Festivalın bütün maliyyə xərclərini Azərbaycansevər, türk dünyasında tanınan iş adamı, Professor-doktor  Əli Polad öz üzərinə götürüb...

Bu ilin noyabrın 1-də İranın paytaxtı Tehran şəhərinin Mədəniyyət Mərkəzində İran Aşıqlar Birliyinin təşkilatçılığı ilə Azərbaycandan, İran, Türkiyə, Orta Asiya Respublikaları, Gürcüstan və Rusiyadan olan 400 aşığın iştirakı ilə saz-söz  və aşıq musiqisi bayramı keçiriləcək.

İran Aşıqlar Birliyinin sədri Səlcuq Şahbazi “Təzadlar”a bunları bildirdi:

-Bilirsiniz ki, pandemiya ilə bağlı son iki ildə hər il İranda keçirilən söz-sənət və saz bayramı olan festival keçirilə bilmədi. Amma ənənəvi olaraq hər il bu festival keçirilib və türk dünyasının tarixi keçmişindən süzülüb gələn bir mədəniyyət bayramı kimi yadda qalıb... Nəhayət, bu ilin noyabrın 1-də yenidən bu bayrama ünvan və meydan olacağıq... Məlumat verim ki, bu dəfəki festivalda İranın 28 şəhərindən aşıqlardan ibarət qruplar  çıxış edəcəklər. Möhtəşəm festivalın qruplarının başçılarına və 5 ustad aşıqlarımıza Qızıl diplomlar veriləcək. Festivalın iştirakçıları Həmədan, Xorasan, Qəşqayi türkləri, mərkəz Ərak Türklərinin də Aşıqları qatılacaq. Festivalımızın aşıqlarının çoxu  Təbrizdən, Urmiyədən, Kərəcdən, Savıcbulaqdan, Miyanadan, Əhərdən, Mərən, Xalxal, Ərdəbil, Parsabad, Qaradağ, Zəncan və  Əfşardan, Qumdan, Qəzvindən, Şəhriyardan, Qonbəddən olan aşıqlar  ordusu kimi bir araya gələcək və bütün sazlarımız bir ruha  köklənəcək. Ən vacibi, aşıqlar ordusu ana dilimiz Türk dilində qara sazımızın səsində “Azərbaycan, Azərbaycan!” səsini festival zalından dünyaya hayqıracaq və Azərbaycanlıların sevincini bir daha Asımana qaldıracaq...

Həmsöhbətimizin dəyərli məlumatından bəlli oldu ki, festivalın baş rejissoru İran Aşıqlar Birliyinin Qurucusu və sədri, vətənpərvər söz adamı-ustad Aşıq Səlcuq Şəhbazi özüdür. Ustad söhbətinə bu vacib məqamı da əlavə etdi: “...Sevindirici bir xəbəri dəyərli oxucularınıza çatdırım ki, bu festivalın bütün maliyyə  xərcini çox hörmətli ziyalımız, Profesor-doktor Əli Polad öz öhdəsinə götürdü və əlimizdən- qolumuzdan tutdu, o, biz türk ruhlu Aşıqlara dayaq oldu.... Mən “Təzadlar” qəzetinin rəhbəri, çox hörmətli Asif  Mərzilidən xahiş edərdim ki, Professor- doktor Əli Poladın haqqında bu vacib məlumatı Azərbaycan oxucularına yetirsin. Qoy xalqımız belə böyük bir ürək sahibini, qəlbi Azərbaycanla, Türkiyəmiz və türk dünyası ilə döyünən dahi insanla qürur duysun, onu bir daha yaxından tanısın....”.

Biz də “Təzadlar”ın oxucuları adından Professor-doktor Əli Polada, bu böyük ürək sahibi olan vətənpərvər ziyalımıza gələcək elmi-xeyriyyəçilik fəaliyyətində uğurlar diləyirik.

Sonda bir məqam: festivala hər hansı xarici ölkədən qatılmaq istəyən jurnalistlər bu nömrəyə zəng edə bilərlər: 00989125307906.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN