...Yol! Bu üç hərfdən ibarət sözü hər kəs bir cür başa düşür, bir cür anlayır. Amma insan zəkasının dərk etdiyi yollar arsaında gözə görünməyən bir yol da var, enişli-yoxuşlu ömür yolu. Başlanğıcı və sonu olan bir yol. Xoşbəxt o kəslərdir ki, bu yolu irəlilədikcə xeyirxah işlər görməyə Allahdan izni olur, özüylə son mənzilə xeyir əməllər daşıyır. Və bu xeyir əməllər axirətə kimi onun daşıdığı yük olur…
O, 1951-ci ilin yanvar ayının 14-də Tovuz rayonunun Cilovdarlı kəndində dünyaya gəlib. 1969-cu ildə Bərdə şəhərindəki 2 saylı rusdilli orta məktəbi bitirib. 1970-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1975-ci ildə universiteti fərqlənmə diplomu ilə başa vurub. Həmin il Leninqrad Dövlət Universitetinin Cinayət Hüququ kafedrası üzrə əyani aspiranturaya daxil olub, 1978-ci ildə isə hüquq elmləri namizədi, alimlik dərəcəsi alıb.
1978-ci ildən 1980-ci ilədək Azərbaycan Respublikası Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda işləyib, sonra iki il Azərbaycan Respublikası Ədliyyə Nazirliyində şöbə müdiri olub.
1982-ci ildən 1992-ci ilədək Ədliyyə Nazirliyində Qanunvericilik İdarəsinin rəisi vəzifəsində çalışıb.
1988-ci ildə Leninqrad Universitetində doktorluq dissertasiyasını müdafiə edərək, hüquq elmləri doktoru, alimlik dərəcəsinə yiyələnib. 1996-cı ildən professordur…
1992-ci ildən 1996-cı ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminalogiya Problemləri İnstitutunun direktoru olub.
1996-cı ildən 2000-ci ilədək müxtəlif ali məktəblərdə hüququn ayrı-ayrı sahələrindən dərs deyib, həmçinin Ali Diplomatiya Kollecində elmi işlər üzrə prorektor vəzifəsində çalışıb.
Son illər davamlı olaraq “Cinayətkarlıq və cəza”, “Cinayət və cəzanın fəlsəfəsi”, “Cəzanın əxlaqiliyi haqqında”, “Ölməz ölüm cəzası” və "Din və cəza" adlı kitablarını yazıb.
Əsərləri dünyanın bir çox xalqlarının – Rus, Türk, İngilis, Çin, Alman, Yəhudi, İtalyan, Qazax, Bolqar dillərinə tərcümə olunub.
Hazırda Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, Azərbaycan Hüquqşünaslar İttifaqının sədri, «FINA» LLP hüquq firmasının prezidentidir. Respublikanın Əməkdar hüquqşünası fəxri adına layiq görülüb. İlham Rəhimov bu yaxınlarda Moskvada keçirilən Rusiya Elmlər Akademiyasının Ümumi yığıncağının qərarı ilə Rusiya Elmlər Akademiyasının akademiki seçilib. ki övladı, beş nəvəsi var…
Bəli, 71 ildir ki, yol gedir. Göründüyü kimi rəsmi tərcümeyi halı çox zəngindir, amma mən bu barədə deyil, çiyinlərində gəzdirdiyi tərcümeyi halından söhbət açmaq istəyirəm. Allah üçün bəndəsinin qazandığı uğular yox, əməlləri əsasdır…
300-dən çox ürəyi qüsurlu uşağın respublikada və Ukraynada əməliyyatını təşkil edib. Təsəvvür edin ki, 300 ailəyə sevinc, 300 insana həyat bəxş edib. Bu savabın qədərini insan yox, yalnız Allah dəyərləndirə bilər.
100 nəfərdən çox insana əmək haqqı verir, deməli 100 evdə qazan qaynayır, övladların üzü gülür. 30 tələbənin illik təhsil haqqını vaxtlı-vaxtında ünvanına ödəyir. Görün, hər il nə qədər imkansız ailə bunu bacarmadığından övladları ali təhsil ocaqlarını tərk etməyə məcbur olurlar. Öz hesabına doğulduğu kənddə tibb məntəqəsi inşa etdirib, Səhiyyə nazirliyinə hədiyyə verib. Buna baxmayaraq, məntəqənin 14 nəfərlik tibb heyətinə illərdir ki, maaş verir. Həmin heyət 7 kəndin əhalisinə xidmət edir. 7 kənd bundan fayda götürür. Məntəqə ən müasir avadanlıqlarla təchiz olunub. Həyətində 20 tonluq su çəni, yanğın əleyhinə 50 tonluq su anbarı tikilib. Artezian quyusu qazdırıb, oradan doğulduğu kəndin 4 istiqamətinə su çəkilib. Su həyatdır, deyiblər…
Putinlə bir elm ocağında ali təhsil alıblar. Elə o vaxtdan da dostluq edirlər. Ötən müddət ərzində dostu dəfələrlə onun qonağı olub, ata-baba yurdu Tovuza kimi gedib çıxıb...
Deyir ki,- Bəli, Putinlə sıx münasibətimiz var. 2001-ci ildə dekabrın 19-da qızımın Moskvada toyu oldu. Yoldaşım ağır xəstə olduğu üçün belə qərar verdik ki, toy orada olsun. Toy üçün “Özbəkistan” restoranını seçdik. Toydan iki-üç gün əvvəl isə Putinlə zəngləşib, onun bağına getdim. Həyat yoldaşı da yanımızda idi. Dedim ki, ayın 19-u toydur, mənim borcum sizi çağırmaqdır, gəlib-gəlməmək öz işinizdir. Açığı, yenicə prezident seçilmişdi və təxminən bilirdim ki, gəlməsə belə, kimisə təbrik üçün toya göndərəcək. Digər tələbə yoldaşlarımı da toya dəvət etmişdim. Putin soruşdu ki, toy harada olacaq? Dedim, “Özbəkistan” restoranında. Sakitcə dedi ki, orada olmuşam, yaxşı yeməkləri olur. Toy günü saat 21:15-də restoranın administratoru yanıma gəlib, qulağıma dedi ki, Putin həyat yoldaşıyla birgə restoranın girişindədir, sizi soruşur. Mən dərhal qarşılamağa getdim. Putin xanımı ilə zala daxil olan kimi bəylə gəlini təbrik etmək istədiyini bildirdi və öz hədiyyəsini yoldaşı ilə birlikdə təqdim etdilər...”
Zaman ötüb keçəcək, illər bir-birini əvəz edəcək. Çoxları unudulacaq, amma İlham Rəhimov öz əməllərində əfsanəyə çevrilib, nəsillərdən nəsillərə ötürüləcək…
Elman Eldaroğlu
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN