SOCAR-ın Qaz İxracı İdarəsinin mühəndisi Yunis Camalov SOCAR prezidentinin əmək haqlarına etdiyi əlavələrlə əlaqadar ölkə başçısına şikayət ərizəsi yazdı- etirazlar böyüyür…

 Xəbər verdiyimiz kimi, SOCAR Prezidenti Rövşən Nəcəf şirkətin idarəetmə və rəhbər vəzifəli şəxslərinin əmək haqlarına əlavələrin verilməsi və s. barədə 19 avqust 2022-ci il tarixli əmr imzalayıb. Lakin bu əmr şirkətin az qala bütün strukturlarında ciddi narazılıqla müşaiyət olunur. «Təzadlar»a daxil olan məlumata görə, artıq məsələ Prezident Administrasiyasında da müzakirə mövzusu olub və ilkin ehtimala görə, bu qeyri-adi əmrin icrası dayandırıla bilər…

***

Beləliklə, bu dəfə isə SOCAR-ın Qaz İxracı İdarəsinin mühəndisi Yunis Camalov SOCAR prezidentinin əmək haqlarına etdiyi əlavələrlə əlaqadar ölkə başçısına şikayət ərizəsi yazıb. Ərizənin fotosurətini aşağıda təqdim edəcəyik. Hələlik isə bu etiraz ərizəsi ilə bağlı Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari Qəhrəmanlının mövqeyi ilə tanış olaq:

 

-Mirvari xanım, nə baş verir? Nədən bu etirazlar səngimir? Hətta artıq bu etirazlara mühəndislər qoşulur…

-Xatırlayırsınızsa, SOCAR prezidenti Rövşən Nəcəf rəsmi fəaliyyətinin ilk günündəcə qeyd olunan əmri imzaladı. Halbuki bu etirazların ola biləcəyini əvvəldən bilməli idi. Düzdür, o, neft sahəsində yenidir, hətta neft buruğunun necə işlədiyini belə bilmirdi. Olsun. Amma onun uzun illərdir şirkətdə oturuşmuş, hətta adları korrupsiyada hallanan müavinləri, baş idarə rəisləri var, onlar bunu nəzərə almalı idilər. Sanki Rövşən Nəcəfi dilə-dişə salmaq üçün onu belə bir əmr imzalamağa inandırdılar… Məsələn, Rövşən Nəcəfin özünün əvvəlki aylıq maaşı 6504 manat idisə, indi 13.008 manatdır. 1-ci Vitse-prezidentinki əvvəl 6180 manat idisə, indi 12.360 manatdır. Digər vitse-prezidentlərinki əvvəl 6048 manat idisə, indi 12096 manatdır və s. Hətta vitse-prezidentlərin müavinlərinin aylıq maaşı indi 10.919, 10688 manatdır… Müqayisə üçün bir faktı deyim: məsələn, o boyda ABŞ prezidenti Baydenin aylıq maaşı 57 min manat (Tramp isə ayda 1 dollar maaş almaqla bütün maaşından imtina etmişdi). Yaponiyanın baş naziri 29 min manat, Rusiya Prezidenti Vladimir Putin 22 min manat, Rusiyanın baş naziri Dmitri Medvedev 22 min manat, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 17 min manat… maaş alır. Azərbaycan Prezidenti İlham Əliyevin aylıq məvacibi 15 min manatdır, SOCAR prezidenti və onun müavinləri isə 13-12 min manat maaş alırlar! Bu biabırçılıqdır! Halbuki Azərbaycan qanunvericiliyinə görə, Əməyin ödənilməsi: növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri, işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla və normativ hüquqi aktlarla müəyyən edilir. Büdcədən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsi sistemi, növləri və məbləği Nazirlər Kabineti tərəfindən müəyyən olunur, bunu bilirsiniz…

-İndi Siz necə hesab edirsiniz, Rövşən Nəcəfin bu qalmaqallı əmrinin icrası dayandırılmalıdırmı?

-Bəli, biz NHMT olaraq hesab edirik ki, SOCAR prezidenti cənab Rövşən Nəcəfin 19.08.2022-ci il tarixli “SOCAR-ın işçilərinə bəzi əlavə ödənişlərin təyin edilməsinin tənzimlənməsi Qaydaları”nın təsdiq və tətbiq edilməsi haqqında» mübahisə doğuran əmri dəyişdirilməlidir…

-Məsələn, təklifiniz nədir?

-Birincisi, bu Əmr yalnız rəhbərliyə və yuxarı heyət işçilərinə deyil, fəhlə və qulluqçular, orta heyətə daxil olan işçilər də daxil olmaqla bütün işçilərə aid edilməlidir. Ayrı-seçkiliyin qadağan olunması barədə Əmək Məcəlləsinin 16-cı maddəsinə uyğun olaraq… İkincisi, Azərbaycan Əmək Məcəlləsinin 157-ci maddəsinə uyğun olaraq əlavə ödənişlər: vəzifə və ya tutduğu peşəyə görə deyil, əmək funksiyasının yerinə yetirilmə bacarığına və peşəkarlığa görə təyin edilməlidir. Üçüncüsü, peşəkarlığa görə işçinin əmək haqqına əlavə edilməsi attestasiyanın keçirilməsi barədə Əmək Məcəlləsinin tələblərinə uyğun edilməlidir. Dördüncüsü, peşəkarlığın müəyyən edilməsi meyarları SOCAR tərəfindən əvvəlcədən hazırlanmalı və təsdiq edilməlidir. Beşincisi, peşəkarlığın müəyyən edilməsində ayrı- seçkiliyə və sui-istifadə hallarına yol verən rəhbər işçilərin məsuliyyəti barədə əvvəlcədən qaydalar işlənib hazırlanmalı, təsdiq edilməlidir…

-Sizcə, bu əmr bilərəkdənmi imzalanıb, yoxsa…

-Düşünürəm ki, SOCAR prezidenti gəncdir, bu sahədə təcrübəsizdir. Bunu qoyaq bir kənara. Amma Rövnəq Abdullayev vəzifəsindən çıxarılandan sonra SOCAR Prezidentliyinə iddialılıar orda yetərincədir və uzun illərdir orda həmin vəzifəni tuturlar. Adlarını yaxşı tanıyırsınız… Ehtimal ki, bu qalmaqallı əmrin imzalatdırılması da qəsdən edilib. Onlar bilirdilər ki, bu əmr mütləq qaydada narazılıq yaradacaq. Məqsəd də gənc Rövşən Nəcəfin adının ictimai narazılıqda hallandırılmasıdır. Mən belə qənaətdəyəm… SOCAR-ın Qaz İxracı İdarəsinin mühəndisi Yunis Camalovun SOCAR prezidentinin əmək haqlarına etdiyi əlavələrlə əlaqadar ölkə başçısına şikayət ərizəsi artıq narazılığın son həddidir. Düşünürəm ki, bu şikayət ərizəsi ciddi şəkildə araşdırılmalı və tədbir görülməlidir...

Dinlədi: A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN