...Akif Əli kifayət qədər rəngarəng, bir o qədər keşməkeşli fəaliyyət yolu keçib. Kino, radio, televiziya, elm, təhsil, mətbuat, həmçinin dövlət qulluğunda çalışıb.
1990-cı ildə “Vətən səsi” qəzetinin yaradılmasında iştirak edib və 1991-1993-cü illərdə qəzetin baş redaktoru olub.
İlk əmək fəaliyyətinə "Azərbaycanfilm"də dahi sənətkar Rəşid Behbudovun iştirakı ilə çəkilən "1001-ci qastrol" filmində rejissor assistenti kimi başlayan müsahibimiz, həm də bədii filmlərdə yaddaqalan obrazlar yaradıb. 18-dən çox kitabın müəllifi, "Qızıl qələm" mükafatı laureatıdır. Bu siyahını çox uzatmaq olar, amma vaxt itirmədən oxucularımızı hörmətli ziyalımızla həmsöhbət olmağa dəvət edirik.
Tezadlar.az Nazirlər Kabinetinin sabiq mətbuat katibi, Əməkdar jurnalist, yazıçı-publisist Akif Əlinin TNS-ə müsahibəsini təqdim edir:
- Akif müəllim, necəsiniz? Payızın dəyişkən havasına, zamanın sürətli qaç-qovuna ayaq uydura bilirsinizmi?
- Sağ olun, Aygün xanım! İndi ömrün elə məqamıdır ki, payızın havası, zamanın yeli qayadan nə aparacaq ki?! Yarım əsrə bərabər iş həyatının qaçhaqaçı, gərginliyi, çaxnaşmaları, çabaları geridə qalıb. İndi heç yerə tələsmədən arxayın oturub, öz işlərimlə məşğul oluram.
- Söhbətimizə doğulduğunuz Şuşa şəhərindən başlamaq istəyirəm. Şuşada işğaldan əvvəl sonuncu dəfə 1987-ci ilin yayında olduğunuzu demisiniz. Azadlığına qovuşan Şuşanı ziyarətə gedəndə ilk anda ağlınıza nə gəldi? Sizcə, Şuşa əzəliliyindən, şirinliyindən, hətta məsumluğundan nələrisə itirməyib ki?
- O vaxt Əskəran yolunda post qurub, erməniləri qoruyan sovet əsgərləri bizi Şuşaya buraxmadılar. Dünyaya meydan oxuyan ordu “Stepanakertin altından keçəndə sizin təhlükəsizliyinizə təminat vermirik”, - deyib, yarı yoldan qaytardı. Bu, artıq sovetin sonunun başlandığını bildirən siqnal idi. O vaxt mən baş tutmayan səfər haqqında “Bakıdan Şuşaya səyahət” adlı məqalə də yazıb, çap etdirdim...
Və bir də 37 ildən sonra Azərbaycan Ordusunun açdığı Zəfər yolu ilə doğma Şuşaya getdim. O yolla ki, 44 günlük müharibə zamanı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman zabitlərimiz, igid döyüşçülərimiz, müqəddəs şəhidlərimiz gedib, füsunkar Şuşanı azad etmişdilər. O dağ silsilələrini, dik yamacları, sərt aşırımları rahat maşında çox çətinliklə keçdikcə, buralardan çiynində ağır silah-sursatla piyada gedən, dağları aşıb qayalara dırmaşan, düşməni Şuşadan iti qovan kimi qovan nər oğullarımızın rəşadətinə heyran qalır, şücaətinə “Afərin!” - deyirdik...
Əlbəttə, Şuşa özünün doğal gözəlliyini, dadlı şirinliyini, pak məsumluğunu itirməmişdi! Həmin sevimli, füsunkar Şuşa idi! Ancaq yaralı idi Şuşa...
Şəhərin dörd bir tərəfində müharibə izləri, dağıntı, uçqun, güllə yerləri vardı. Haralardansa köçürülüb, qonşuluğumuza gətirilən bu qaraçı tayfası nə qədər murdar məxluqat imiş, ilahi! Azərbaycana, türkə qeyri-insani nifrət hikkəsi ilə təkcə adamlardan yox, dağdan, daşdan, ağacdan, evlərdən, bağlardan, yollardan, canlı-cansız nə varsa hamısından qisas almağa çalışmışdılar...
Onların bizə elədiyi zülmü heç vaxt unutmaq və bağışlamaq olmaz!..
Şuşada doğulduğum evi görməyə getdim. Yuxarı Gövhərağa məscidinin aşağı tərəfində yaşayırdıq. Ancaq əvvəlki köhnə evimiz artıq yox idi. Onun yerində indi müasir üslubda yeni çoxmərtəbəli yaraşıqlı bina tikilirdi...
Həyəcan və fərəh içində bütün şəhəri gəzdikcə, Cıdır düzünün havasını, Xan Qızı bulağının suyunu həsrətlə içimizə çəkib, İsa bulağını ziyarət etdikcə mənə elə gəlirdi ki, sanki şəhərin hər yerindən dahi Üzeyir bəyin təntənəli “Uvertüra”sı gur səslə səmaya ucalır: müharibə meydanı olmuş şəhər indi böyük bir tikinti meydanı idi. Hər tərəfdə həyat qaynayır, sürətli quruculuq işləri gedirdi. İnsanlar Şuşanın yaralarına məlhəm qoyurdular...
Prezidentin ölkə paytaxtından - mədəniyyət paytaxtına xitabən dediyi kimi, biz əziz Şuşanı dirçəldirdik!
- Səhv etmirəmsə, son illərdə bir müddət ölkədən kənarda yaşadınız. Hansı ölkələrdə oldunuz?
- 2019-cu ildə ərizə yazıb öz istəyimlə işdən ayrıldım və uzun illərin gərgin xidməti fəaliyyətindən sonra necə deyərlər, bir az da şəxsi həyatımı yaşamaq üçün “dünya səyahətinə” çıxdım. Nyu-Yorku, Parisi, Belqradı, Amsterdamı, Oslonu, Cenevrəni, İstanbulu, Ankaranı gəzdim. Məşhur Metropolitan, Hindular, Luvr, Topqapı, Tur Heyerdalın “Kon-Tiki”, Niderlandın Milli muzeylərində orijinal şedevrlərə baxdım. Çox gözəllik gördüm, çox yeniliklə tanış oldum, kitabxanalara kitablarımı bağışladım, maraqlı günlər, dəyərli hisslər, duyğular, həyəcanlı anlar yaşadım və nəhayət qayıdıb gəldim.
- Yəqin ki, Vətən üçün darıxdığınıza görə qayıtdınız...
- Yox, mən heç vaxt heç yerdə darıxmıram. Lap əvvəllər bir qələm-dəftər, indi isə bir noutbuk özümlə maraqlı söhbətə yetər. Sadəcə gördüm ki, ən yaxşı yaşamalı yer elə Azərbaycandır! Hər mənada! Yurdumuz gözəl, ölkəmiz barlı-bərəkətlidir! Burda həyat işıqlıdır. Ən dəyərli sərvətimiz isə unikal xalqımızdır. Qanında qədim, zəngin, köklü oğuz-türk mədəniyyətinin yaddaşını yaşadan həssas, humanist, savadlı, ağıllı, düşüncəli, bacarıqlı, çalışqan, qoçaq, həyatı başa düşən, hər işin düzələninə gedə bilən gözəl Azərbaycan xalqı. Lap əyər-əskikləri, çatışmazlıqları, bəzən adamı incidən, bezdirən mental xüsusiyyətləri ilə bir yerdə möhtəşəm xalqdır. Bu günlərdə Bakıda keçirilən COP29 konfransında dünya da gəlib bu möhtəşəmliyi gördü. İştirak etdiyim panel müzakirələrində müxtəlif xarici qonaqların ölkəmiz, xalqımız haqqında necə heyranlıqla, hətta həsədlə danışdığının şahidiyəm. Odur ki, məncə burda oturub hansısa uzaqların xiffətini çəkməkdənsə, elə oturduğumuz yerin qədrini bilib onu daha da gözəlləşdirməyə çalışmaq doğrudur.
- Akif müəllim, yaradıcılıq bioqrafiyanız çox zəngindir. Kino, radio, televiziya, mətbuat, pedaqoqika, elm, ədəbiyyat, publisistika, jurnalistika...Siz yazılarınızın birində jurnalistikanı daş kömür çıxaran şaxtaçıların işindən sonra ikinci ən ağır peşə hesab etmisiniz. Bu qənaətinizin səbəbini bir az açıqlaya bilərsiniz?
- Satira sənətkarlığından dissertasiya müdafiə etdiyim dahi Mirzə Ələkbər Sabirin ibarəsi ilə desək, jurnalistika – “düzü-düz, əyrini-əyri” yazmaq sənətidir, “gördüyü nikü-bədi izhar edən” adamdır jurnalist. Kənardan cəlbedici görünsə də, çox ağır peşədir. Eşitdiyini, gördüyünü ucadan car çəkən, yaxşıya yaxşı, pisə pis deyən adamın həyatı yüngül ola bilərmi?! Jurnalistikanı şaxtaçı əməyi ilə ona görə müqayisə edirəm ki, daş kömür mədənlərində çalışan fəhlələr həyatlarını riskə qoyub, hər an uça bilən yeraltı havasız şaxtalarda ağır şəraitdə işləyib, sağlamlıqlarını itirərək qısa ömür yaşadıqları kimi, əsl həqiqi jurnalistlər də daim risklər altında, stresli həyat yaşayaraq sağlamlıqlarını tez itirirlər. Emosiya və intellektin ifrat sərfiyyatı, zehni işin gərginliyi insan ömrünü əridir... Bu müqayisə təbii ki, zaman və məkandan asılı olmayaraq bütün bəşərə aiddir. Dünyanın hər yerində hər zaman məlumatlı adamlara, ciddi informasiya daşıyıcılarına, ədalət naminə hansısa gizlinləri faş edə bilən, örtülü saxlancları açıb-ağarda bilən adamlara ehtiyatla yanaşıblar. Hətta onları susdurmaq üçün təqiblərə məruz qoyublar. Məgər jurnalistlərin linç edildiyini, zindanlara atıldığını, evinin yandırıldığını, maşınının partladıldığını, tikə-tikə doğrandığını azmı eşitmişik?! Həmçinin konfliktli zonalardan reportajlar hazırlayan, müharibə şəraitində güllə, mərmi, mina, top atəşləri altında insanlara doğru-düzgün, obyektiv informasiya çatdırmağa yollanan jurnalistlərin stressli, qorxulu anlar yaşadığı, media nümayəndələrinin tez-tez gülləyə tuş gəldiyi, minaya düşdüyü, həlak olduğu az qala adi hala çevrilib. Budur jurnalistin həyatı!
- Uzun illər dövlət qulluqçusu kimi çalışmısınız. İşdən ayrıldıqdan sonra çətin olmadı ki?
- Xeyr. Yenə də ömür boyu gördüyüm işlə məşğulam. Yaradıcı, zehni fəaliyyət mənim üçün həyat tərzidir. Bir də ki, mən vəzifə kreslosundan dördəlli yapışıb şəxsi mənafeyim üçün istifadə edənlərdən olmamışam ki, nələrsə əlimdən çıxdı deyə sonradan çətinlik çəkəm. Vəzifədən əvvəl necə yaşamışdımsa, vəzifədə olanda da elə yaşamışam. Xəyalən yox, real olaraq Vətənin, xalqın, dövlətin mənafeyini həmişə özümdən üstün tutub dözmüşəm. “Zəmanə adamına” uyğun gəlməyən həyat prinsipim olub: yaxşı yaşamaq üçün çoxlu pul əldə etməyə çalışmaqdansa, az pulla yaxşı yaşamağa çalışmaq! Sadəcə əvvəllər bunu maaşla edirdim, indi təqaüdlə.
Sizə maraqlı bir detal danışım. Cavan vaxtı AzTV-də “Gənclik” redaksiyasının baş redaktoru olanda yaxın dostum, sənətkar kimi çox təbliğ etdiyim istedadlı aktyor Yaşar Nuri bir dəfə kabinetdə mənə qayıtdı ki, adə, başqası burda bir il baş redaktor işləyəndən sonra əməlli pul yığır, ev alır, maşın alır. Amma sən beş ildir, bu vəzifədəsən, hələ də “skromnu” yaşayırsan. Güldüm, dedim, Yaşar, başqalarından mənə nə, mən - mənəm, onlar da - onlar.
Yadıma gəlir, sonralar Kulturologiya kafedrasının müdiri olanda digər bir yaxın dostum, gözəl qiraət ustası, saf qəlbli Həsən Əbluc da hər yanıma gələndə oturub işlədiyimi görüb, özünə xas mənalı intonasiya ilə deyərdi: “Ay kişiii... Axır bizi düzdə qoydu, bu düzlük!”
Təbii, hökumət aparatında da eyni əqidəylə çalışmışam. Bu mənə atamdan – prokuror, mühüm işlər müstəntiqi, Ali Məhkəmənin üzvü kimi məsul vəzifələrdə vicdanla çalışmış görkəmli hüquqşünas Əli Məhərrəmovdan qalan ən dəyərli miras olub. “İdrak” kitabımda hələ ilk gənclik illərində qələmə aldığım bir qeydim var: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
İnanın, tam 25 il Nazirlər Kabinetində müstəqil Azərbaycan dövlətinə şərəfimlə xidmət etdikdən sonra bir gün heç kimin gözləmədiyi halda ərizəmi yazıb, rəhbərliyə təqdim edəndə, 40 il əvvəl yazdığım həmin cümləni eşitdim. Hamı təəccüblə mənə deyirdi ki, niyə gedirsən?! İnanın, bu, çox yaxşı hissdir. Hətta bir qohum heyrətlə belə demişdi: “Yəqin, Akif birinci adamdır ki, özü ərizə yazıb vəzifəni könüllü tərk edib...” (Gülür)
- Vəzifədə olan Akif Əliyə münasibətlə vəzifədən getmiş Akif Əliyə münasibət arasında çoxmu fərq yarandı?
- Heç bir fərq yaranmadı. Çünki harda işləsəm, həmişə vəzifə mənə yox, mən vəzifəyə qulluq eləmişəm, onun nüfuzunu yüksək tutmuşam, hörmətli saxlamağa çalışmışam. Heç kimə də vəzifə üstünlüyündən baxmamışam, statusundan, böyük-kiçikliyindən asılı olmayaraq, hamı ilə eyni insanlıq müstəvisində sabit münasibət saxlamışam. Yəqin buna görə vəzifəm oldu-olmadı, həmişəki kimi məni sevənlər yenə sevir, sevməyənlər yenə sevmir. Dostlar yenə dostdur, düşmənlər yenə düşmən.
- Sabiq Baş nazir Artur Rasi-zadəni Azərbaycana, xalqa, müstəqil dövlətçiliyimizə son dərəcə bağlı və ölkəyə sədaqətlə xidmət edən nümunəvi məmur kimi tanıdığınızı, Turan sevdalısı olduğunu açıqlamısınız. Onun kimi bir şəxsiyyətin yanında işləmək sizə nələri öyrədib, hansı təcrübələri qazandırıb?
- Öyrənmək istəyənlər üçün Rasi-zadə böyük məktəbdir. Görkəmli dövlət xadimi Heydər Əliyevlə uzun illər çiyin-çiyinə çalışmış yüksək səviyyəli peşəkar və alicənab ziyalı Artur Tahir oğlu haqqında fikrim həmişə sabit olub. Onunla 22 il birlikdə işləyib, ən müxtəlif situasiyalarda bilavasitə yaxından müşahidə edərək, bu qənaətə gəlmişəm. Bilirsiniz, Baş nazir olanda Artur Rasi-zadə haqqında müxtəlif şayiələr yayanlar, mətbuatda hər cür iftira atanlar, yalan yazanlar və yazdıranlar, ictimai rəyi öz çirkin niyyətlərinə uyğunlaşdırmağa çalışanlar olurdu. Baş nazir işlədiyi 21 il ərzində müxalifət qəzetləri hər il onu “vəzifədən çıxarır”, müxtəlif adamları Baş nazir postuna “gətirirdilər”. Əksər hallarda biz bunu kimlərin, niyə təşkil etdiklərini təxmin edirdik. Ancaq Rasi-zadə heç vaxt özünü onların səviyyəsinə endirib, cavab verilməsinə razı olmurdu. Halbuki çox asanlıqla yalan, böhtan yazanları məhkəmədə sənəd-sübutla, faktlarla susdurub, cəzalandıra bilərdi. Rasi-zadə haqqında mənim fikrim kimlərinsə sözünə, yazısına, şər-şəbədəsinə görə yox, öz şəxsi qənaətimə əsaslanaraq formalaşdığı üçün də həmişə mövqeymi açıq bildirmişəm. Əminəm ki, bu nadir şəxsiyyətin yüksək peşəkarlığı, əsil ziyalı mahiyyəti, demokratik baxışları, humanist xarakteri, idarəetmədə dəqiqliyi, konkretliyi və təcrübəsi, ümumiyyətlə, qandan gələn genetik mədəniyyəti hər bir vicdanlı adamı ona qarşı obyektiv mövqe tutmağa sövq edib.
- Artur müəllimlə heç əlaqə saxlayırsınızmı?
- İndi layiq olduğu istirahət rejimini pozmamaq şərtilə, bəli. Son dəfə ötən ay görüşmüşük.
- Bu yaxınlarda Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi seçilmisiniz. Yeni fəaliyyətinizdə uğurlar arzulayıram. Kinosevərlər sizin vaxtilə yaratdığınız “Tütək səsi” filmində “Tapdıq”, “Arxadan vurulan zərbə” filmində “Fazil müəllim” və başqa ekran obrazlarınızı sevə-sevə seyr edib. Kino ilə təkrar bağ qurmağınız yəqin ki, kinoaktyor kimi yaratdığınız həmin parlaq obrazların uğurundan qaynaqlanır...
- Xeyr, Aygün xanım, “kino ilə təkrar bağ qurmağım” heç də təkcə gəncliyimdəki kinoaktyorluq uğurundan qaynaqlanmır. Təbii, bu da əhəmiyyətli faktordur. Mən həmişə çəkildiyim filmlərlə, ekranda yaratdığım obrazlarla fəxr etmişəm. Xüsusən, mükəmməl “Tapdıq” obrazına görə pərəstişkarların tərifini, təqdirini, hətta sevgisini çox eşidib, qürur duymuşam. Ancaq kino ilə əlaqələrim təkcə “Azərbaycanfilm”lə məhdudlaşmayıb, müxtəlif müstəvilərdə davam edib. Kinoda qazandığım dostlarımı həmişə radio-televiziyada verilişlərimə dəvət edirdim. Mərhum sənətkarlar Şahmar Ələkbərov, Hamlet Xanızadə, Səfurə İbrahimova, Yaşar Nuri və başqaları ilə çox səmərəli efir əməkdaşlığımız olub. Mətbuatda daim kinofilmlər, teletamaşalar, sənətçilər haqqında məqalələr, resenziyalar dərc etdirmişəm. “Müasir Azərbaycan kinoaktyorları” adlı kitab yazmışam. Qələmə aldığım saysız-hesabsız radio, televiziya, kino ssenarilərim əsasında populyar verilişlər, teleproqramlar hazırlanıb, bədii-sənədli filmlər, xüsusən, məşhur “Mozalan” satirik kinosüjetləri çəkilib. Yəni, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinomuzun fəxri simalarından biri olan görkəmli kinoaktyor, Xalq artisti Rasim Balayev mənim kino ilə, audio-vizual sənətlə, teatrla, mətbuatla, müxtəlif mədəniyyət sferaları ilə daim əlaqədə olduğumu nəzərə alıb, seçkidə İttifaqın katiblərindən biri kimi təsdiq edib.
- Bu gün maraqlı, baxımlı filmlər çəkilmir. Bu fikirlə razısınızmı? Kinomuzun problemləri çoxdurmu?
- Mədəniyyətin müxtəlif sahələrində olduğu kimi, təbii, kinoda da problemlər var. Haqlısınılz ki, Azərbaycan kinosunun 70-80-ci illərdəki “Qızıl dövrü” ilə müqayisədə bu gün xalqın kütləvi rəğbətini qazanan filmlər yoxdur. Bu, bir çox amillə bağlıdır: kadr potensialı, texniki imkan, vəsait, idarəetmə bacarığı və s. İndi dövlət kinoya əvvəlki illərə nisbətən qat-qat çox vəsait ayırır. Və haqlı olaraq bunun nəticəsini gözləyir. Filmə ayrılan vəsaitin istiqaməti üzrə səmərəli xərclənməsi vacibdir. Yadıma gəlir, “Tütək səsi”nin smeta xərcləri çox da böyük olmayan rəqəmlə ifadə olunurdu. Ancaq kino fədaisi ustad Rasim Ocaqov bu az vəsaitlə əsl şedevr yarada bildi. Sənətdə hər şeydən vacib istedaddır, zövqdür, ideyadır, ideologiyadır, idrakdır, ideallardır, fərqli dünyagörüşü və həyata fəlsəfi baxışdır.
İstedad potensialının qədəri isə əlbəttə, digər amillərlə yanaşı, həm də Tanrı lütfünə bağlıdır. O ki qaldı maraqlı, baxımlı filmlərin çəkilməsinə, yeni nəslin kinematoqrafiya sahəsinə marağının azlığını, yaxud yaxşı film çəkmək istəmədiyini demək olmaz. Axtarışlar var, yeniliyə cəhdlər göstərilir, filmlər çəkilir, festivallara göndərilir, kino təqdimatları keçirilir. Yəni proses gedir. Ümid edək və ümidimizi itirməyək.
- Azərbaycan Kinematoqrafçılar İttifaqında təmsil olunanlara baxanda kifayət qədər peşəkar insanların adını görürürük. Sizcə, yaxın zamanda kino sahəsində müsbət yeniliklərin şahidi ola biləcəyikmi?
- Bəli, Azərbaycan Kinematorafçılar İttfaqının rəhbərliyində təmsil olunan görkəmli sənətkarlar, təcrübəli kino xadimləri var. Onlar kino istehsalının bütün sirlərinə vaqifdirlər. Milli kinomuzun dirçəlişinə təkan vermək, peşəkar məsləhətləri ilə gənc kinematoqrafçılara kömək göstərmək, onlara dəstək olmaq, zəngin təcrübələri ilə milli kinoya münbit şərait yaratmaq missiyasına sadiq insanlardır. Özlərindən asılı olan hər şeyi etməyə hazırdırlar ki, təki Azərbaycan kinosu əvvəlki şöhrətini bərpa etsin.
- Akif müəllim, yenə hansısa bir filmdə çəkilmək istərdinizmi? Məsələn, tarixi bir filmdə maraqlı obraz olsaydı...
- Açığı, bu gözlənilməz suala hazır deyiləm. Xəyallara isə dalmaq istəməzdim. Xoş niyyətlə dediyiniz istiqamətdə konkret təklif olarsa, dəyərləndirməyə çalışaram.
- Vaxtilə televiziyada maraqlı verilişləriniz olub. AzTV-də çox populyar “Aygün” qızlar üçün proqram, “7 sual, 7 cavab” televiktorinası, “Zəriflik” incəsənət toplusu, “Çay, çay, çay” əyləncəli verilişi, “İdrak” elmi-kütləvi proqram, “Teleteatrda gənclər gecəsi” və s. Sonralar da maraqlı müəllif proqramları hazırlamısınız: Mədəniyyət kanalında “Zaman və məkan” intellektual verilişini və İTV-də xaricdəki soydaşlarımıza ünvanlanmış “Vətənin səsi” verilişini tamaşaçılar unutmayıb. Peşəkar bir insan kimi bu gün televiziyalarımızda yayımlanan verilişlərə baxa bilirsinizmi?
- Həqiqətən, vaxtilə özüm də gənc baş redaktor olaraq, gənclik auditoriyasına ünvanlanmış bir çox populyar veriliş hazırlayırdıq. Redaksiyaya ümumi rəhbərliklə yanaşı, həm də saydığınız o baxılan verilişlərin ya ssenari müəllifi, ya aparıcısı, ya da redaktoru olurdum. Fasiləsiz məhsul tələb edən televiziya konveyeri üçün gecə-gündüz çox gərgin işləyirdim. Nə sovet dönəmində, nə də müasir zamanda hazırladığım verilişlərin tamaşaçı problemi olub. O vaxtlar reytinq ölçən cihazımız olmasa da, poçtumuz həmişə dolu olurdu, kisələrlə tamaşaçı məktubu alırdıq.
İndiki televerilişlərə gəlincə, nə gizlədim, təsəvvürlər və dəyərlər çox dəyişib. Mənəvi-intellektual, əxlaqi-mədəni aspektdən dünənlə bugün arasında kəskin dissonans göz qabağındadır. Efirlərə yansıyan həmin fərqli zövq, fərqli keyfiyyət tələbi və zamanımın azlığı səbəbindən verilişlərə çox baxmıram. Dünyanın yüzlərlə nəhəng teleşirkətinin hazırladığı minlərlə tele-proqramın yayımlandığı ekran boyunca hərdən sürətlə aşağı-yuxarı axtarışlar edəndə, arada yerli verilişlərimizə də göz yetirməli olursan. Təbii ki, televiziya da kino kimi çoxspektrli mürəkkəb yaradıcılıq və istehsalat sahəsi olduğu üçün, orda olan tələblər bura üçün də keçərlidir.
- Jurnalist unudulmamaq üçün peşəsini dəyişməlidir, deyirsiniz. Bu, bir az ağır fikir deyilmi?
- Yox, mahiyyətə varanda ağır deyil. Məsələ ondadır ki, jurnalist peşəsinin aqibəti belədir. Jurnalistin təbliğ etdiyi, reklam etdiyi adam məşhurlaşa bilər, hətta tarixin yaddaşına yazılar, kitablarda, mətbuatda əbədiləşər. Ancaq bu zaman jurnalist özü arxa planda qalır, tərifləyib reklam etdiyi, bəzən hətta lazımsız qədər şişirtdiyi bir kimsənin fonunda görünməz olur. Baxın, nə qədər tanınmış, məşhur adam var ki, onların əksəri məhz jurnalistlərin sayəsində tanınıblar, mediada cəmiyyətə təqdim edilib məşhurlaşıblar. Ancaq dünyaya minlərlə jurnalist gəlib-gedib. Mətbuat işçilərindən kimlər kütlənin yaddaşında yaşayır, neçəsi xatırlanır? Beş-on nəfər. Ona görə deyirəm, əgər jurnalist unudulmaq istəmirsə, peşəsini dəyişib başqa sahəyə keçsin, orda uğur qazansın və o yox, onu tanıtsınlar. Bu qədər sadə.
- Vaxtilə jurnalistlər üçün tikilən binadan mənzil ala bilməmisiniz. Sonradan mənzilə olan ehtiyacınızı aradan qaldıra bildinizmi?
- Xeyr, aradan qaldıra bilmədim! Təəssüf ki, həyat belə gətirdi, bu gün kirayədə yaşamaqda davam edirik. Təsirli məqamı xatırlatdınız. Bilənlər bilir, o vaxt, 2017-ci ildə Jurnalistlərin binasından ev almaq üçün sənədlərim yerli-yerində olsa da, siyahıda birinci sıralarda olsam da və haqqım çatsa da, haqqıma girildi, hüququm pozuldu, böyük ədalətsizlik gördüm. Onda təəssüflə düşündüm ki, ömrümün 40 ilini jurnalistikaya həsr edib radioda, televiziyada, qəzetdə ən məsul vəzifələrdə çalışaraq milli mətbuatın, mədəniyyətin inkişafına vicdanla xidmət göstərməyim yəni jurnalistlərin binasından bir otağa dəymədi?! Bundan daha çox təəssüf doğuran başqa məqamlar oldu: illərlə püxtələşən mətbuatdakı peşəkar kadrları dışlayıb, diletantları irəli çəkən, KİV-ləri bazar qaydaları ilə idarə edib medianı “trol” yığnağı ilə hörmətsiz edən bir məmur mənzil bölgüsünü də əlinə keçirib, orda da bazar açdı, Prezidentin səxavətlə jurnalistlərə hədiyyəsindən öz şəxsi mənafeyi üçün istifadə etdi. Bu barədə mətbuatda çox yazılıb, bilirsiniz. Şəxsən mənə gəlincə, adımın siyahıdan çıxarılmasına səbəb kimi elə bir fantastik versiya söylədi ki. Ancaq hadisələrin sonrakı gedişi o məsul vəzifə sahibinin məsuliyyətsizliyini, hətta milyonlar üçün toxunulmaz olan “qırmızı xətti” keçib, rəhbərliyə istinadla dediyi sözlərin də “feyk” olduğunu göstərdi.
Nə isə şəxsi problemim barədə bura qədər bəsdir, təfərrüatı çox açıqlamayım.
- Müsahibələrinizdə belə bir açıqlamanızı oxudum : “Mənə pislik edənlər həmişə haqdan cəzasını alıb”. Pislik edənin cəzasını alması dağılıb-tökülənin yerini doldurmur axı... Yoxsa, sadəcə təsəlli üçün kifayət edir?
- Mən gənclik illərində “Arxadan vurulan zərbə” filminə çəkilsəm də, real həyatda arxadan zərbə vuranları da çox görmüşəm. Onu da görmüşəm ki, başqasına pislik edənlərin mütləq cəzası var. İlahi qüdrət, uca Tanrı gözlərim önündə miskin hala düşən belə nüsxələri dəfələrlə göstərib mənə. O pisliyin süqutuna sakitcə baxıb yoluma davam etmişəm. Bəlkə də siz demişkən, dağılıb-tökülənin yerini doldurmayan cəza sadəcə təsəllidir. Ancaq o pisliklər mənim iradəmi sarsıda bilməyiblərsə, maddi ziyan vursalar da, mənəviyyatıma, mənliyimə və şəxsiyyətimə əsər edə bilməyiblərsə, ömür karvanımı doğru yoldan döndərə bilməyiblərsə, demək, bu, təsəllidən daha çox uğurdur, Tanrının mənə lütfüdür, haqqın, ədalətin təntənəsidir. İnsana layiq ömür yaşamaq elə bu deyilmi? Mən şükranlıqla yoluma davam etmişəm, mənə vurmaq istədikləri zərbənin ağrısını pisliklər özləri çəkib.
- Akif müəllim, sənət adamlarından dostlarınız, çevrəniz var. Eləcə də qələm əhlindən. Həm də məmur kimi keçmişiniz var. Hansı sahənin insanları ilə dostluq etmək, bölüşmək daha rahatdır. Bir az açıqlasam, hansılar daha səmimi, daha güvəniləndir?
- Məncə dostları sosial təbəqələrə bölmək olmaz. Bir adama ki, dost deyirsən, demək, o artıq sənin üçün əzizdir, səmimi və güvəniləndir. Hər adama dost deyilməz. Təbii, mənim də əhatəmdə dostlarım olub, var. Uşaqlıq dostları, məktəb dostları, tələbəlik dostları, işlədiyim müxtəlif sahələrdəki dostlar, qohum-əqraba arasındakı dostlar...
Əsl dostların sayı yox, sanbalı vacibdir. Müxtəlif ölkələrdən, bölgələrdən və sahələrdən olan bütün dostlarımla fəxr edirəm.
- Mətbuatda həmişəki kimi tez-tez yazılarla çıxış edirsiniz. Yeni kitab da olacaqmı?
- Yazı yazmaq mənim həm işimdir, həm də peşəm. Dediyim kimi, bu bir həyat tərzidir. Ömür boyu yüzlərlə, bəlkə də minlərlə irili-xırdalı müxtəlif janrlarda yazılar yazmışam. Elmi, ədəbi, publisistik, satirik, informativ, bədii, rəsmi. Radioda, televiziyada, kinoda, qəzetdə, jurnalda, saytlarda, sosial şəbəkələrdə. Ancaq hələ yazılmayanlar yazılanlardan çoxdur. 2019-da elmi-ədəbi-bədii-publisistik fəaliyyətin müəyyən mərhələsinin yekunu kimi çap etdirdiyim seçilmiş əsərlərdən ibarət “Yaradan” kitabından sonra sayca növbəti 20-ci kitabımın çapı üçün də indi həm yazılıb yığılanlar, həm də yazılacaq materiallar, süjetlər, ideyalar, xatirələr, fikir-düşüncələr bəs qədərdir. Amma və lakin... Türklərin sevə-sevə işlətdiyi ifadə ilə desək, hər şey zamana və paraya bağlıdır. Sağlıq olsun!
- “Ulu Tanrı bu dünyada məntiqdən gözəl bir şey yaratmayıb”. Peyğəmbərin bu sözlərini sevirisiniz. Bu gün cəmiyyətmizdə Tanrının yaratdığı məntiqlə uyğun gəlməyən nələri vurğulamaq istərdiniz?
- Bu müdrik deyimlə ilk dəfə 1993-cü ildə tanış oldum. Mərhum aktyor-rejissor Həsən Əblucla birgə Azərbaycanda ilk dəfə Peyğəmbərin mövluduna həsr olunmuş ədəbi-bədii gecə hazırlayırdıq. Mən həm gecənin ssenarisini yazırdım, həm də Peyğəmbərə həsr olunmuş ədəbi müsabiqə keçirirdim. O müdrik kəlam ona görə dərin mənalıdır ki, Tanrının yaratdığı külli-aləmin dayanıqlığının sirrini agah edir. Bütün kainat, planetlər, yerdəki bitkilər, canlılar, irili-xırdalı hər nə varsa - nizamlı, dəqiq, səlis məntiq əsasında qurulduğunu, ümumi bir enerji sayəsində vəhdətdə olduğunu göstərir. Klassik elm də bu nizamlı bağlılığı sübut edir. Həqiqətən ilahi məntiq üzərində qurulan bütün yaranışlar, bütün varlıqlar gözəldir, mənalıdır, doğru-düzgün və nizam-intizamlıdır. Ancaq bu qlobal kainat enerjisinin əksinə olaraq, Tanrının yaratdığı dəqiq, səlis məntiqdən kənara çıxan hər nə olarsa dayanıqlı və davamlı olmaz. Dəqiq məntiqdən kənar yaradılan “kəşflərin” süni, saxta və elmi əsasdan məhrum, qurama, nizamsız, düzənsiz əlaməçilik mahiyyətini məhz o müqəddəs Peyğəmbər kəlamı ifşa edir: “Ulu Tanrı bu dünyada məntiqdən gözəl bir şey yaratmamışdır!” Qalanı əfsanədir!
- Bir ziyalı kimi bu gün cəmiyyətimizdə baş verən hansı hallar sizi daha çox narahat edir?
- Bilirsiniz, Aygün xanım, ziyalı narahatlığı, hətta narazılığı hər zaman, hər ölkədə, hər cəmiyyətdə olub. İnsan varsa, problem də var. Çünki insanlar fərd olaraq ideal deyil ki, toplumu da ideal olsun. Bütün bəşər tarixi boyunca dahi filosoflar, görkəmli dövlət xadimləri, məşhur sərkərdələr, müdrik fikir adamları ədalətli cəmiyyət arzusunda olublar. Utopik sosialistlərdən - kommunistlərədək, xalqçılardan – demokratlaradək hamı öz mübarizəsinə ədalətli cəmiyyət qurmaq adını qoyub. Hətta faşizm və bolşevizm də öz təbliğatlarında ədalətli cəmiyyət istəklərindən bəhs ediblər. Ancaq hələ ki, dünyanın heç yerində buna nail olunmayıb. Hər ölkənin özünə görə üstün və kəsir cəhətləri var. Əsl ziyalı insanı da içdən narahat edən bax, bu problemli məsələlərdir. Çünki ziyalı xalqın yanında olandır, orda-burda gizlənən yox. Millətin dar məqamında əcnəbi balonlarında seyrə çıxan yox, millət meydanına çıxandır ziyalı. Xeyirlə şərin mübarizəsində şərin yanında yer almayan adamdır ziyalı. Yəni ziyalı narahatlığına səbəb olan məqamlar bir deyil, iki deyil. Məsələn: əsrlər boyu xalqın yaradıb yaşatdığı mənəvi-əxlaqi dəyərlərə etinasızlıq görmək acınacaqlıdır. Mədəniyyət təsisatlarının çöküşünü, zövqsüzlüyün yelpazə kimi açılıb hər tərəfi sardığını müşahidə etmək - kədərlidir. Eynilə haqq-ədalətə göz yumub, pula-paraya ibadət edilməsi. Min illik inkişaf edən cəmiyyətin çağdaş sivil nizam-düzəndən geri çəkilib əski cəhalət girdabına yuvarlanması. Mütaliənin, təhsilin süqutu, biliyin yox, diplomun fetişləşdirilməsi. Adamın bacarığına yox, adamın adamına qiymət verilməsi, diletantın istedadlıya ağalıq etməsi və s. və i.a. Bütün bunlar süni şəkildə şişirdilən saxta “etalon” ziyalılardan fərqli olaraq, əsl həqiqi, vicdanlı, namuslu, səmimi ziyalının ürəyinə yükdür, daşıdığı bəşəri kədərdir, çəkdiyi dərddir, gözlərinə çökən qəmdir. Əlbəttə, bütün bu şərtlərin yükünə dözmək, məhrumiyyətlərinə qatlaşmaq çətindir. Amma ziyalılığın başqa missiyası yoxdur.
- Nəhayətdə Akif Əli hər qaranlıq gecənin işıqlı bir sabahı olduğuna əmindirmi?
- Şübhəsiz. Bu, xeyirlə şərin əbədi çəkişmədə olduğu təzadlar dünyasının qanunudur. Bozalqanlı Aşıq Hüseynin “Gah boşalıb, gah da dolan gördüyü”, sonralar Səməd Vurğunun bu fikri daha cilalı şəkildə - “Bir yandan boşalan, bir yandan dolan” dediyi sirli dünya ağlagəlməz, dərkolunmaz dərəcədə ölçü-biçi, mizan-tərəzi, nizam-düzən əsasında qurulub. Kainat əksliklərin vəhdətidir, hər şeyin iki üzü var, bir əvvəli bir sonu var. Hər qaranın bir bəyazı, hər qaranlığın bir işığı var... Həyatın bu məntiqini bilənlər fələyin zərbələrinə hazır olur, kədərin əkiz qardaşı olan sevincin daim “yan otaqda” gözlədiyini bilir, “pis günün ömrü az olar”, - deyib könlünü kədərə aldırmır. Hər dərdin bir dərmanı, hər qaranlıq gecənin bir işıqlı sabahı olduğuna inanıb dərdə, qəmə səbrlə dözür insan. Hər müşkülün açarı olan səbr - böyük iradə gücü deməkdir! Güclü insan - iradəsi güclü olandır! Heç uzağa getməyək, baxın, Qarabağ işğalının qaranlıqlarına düçar edilən xalqımız necə səbrlə dözdü və iradəsinin gücü ilə ayağa qalxaraq qələbə qazandı, işıqlı sabaha çıxdı! Hərçənd mənfur erməni ömrümüzün 30 ilini aldı, amma böyük Məmməd Araz demişkən, bu da belə bir ömür idi... yaşadıq!
- Maraqlı müsahibə üçün çox sağ olun!