Üç ayın üçdə biri arxada qaldı. Nikbin olmağa dəyərmi?!
***
“Uzun illərdir ki, AMEA-nın həqiqi və müxbir üzvləri Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin siyahısı əsasında «seçilirdi»".
Bunu Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor Qafar Cəbiyev “Tezadlar.az”ın AMEA-da baş verənlərlə bağlı sualını cavablandırarkən bildirib.
Professorun sözlərinə görə, ən azı Akademiyada işləyənlər çox yaxşı bilirlər ki, orada seçki anlayışı çoxdan unudulub:
“ Yəni, uzun illərdir ki, AMEA-nın həqiqi və müxbir üzvləri Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin siyahısı əsasında «seçilirdi». Vitse-prezidentlər, akademik katiblər, Rəyasət Heyətinin üzvləri də həmçinin. Özü də qohumluq, tanışlıq, dostluq, yerlibazlıq və dilə gətirmək istəmədiyim bəzi digər «prinsiplər» əsasında. Bu cür yollarla formalaşan AMEA rəhbərliyi sözsüz ki, elə belə də işləməli idi. İnstitut direktorları, direktor müavinləri, şöbə müdirləri, son dönəmdə isə həm də baş direktorlar və icraçı direktorlar da seçki yolu ilə deyil, ixtiyar sahiblərinin tövsiyəsi, xahişi, göstərişi və əmri ilə təyin olunub. Bu təyinatlar zamanı təkcə prosedur qaydaları deyil, həm də işinin peşəkarı olan çoxsaylı alimlərin haqqı, hüququ tapdalanıb. Yəni, naşı və nadanları alimə rəhbər təyin edənlər bilmirdilər ki, bu işlərin sonu fiasko olacaq?!
İstərdim ki, bütün bunlar artıq keçmişdə qalsın. Çox əmin olmaq istərdim ki, belə də olacaq. Bunun üçün irəliyə baxmaq, qarşıdakı hədəflərə doğru hərəkətə keçmək zamanıdır. İlk növbədə isə Prezident Fərmanında göstərilidiyi kimi Akademiyanın yeni Nizamnaməsi hazırlanaraq təsdiq olunmalı, strukturu və işçilərin say həddi müəyyən edilməlidir. Humanitar və İctimai elmlər blokuna aid olan və kimlərəsə vəzifə vermək xatirinə yaradılmış institutların, bölmə, mərkəz və şöbələrin xeyli qismi bağlanmalı, bəziləri birləşdirilməlidir. Akademiya tutduğu vəzifəyə uyğun təhsili olmayan, uzun illər ərzində özünü elmi işçi kimi təsdiqləyə bilməyən təsadüflərdən təmizlənməlidir. Bura hansısa sosial təminat yönümlü qurum deyil, elm ocağıdır. Burada alimlər və gələcəyin tanınan alimi olmaq potensiallı istedadlı gənclər işləməlidir. Amma ötən illərdə olduğu kimi yalnız görüntü xatirinə bəzi kosmetik dəyişikliklər aparmaqla bu vəzifənin öhdəsindən gəlmək olmaz. Onu da nəzərdən qaçırmayaq ki, həftədə, on gündə bir dəfə AMEA-nın Rəyasət Heyətinin köhnə tərkibini toplayaraq ümumi şəkildə «müzakirələr» aparmaqla Prezident Fərmanından irəli gələn çox ciddi vəzifələlərin vaxtında və lazımi səviyyədə icra olunacağını düşünmək ən azı sadəlövhlük olardı. Akademiyada işlərin nə vəziyyətdə olduğunu dərindən bilən bir elm adamı olaraq tam məsuliyyətlə bəyan edirəm ki, Humanitar və İctimai elmlər blokunu təmsil edən təcrübəli, səriştəli və azad fikirli alimlərdən ibarət xüsusi işçi qrupu yaradılmadan Milli Elmlər Akademiyasının Prezident fərmanından irəli gələn tələblər səviyyəsində yenidən formalaşdırılacağı real görünmür”, - Qafar Cəbiyev vurğulayır.
Professor qeyd edir ki, ölkənin elm məbədi hesab edilən Akademiyanın taleyini nə ifrat radikalların, nə də ifrat mühafizəkarların ümidinə buraxmaq olmaz:
-Bir daha xatırladım ki, bu işlərin görülməsi üçün ölkə prezidenti tərəfindən müəyyən olunan üç ayın artıq üçdə biri arxada qalıb. Hə, bir də istefa verib vəzifədən getdiyindən 7 ay keçməsinə baxmayaraq, AMEA-nın H.Cavid prospektindəki binasında akademik Ramiz Mehdiyevin bu qrumun prezidenti olduğunu bildirən lövhə də hələ ki, öz əvvəlki yerində qalmaqdadır. Elə onun komandası da hələ ki, iş başındadır. Bu isə o deməkdir ki, Akademiya hələ də Ramiz Mehdiyevin Administrasiya rəhbəri olduğu dönəmdə cızdığı, 27 ay ərzində AMEA prezidenti olarkən isə daha da «təkmilləşdirdiyi» yol xəritəsi əsasında «işləməkdə» davam edir. Əgər buna da «işləmək» demək olarsa...
Təqdim etdi: Y.MƏMMƏDLİ