Sahibkar Teyyub Abdullayev rayon polis şöbəsinin mayoru Gülmalı Orucovun qanunsuz və səlahiyyət həddini aşma hərəkətindən nazir Vilayət Eyvazova müraciət etdi…

 Xəbər verildiyi kimi, Rusiya-Ukrayna müharibəsi təkcə dünyanın energetika və iqtisadiyyatına ciddi zərbə vurmayıb, həm də dünyada ərzaq buğdasının istehsalı və istehlakında dolaşıqlıq yaradıb. Bu problemlər həm də Azərbaycanda ərzaq buğdasının istehsalında qarşıya yeni və ciddi vəzifələr qoyub. Azərbaycan Prezidenti cənab İlham Əliyev problemlərdən ən az zərərlə çıxmaq üçün 19 iyul 2022-ci il tarixdə «Əzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında» Fərman imzaladı. Bu artıq məsələnin nə qədər ciddi və məsuliyyətli olduğuna bir işarədir.

***

Gəlirik mətləbə: yaxşı, Rusiyanın Ukraynaya qarşı ədalətsiz müharibəsini başa düşdük, bəs Ağcabədi rayon Polis Şöbəsi niyə «Əzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında»  Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2022-ci il tarixli Fərmanını saya salmır, sabotajla məşğuldur? Və polis şöbəsinin mayoru Gülmalı Orucov qanunsuz hərəkəti ilə uzun illərdir buğda və digər kənd təsərrüfatı məhsullarının peşəkar səviyyədə istehsalı ilə məşğul olan fermer Abdullayev Teyyub Əli oğluna əməllicə problem yaradıb. Əslində, aşağıda bəhs ediləcək problem fermerə deyil, hələ də Ermənistanla bitib-tükənməyən müharibənin ağrılarını yaşayan Azərbaycan xalqına yaradılıb.

 Beləliklə, Ali təhsilli sahibkar-fermer, Azərbaycanda hər il təkcə 8 min ton soğan istehsalçısı, eləcə də kartof, taxıl, qarğıdalı və s. vacib kənd təsərrüfatı məhsulları istehsal edən T.Abdullayevin daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciətini təqdim edirik:

Çox hörmətli cənab nazir!

Mən ali təhsilli fermer olaraq, uzun illərdir xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənərək Azərbaycanda tətbiqi ilə kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğulam. Dövlətimizdən indiyədək bir manat da olsun kredit, yaxud hansısa yardım almadan bütün bu işləri öz şəxsi vəsaitim hesabına həyata keçirmişəm. Azərbaycanın Ağdam, Ağcabədi və İsmayıllı rayonlarında torpaq sahələrini icarəyə götürərək hər il arpa, buğda, qarğıdalı, soğan və s. kənd təsərrüfatı məhsullarını istehsal edirəm, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin rəhbər işçiləri də bu fəaliyyətimlə yaxından tanışdırlar.

 Mənim Ağcabədi rayonu ərazisində uzun illərdir icarəyə götürdüyüm torpaq sahəmdə taxıl və soğan əkinim vardır. Ötən il «Azərşəkər» MMC-nin nümayəndəsi əraziyə gələrək qonşuluğumdakı əkin fəaliyyəti ilə məşğul olan vətəndaşlara kompensasiya təklif edərək onların icarəsində olan torpaq sahələrini almaq qərarına gəlmişdir. Mənim icarəmdə olan torpaq sahəsini isə 2008-ci ildə Ağcabədi rayon sakinləri-Həsən və Faiq Kazımov qardaşlarına 30 min dollar pul verərək torpaq üzərində olan əmlaklarla, o cümlədən iki ədəd subartezian quyusunu almışam. İndiyədək həmin torpaq sahəsində yuxarıda qeyd etdiyim kimi, ərzaq buğdası və soğan əkirəm. Adı çəkilən sahədə əkin sahəsi olan rayon sakini M.Cəfərov isə «Azərşəkər» MMC-nin rəsmi nümayəndəsini aldadaraq təklif edilən kompensasiyanı mənim istifadəmdə olan torpaq sahəsinə görə də məndən xəbərsiz almışdır. Mən bununlda bağlı xəbər tutanda Ağcabədi rayon Polis Şöbəsinə şikayət verdim, rayon PŞ-nin İstintaq Bölməsinin müstəntiqi Yusif Məhərrəmov fakt üzrə Ağcabədi rayon Prokurorluğundan daxil olmuş ərizəm əsasında HK-1/-200 saylı materialı araşdırdı. Müstəntiq mənim və şahidlərin izahatlarını araşdıraraq bu qənaətə gəlmişdir ki, məsələ mülki xaraxterli olduğundan məhkəməyə müraciət edilməlidir. Halbuki ortada birbaşa dələduzluq cinayəti var idi. Çünki mənim xəbərim və icazəm, razılığım olmadan icarəmdə olan torpaq sahəsinə görə Mürşüd Cəfərov külli miqdarda kompensasiya almışdır. O, izahatında bunları təsdiq etmişdir.

 

 

 Beləliklə, mən 23 iyun 2022-ci ildə «Azərşəkər» MMC-nə, Ağcabədi rayon İcra Hakimiyyətinə və vətəndaş Cəfərov Mürşüd Muradxan oğluna qarşı mülki iddia qaldırdım. Bakı şəhəri Nizami Rayon Məhkəməsində icraata qəbul olunmuş iddia üzrə artıq 3 dəfə məhkəmə prosesi baş tutub və sonuncu dəfə iş baxılması üçün müvafiq qaydada hazırda Ali Məhkəmənin icraatındadır (Hakimlər kollegiyası: Abidin Hüseynov, Zaur Əliyev və Əhməd Nurməmmədov).

Çox hörmətli cənab nazir!

Dünən Ağcabədidəki əkin altında olan torpaq sahəmdə buğda səpininə başlayan mexanizatorum mənə məlumat verdi ki, sahənin suvarılmasında istifadə olunan subartezian quyularının sökülməsi üçün əraziyə Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları gəlib. Dərhal sahəyə gəldim. Ağcabədi rayon Enerji Satışı İdarəsinin əməkdaşları ilə bərabər söküntü işinə rəhbərlik edən isə Ağcabədi RPŞ-nin mayoru Gülmalı Orucov idi (ad və soyadını sonradan öyrəndim, özünün kimliyini soruşanda rədd cavabı verdi). Mən ərazini hər il olduğu kimi bu il də şumladığımı, Prezidentin çağırışına sahibkar olaraq səs verərək bu il də buğda səpmək üçün hazırluq işlərini gördüyümü, sahəyə gübrə verildiyini və s. onların diqqətinə çatdırdım. Onu da bildirdim ki, məsələ məhkəmə baxışındadır və mənə hər hansı bir qurumdan torpaq üzərində fəaliyyətimi müvəqətti də olsa dayandırmağı bildirən olmayıb. Hətta sonradan adını öyrəndiyim Ağcabədi RPŞ-nin mayoru Gülmalı Orucova cənab Prezidentin ərzaq buğdası ilə bağlı Fərmanını xatırlatdım, dedim ki, mən Türkiyədən baha qiymətə toxum gətirmişəm, əkin yeri də göz qabağındadır, xahiş edirəm, artezianlara dəyməyin. Lakin mayor Orucov «Mənə dəxli yoxdur, sökülməlidir!» deyib dirəniş göstərdi. Mən ondan hansı sənəd, məhkəmə qərarı, yaxud tapşırıq olduğunu sübut edən bir rəsmi sənəd göstərməsini xahiş edəndə Ağcabədi Enerji Satışı İdarəsinin rəsmi şəxsləri də ona bildirdilər ki, yaxşı, gəlin artezianları gərginlikdən ayıraq, sonra lazım gələrsə sökülər. Mayor Orucov kobud surətdə «Get məhkəmə sənədini və Ağcabədi RPŞ-nin müstəntiqinin qərarını gətir, sonra qaytarıb yerinə qoyarıq, indi isə sökülməlidir!», -deyərək özbaşınalıq etdi. Halbuki o, Ağcabədi RPŞ-dən gəlirdi və mübahisəli torpaqla bağlı (hansı ki, mübahisələndirən başqaları yox, mən özüməm) həmin sənədə baxa bilərdi.

 Cənab nazir, beləliklə, bildiyiniz kimi, hazırda payızlıq əkin mövsümüdür. Əraizi şumlanıb, gübrələnib və səpinə hazırlanır. Belə bir məqamda Ağcabədi RPŞ-nin mayoru (özünü təqdim etmədiyi üçün vəzifəsini də dəqiq  bilmirəm) vəzifə səlahiyyətlərini aşaraq mən sahibkarın bütün işini problemə çevirdi. O, bircə gün gözləyə bilərdi ki, mən məhkəmə qərardadlarını və Ağcabədi RPŞ-nin məlum qərarını ona təqdim edim. Axı onu bu əraziyə kim və hansı tapşırıqla göndərmişdi, hələ də müəmmalı olaraq qalır. O, əvvəlcədən mənə məlumat verərdi və mən vəkilimdəki lazımi sənədləri ona təqdim edə bilərdim. Mayor Orucov isə artezianları sökdürüb sonra məndən sənəd istəyir. Bu ə dərəcədə qanuni və ədalətlidir?  

 Cənab Nazir! Sizdən xahişim budur ki, adı çəkilən mayor Gülmalı Orucovun qanunsuz hərəkətinə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə tapşırıq verəsiniz. Axı mən həmin torpaqda uzun illərdir ərzaq buğdası əkirəm və buğda Ağcabədinin un dəyirmanlarına verilir, həmin unun çörəyini isə yəqinki mayor Orucov da yeyir. Mən hansı qanunsuz iş tuturam ki, polis zabiti heç bir qanuni sənəd göstərmədən belə bir özbaşınağıla yol verir???

REDAKSİYADAN: məsələ ilə bağlı Ağcabədi RPŞ-nə zəng vurduq. Təəssüflər olsun, mayor Gülmalı Orucovun nə iş, nə də mobil telefonunu təqdim etmədilər ki, onun da bu hərəkətinin nədən qaynaqlandığına aydınlıq gətirək.

Mövzu diqqətimizdədir. İnanırıq ki, Daxili İşlər Nazirliyinin rəhbərliyi səviyyəsində bu məsələyə aydınlıq gətiriləcək, sahibkarın pozulmuş hüququ bərpa ediləcək.

«Təzadlar»ın Araşdırma Qrupu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN