HEKAYƏ
(Olmuş hadisənin motivləri əsasında yazılıb)
Professor Həsən müəllimi universitetdə hamı yaxşı tanıyırdı ki, çox sadə və olduqca təvazökar insandır. Heç vaxt tələbənin imtahan vaxtı tapşırılmasını qəbul etməzdi. Ona görə də universitetin bəzi rəhbər işçiləri onu xoşlamazdı və onun işdən çıxarılmasına daim cəhd edər, yersiz gözümçıxdıya salardılar.
Professor adəti üzrə evdən çıxdı. Qonşularında şəhid ailəsi yaşayırdı, onlara salam verib hal-əhval tutmadan işə getməzdi.
Bu səhər də evdən çıxanda şəhidin oğlunun dükana getdiyini gördü. Uşağı dükana qədər təqib etdi. Uşaq qəssaba yaxınlaşdı, "Anam dedi ki, iki kilo ət versin, yağlı olmasın, sümüyü az olsun... Ehsan süfrəsi üçündür...".
Qəssab ət baltasını əlinə alıb əti doğradı, tərəziyə qoydu: "20 manat!"
Uşaq əlini cibinə atanda çaş-baş qaldı. Pul yox idi... "Əmi gəlirəm, yolda zibil atanda yəqin salmışam yerə, gəlirəm..."' -deyərək uşaq həyəcanla dükanı tərk etdi.
Professor qəssaba yaxınlaşdı:
-Yəqin tanımırsınız... Bu küçə onun şəhid atasının adınadır...
Qəssab başını aşağı dikdi:
-Hə, bilmirdim...
Professor əlini cibinə atdı: -Çətin ki, bu küləkli havada o pulu tapa... Al bu 20 manatı, de ki, burda düşmüşdü, görməmisən...
Qəssab professorun bu hərəkətindən çaşmışdı, -Əmi, deyəsən sizin də sonuncu pulunuzdur, 10 manatını götürün, qalanını özüm ödəyərəm...
Professor imtina etdi:
-Onun atası mənim tələbəm olmuşdu, Şuşada əlbəyaxa döyüşdən salamat çıxmışdı, minaya düşmüşdü...
Professor dükanı tərk edib yola düzəldi. Təxminən üç avtobus dayanacağılıq yolu vardı. Avtobus gəldi, içəri daxil olan kimi cibindəki ödəniş kartını aparata yaxınlaşdırdı, tələb olunan məbləğ yox idi. Yerə düşüb əlini cibinə atdı, karta ödəməyə də pulu yox idi. İş yerinə kimi piyada getməyi qərara aldı...
xXX
Professor universitetin həyətinə daxil oldu. O, axşam evə qayıdanda çörək və kibrit, bir də yataq xəstəsi olan arvadı üçün dərman almalı idi. Ayın ikisi olsa da maaşı gecikdirmişdilər. Düşündü ki, dərsdən çıxanda tanıdıqlarından kim qabağına çıxsa, on manat borc alıb, sabaha qaytarar.
XXX
Professor sonuncu mühazirəsini oxuyub tələbələrlə xudahafizləşdi. Çantasını götürəndə sevimli tələbələrindən birinin auditoriyada nəsə vurnuxduğunu gördü. Düşündü ki, çölə çıxanda ondan 10 manat pul istəsin.
Professor auditoriyadan çıxıb koridorla yavaş-yavaş addımlamağa başladı. Tələbəsi arxadan ona yaxınlaşıb "Professor, olar sizi bir dəqiqə?",-dedi. "Buyur, oğlum...".
-Müəllim, utanıram deməyə, uşaqlar qaçıb getdilər, çantamı axtardım, Əhmədliyə taksi ilə getməliyəm, anam gözləyir, pulumun hamısını günorta yeməkxanada xərcəmişəm. Mənə 5-6 manat verə bilərsiniz? Sabah qaytaracağam...
Professor çətin imtahan qarşısında idi, amma cavabı tapılmaz idi. O, səhər işə gələrkən başına gələn hadisəni danışdı... Tələbə utana-utana professordan aralandı.
Bu vaxt ötən il dərs dediyi tələbələrindən biri onunla qarşılaşdı və salam verib keçəndə professor arxadan onu səslədi... Sonra səhər başına gələnləri ona danışdı... "Oğlum, sabah qaytaracam...", -dedi professor...
Tələbə kənara çəkilib cibindən 100 manat çıxartdı, amma professora 10 manat lazım idi... Tələbə o biri cibini eşələdi və 10 manatı yavaşca professorun ovcuna basdı.
XXX
Professor səhər işə gələndə əmək haqqı kartını yoxladı, aparat göstərdi ki, artıq maaşı köçürülmüşdür... Auditoriyaya çatanda ona zəng gəldi. Rektorun köməkçisi idi. Professorun saat 12-də rektorun qəbulunda olmasını xahiş etdi.
Professor deyilən vaxtda rektorun qəbul otağına daxil oldu, köməkçi içəri girib professorun gəldiyini məruzə etdi. Onu içəri dəvət etdilər. İçəridə isə tədris üzrə prorektor, həmkarların sədri və universitetin hüquqşünası əyləşmişdilər.
Professor içəri daxil olan kimi rektorun qəzəbli baxışları ilə qarşılaşdı:
-Əyləş! Cənab professor...
Professor sakitcə əyləşdi:
-Eşidirəm, cənab rektor...
-Professor, bu nə deməkdir, indi tələbədən, özü də koridorda... Və imtahan komissiyanın fəaliyyət göstərdiyi bir vaxtda pul alırlar???
Professor gülümsəyib dəfələrlə ondan tələbə xahişi edən həmkarlar komitəsinin acıqlı üzünə baxdı...
-Vallah, başa düşmürəm ki...
Həmkarların sədri dilləndi:
-Professor, siz nə dərəcədə məsuliyyət hissini itirmisiniz ki, hətta kameranın altında dayanaraq tələbədən pul alırsınız... Buyurun, görüntülərə özünüz baxın...
Universitetin hüquqşünası yerindən qalxdı:
-Cənab rektor, məncə sənədləşdirib prokurorluğa göndərsək, daha ədalətli və doğru addım atmış olarıq...
Bu sözlər həmkarların sədrinin ürəyindən olduğundan o da "Bəli, cənab rektor, bu biabırçılığa birdəfəlik son qoyulmalıdır...", -dedi.
Professor dərindən ah çəkdi. Nəsə demək istəyəndə rektor onun sözünü kəsdi, üzünü həmkarların sədrinə tərəf çevirib:. -Hanı o əmr, gətir imzalayım, işi aktlaşdırıb göndərin əvvəlcə nazirliyə... Prokurorluğa qoy nazirlik göndərsin.
-Cənab rektor, akt da hazırdır, şahidlər də var, hamı izahat yazıb, professorun pul aldığını təsdiqləyirlər...
Professor susurdu... Onun deməyə sözü var idi, amma bu ədalətsizlər qarşısında özünə sığışdırıb hər şeyi danışmağı rəva görmürdü. O bu düşüncələrdə olarkən birdən ağlına gəldi ki, niyə pul aldığı tələbənin özünün izahatı yoxdur???
-Cənab rektor, bəli, mən etiraf edirəm ki, tələbəm İlkindən pul almışam...
Həmkarların sədri cəld ayağa qalxdı:
-Cənab rektor, görürsünüz, biz daha niyə lazımsız müzakirə edirik? Özü də etiraf edir o bədnam əməlini...
Rektor çaş-baş qalmışdı. Amma fikir verirdi ki, professor pul aldığını etiraf edərkən onun üzündə günahkara xas cizgilər yoxdur:
- Yaxşı, qoy professor sonadək danışsın, onun danışdıqlarını da akta əlavə edin...
Hüquqşünas cəld vərəq və qələm götürüb yazmağa başladı...
Professor əlavə etdi:.
- Necə ola bilər ki, cinayət baş verib, mən günahkar burda, amma zərərçəkmiş tələbənin nə özü var, nə də onun izahatı. Xahiş edirəm, tələbəni də dəvət edin, qoy o da danışsın, iş ədalətli olsun...
Rektor köməkçini kabinetə çağırdı:
-Professordan telefon nömrəsini götür, 200-cü qrup tələbəsi İlkini təcili bura gətirsinlər...
Az keçmiş tələbə rektorun otağına daxil oldu. Rektor həmkarların aktına və hüquqşünasın professorun işdən çıxarılması barədə hazırladığı əmrin layihəsinə baxdı, tələbədən 100 manat pul alındığını bir də dəqiqləşdirdi...
Rektor əsəbi halda tələbəni səslədi:
- Yaxın əyləş, oğlum... Professoru tanıyırsınız?
-Bəli...
-Dünən görüşmüsünüz?
-Bəli... Burda, koridorda görüşdük...
-Aha... Çox yaxşı... Sən professora pul verdin dünən?
Tələbə tutuldu, sakitcə professora baxdı... Professor çantasından çıxardığı telefonuna baxırdı... Qəmgin idi...
-Bəli, cənab rektor...
Bu an həmkarların sədri ilə hüquqşünasın xor ilə dedikləri "Cinayətdir!" kimi səsləri kabinetdə rezonans verdi:
-Bundan artıq nə deyəcək ki, yazıq tələbə...
Rektor tələbədən təkrar soruşdu:
-Deməli, pul vermisən... Nə qədər pul idi və nəyə görə verirdin?
-10 manat idi... Professor mənə danışdı ki....
Rektor dəli olmaq dərəcəsinə gəlmişdi:
-Necə yəni 10 manat?! Professor, tələbə düz deyir?
-Bəli... Mən səhər evdən çıxanda...
Professor səhər başına gələnləri, sonra universitetdəki hadisələri bir-bir rektora danışdı...
-Mən son 20 manatımı tələbəm olmuş şəhid qəhrəmanın oğlunun itirdiyi pulun əvəzinə qəssaba verdim... Tələbəmdən isə 10 manat pul istədim ki, axşam xəstə yatan arvadıma dərman alam, son nəfəsidir...
Rektor professorun nimdaş əyin-başına bir də baxıb sakitcə soruşdu:
-Professor, niyə həmkarların sədrindən yardım istəmirdin, lap 100 manat yazardı...
-İstəmədim, çünki o, məndən neçə dəfədir tələbə xahiş edir ki, qiymət yazım, imtina edirəm...
-Yaxşı, hüquqşünasdan istəyə bilərdin...
-O da məndən dünən üç tələbənin xahişin etmişdi...
-Axı tələbə də sabah bu borcun əvəzinə sizdən xahiş edərdi ki...
Professor sərt baxışları ilə həmkarların sədrinin gözünün içinə baxdı:
-Yox... Mənim tələbələrimin hamısı əlaçıdır...
Rektor başını iki əlinin arasına alıb susdu... Sonra həmkarların sədrinə üzünü tutub dedi:
-Əmri hazırla...
-Hazırdır, cənab rektor...
-Yox, yeni əmr... Sənin də, hüquqşünasın da işdən qovulma əmrini... Cənab prorektor, professora böhtan atıldığına görə hər ikisinin işini prokurorluğa göndərin, qoy hüquqi qiymət verilsin... Sonda: hər ikisinin haqq-hesabı hesablanarkən baş mühasibə deyin hər birindən 1000 manat kəsib professora yazılsın...
Professor etiraz etdi:
-Yox, lazım deyil...
-Niyə? Həyat yoldaşınız ağır xəstədir, onu yaxşı müalicə etdirərsiniz...
-Yox, artıq gecdir... Oğlum telefonuma mesaj yazıb: "Ata, tez gəl evə, anam dünyasını dəyişdi...".
Rektor göz yaşlarını saxlaya bilmədi... Professorun həyat yoldaşı ölümü ilə ərinə qarşı ədalətsiz yol tutanların pulunun onun evinə daxil olmasına imkan verməmişdi...
Asif MƏRZİLİ