Şəki rayonun Baş Göynük kənd sakini Süleymanov Süleyman Bəxtiyar oğlu tərəfindən «Təzadlar» qəzeti redaksiyasına şikayət məktubu daxil olub.
Azərbaycanın birinci vitse-Prezidenti Mehriban xanım Əliyevaya ünvanlı məktubda deyilir:
Çox hörmətli Mehriban xanım!
Bildirim ki, işçisi olduğum təşkilat tərəfindən 2020-ci ilin iyun ayının 20-də Oğuz şəhərinin yuxarı hissəsidə çay kənarında qazıntı işləri aparırdıq. Birdən qarşımda 10 qəpiklik ölçüdə, üzərində 1030 rəqəmi və ərəb yazısı yazılmış bir qızıl sikkə aşkar etdim. Mən bu barədə yerli Oğuz rayon Polis Şöbəsinə məlumat verdim. Təhqiqatı aparan Oğuz rayon PŞ-nin baş təhqiatçısı, polis kapitanı Anar Yəhayev və əməkdaşlar mənim hadisə baş verən yerdə, yəni çay kənarında qədim qızıl əşyanın tapıldığı yerdə əlimdə tutmuş vəziyyətdə fotoşəkillərimi çəkdilər. Təxminən 1 həftə sonra isə yaşadığım ünvana qəribə də olsa, 01 iyul 2020-ci il tarixli, "Cinayət işinin başlanmasının rədd edilməsi" barədə Qərarı göndərdilər. Həmin qərarın ikinci bəndində qeyd edilirdi ki, "Tapılmış əşyanın saxlanması təmin edəcək aidiyyatı orqana göndərilməklə qəbul edilmiş qəradan narazı olduğu halda şikayət etmək hüququ izah edilsin».
Bəli, mən 1030 Hicri -qəməri tarixi üzərində yazılmış qədim bir qızıl sikkəni xidməti iş gördüyüm zaman təsadüfən tapmışdım. Yəni, təxminən Miladi tarixilə 1600-cü illərdə zərb olunmuş bu tapıntı kifayət qədər qiymətli eksponat sayıla bilər. Və tapıntını da yerli polis şöbəsinə təhvil verdim, təhqiqat aparıldı və mənim cinayət işlətmədiyim sübut olundu. Və qızıl əşya saxlanması üçün aidiyyatı orqana (Məhz hansı orqan nəzərdə tutulur, bilinmir) təhvil verildi. Budur, aradan 2 il müddət keçib, amma tapıntı zamanı onun dəyərinin qanunvericiliyə görə 25 %-nin hesablanaraq mənə rəsmən təqdim edilməsi hələ də təmin edilməmişdir. Ona görə də 01 iyul 2020-ci il tarixli həmin Qərardan narazıyam və mənə indiyədək ödənilməli olan vəsaitin verilməsini istəyirəm.
Adətən belə qədim sikkələr tarixinə, saxlanma vəziyyətinə görə ekspertlər tərəfindən dəyərləndirilir və kataloqa daxil edilir. Məsələn, Çar Rusiyası dövründə 1874-cü ildə istehsal edilmiş 10-luq (rubl) qızıl sikkənin kataloqa daxil edilmiş qiyməti 276 min manatdır. Və yaxud, 1794-cü ildə kəsilmiş 1 dollarlıq gümüş Amerika sikkəsi indi Londonda 10 miloyon dollardan baha qiymətə auksiona çıxarılıb. Nə üçün bu pul bütün dünyada ən bahalı sikkə sayılır? Eamonn Carter-in kolleksiyasından Flowing Hair adlı bu gümüş sikkənin diametri 4 santimetrdir və onu günü bu gün təkrar emala satsalar 12 dollardan artıq pul gətirməz. Fərdi kolleksiyaçı Bruce Morelan 2013-cü ildə bu sikkəni hərracdan 10 milyon dollara alıb. Belə qiymətli tapıntılar adətən aidiyyatı üzrə ya AMEA-nın Tarix Muzeyinə, ya da Azərbaycan Milli Tarix Muzeyində eksponat kimi saxlanca verilir. Lakin hər iki qurumdan mənə belə bir qiymətli eksponatın Oğuz rayon PŞ-dən son iki ildə daxil olmadığı bildirlir. Amma bu mənim bir vətəndaş olaraq problemim deyil.
Ona görə də çox hörmətli Mehriban xanım, Sizə müraciət edirəm və xahiş edirəm ki, tərəfimdən tapılan qədim qızıl sikkənin hazırda hansı dövlət orqanına təhvil verilməsi və mənə çatacaq qonorarın nə vaxt verilməsi barədə aidiyyatı orqanlara göstəriş verməyinizi xahiş edirəm.
Əvvəlcədən təşəkkürümü bildirirəm.
Redaksiyadan: məsələ ilə bağlı Oğuz rayon Polis Şöbəsi ilə telefon əlaqəsi saxladıq, lakin növbətçi hissədən zəngimizə cavab verən olmadı. Əlaqə saxlama cəhdimiz davam edir.
Elçin Məmmədli