəməyə təqdim edilməmişdir.
Qeyd olunan danılmaz faktlar aşağıdakı sualların cavablandırılmasını zəruri edir:
1.Nə üçün hakim “Əmək pensiyaları haqqında” Qanuna (maddə 27.1., 29.1-1., 37.3.1.), “Məhkəmə ekspertizası fəaliyyəti haqqinda” Qanuna (maddə 1., 11., 21., 22.), “İnzibatı Prosessual” Məcəllənin (maddə 11., 12.1., 12.2., 29-1., 49.1.6., 51.2., 58.2., 58.5., 58.7., 60., 64.1., 68.2.), “Mülki Prosessual” Məcəllənin müvafiq maddələrinə (maddə 63.1., 76., 78.1., 79.3., 80., 81., 87.1., 87.2., 99.2., 172.1.3., 205.1., 206.1., 207.2., 214.4., 217.1., 217.3., 217.4., 218.1.) və “Məhkəmə və hakimlər haqqında” Qanuna (maddə 8., 111., 111-1.,112.) uyğun qərar qəbul etmədi?
2.Nə üçün hakim Aygün Əhədova cavabdehin məlumatları əsasında şəxsən özünün öz əli ilə yazdığı hesabatı sübut mənbəyi kimi qəbul etmədi?
3.Nə üçün hakim Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Ekspert İxtisas Komissiyasının əmri ilə məhkəmə eksperti ixtisası almış ekspertləri olan “Müstəqil Ekspertiza Mərkəzi”nin mütəxəssis rəyini nəzərə almadı və sübut mənbəyi kimi qəbul edilmədi, kobud qanun pozuntusuna yol verildi?
4.Nə üçün Azərbaycan Respublikası Auditorlar Palatasının Fəxri auditorunun mütəxəssis rəyi nəzərə alınmadı?
5.Nə üçün maliyyə üzrə professorun hesabatı nəzərə alınmadı?
6.Nə üçün fərdi şəxsi hesabın və sosial arayışın (e-sosial-dan çıxarış) göstəriciləri əsas götürülmədi? (hesabat üçün).
7.Nə üçün hakim qanunvericiliyə və digər hüquqi aktlara əsasən, «…müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları qanunvericilikdə başqa sübutlarla təsdiq oluna bilməz» kimi tələblər olduğu halda ekspert və mütəxəssis rəyləri əsaslandırılmış yekun nəticə sübut mənbəyi kimi qəbul edilmədi?
8.Nə üçün hakim əlavə məhkəmə ekspertizası təyin etmədi?
9.Nə üçün işdə süründürməçiliyə yol verildi və 191 gündən sonra şifahi məhkəmə baxışı təyin edildi?
10.Nə üçün hakim məhkəmə icraatını çəkişmə prinsipi əsasında keşirilməsini təmin etmədi?
11.Nə üçün hakim pensiyanın yenidən hesablanması üçün iddiaçının cavabdehə qanunvericiliyin müvafiq maddələrinə uyğun tərtib etdiyi sualların cavabını ala bilmədi? (hakimin cavabdehə 1 həftə vaxt verməsinə baxmayaraq).
12.Nə üçün hakim narazılığa səbəb olan süründürməçiliyə yol verdi?
13.Nə üçün məhkəmə qərarı yalnız məhkəmə icraatında təqdim edilmiş və proses iştirakçılarının öz mübahisələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalı olduğu halda, cavabdeh tərəf hakimə qanunvericilikdə nəzərdə tutulmayan daha mühüm əhəmiyyətə malik hansı sənəd təqdim etdi ki, iddianın təmin olunmaması üçün sübut mənbəyi yaratdı?
Iddiamı qanunvericiliyin tələblərinə uyğun sübutlarla tam əsaslandırdığımı nəzərə alaraq məhkəmənin qərarının qanunsuz və əsassız olduğunu düşünərək və qanunun tələblərini rəhbər tutaraq Sizdən
XAHIŞ EDIRƏM:
-Şifahi məhkəmə baxışında hakim Aygün Əhədovanın 2-1(112)-5433/2022 nömrəli işə dair elan etdiyi qərarı süründürməçiliyə yol verməklə, sübut mənbəyi olan sənədləri nəzərə almamaqla, “Məhkəmə və Hakimlər haqqında” Qanununun müvafiq maddələrinin tələblərinə uyğun əsaslandırılmadığı üçün qərəzli olmaqla ciddi qanun pozuntusuna və prosesual-hüquq normalarının tələblərinə zidd, əsassız və qanunsuz olduğunu nəzərə alaraq hakimin qərarına və onun hərəkətinə hüquqi qiymət verilsin.
-İddiaçının qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə təqdim etdiyi rəsmi hesabatlar, ekspert, mütəxəssis, auditor rəyləri və hakimin hesabatı, habelə sübut mənbəyi olan digər sənədlər əsas götürülərək inzibati iş üzrə iddia tələbimə dair qərara yenidən baxılsın.
-Hakim tərəfindən çıxarılan qərarın qüvvədə olan prosessual-hüquq normalarına, İnzibati Prosessual Məcəllənin və Mülki Prosessual Məcəllənin müvafiq maddələri nəzərə alınmadan iddiaçının təqdim etdiyi sübutlara qarşı cavabdeh tərəfin heç bir sübut təqdim etməməsi, təqdim edilən sübutlara uyğun əsaslandırma aparmadan qiymətləndirilmə keçirildiyi üçün çıxarılan qərarın qanunsuz və əsassız olduğunu nəzərə alaraq ləğv edilməsi təmin olunsun.
Qeyd: 28.07.2022-ci il tarixdə çıxarılan məhkəmə qərarı bu günə qədər mənə təqdim olunmamışdır.
Hörmətlə:
Mirələm Həsənli,
Ali hüquq təhsilli, malıyyə üzrə professor
Redaksiyadan: iddiaçı, professor Mirələm Həsənlinin təkcə pensiyanın yeni qaydalarla hesablanmasına dair yüzlərlə elmi məqalələri və rəsmi çıxışları və s. vardır. O, dünən hakimin qanınsuz hərəkətindən Məhkəmə Hüquq Şurasına şikayət verib. Eləcə də məlum qanunsuz və əsassız məhkəmə aktından apelyasiya şikayəti verməyə hazırlaşır.
Təqdim etdi: A.Məmmədli