TOKAY MƏMMƏDOV

(1927-2018) 

Azərbaycanın xalq rəssamı, heykəltəraş Tokay Həbib oğlu Məmmədov 1927-ci il iyulun 18-də Bakıda anadan olub. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi başlayıb, daha sonra kafedra müdiri və professor olub. Müxtəlif illərdə Azərbaycan Rəssamlar İttifaqının İdarə Heyətində məsul vəzifələrdə çalışıb. "Nizami Gəncəvi", "Səməd Vurğun", "Xalq rəssamı Qəzənfər Xalıqov", "Nəriman Nərimanov", "Şirəli Müslümov" və başqa portretlərin, Üzeyir Hacıbəyov, Rüstəm Mustafayev, Motsart, Şopen kimi dahilərin büst portretlərinin müəllifidir. “Şərəf”, “Şöhrət”, "Xalqlar dostluğu" ordenlərinə, Azərbaycan Prezidentinin fəxri diplomuna layiq görülüb. İlk azərbaycanlı heykəltəraş qadın Zivər Məmmədovanın oğlu olan Tokay Məmmədov 2018-ci il mayın 2-də Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

NELSON MANDELA

(1918-2013)

 Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti Nelson Rolihlahla Mandela 18 iyul 1918-ci ildə Trankseydə anadan olub. Kollecdə və hüquq məktəbində təhsil alıb. Hələ gənc ikən ölkədə hökm sürən aparteidə qarşı mübarizəyə qoşulub və Afrika Milli Konqresinin üzvü olub. 1940-cı ildə isə Konqresin gənclər təşkilatına başçılıq edib. Yohannesburq şəhərində Cənubi Afrikada qaradərililərə ilk pulsuz hüquqi məsləhət şirkətini açıb. 1960-cı ildə hökumətin Afrika Milli Konqresinin fəaliyyətinə qadağa qoymasından sonra gizli fəaliyyətə keçib. 1962-ci ildə həbs edilib və ömürlük həbs cəzasına məhkum edilib. Məhbəs həyatı isə nə az-nə çox – 28 il davam edib. 1990-cı ildə azadlığa buraxılıb. 1991-ci ildə Afrika Milli Konqresinin rəhbəri, 1994-cü ildə isə 75 yaşında ölkənin ilk qaradərili prezidenti seçilib. Xidmətlərinə görə Nobel sülh mükafatı alan Nelson Mandela 2013-cü il dekabrın 5-də Yohannesburq şəhərində dünyasını dəyişib.

 AZADƏ RÜSTƏMOVA

(1932-2005)

 Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Azadə Cəfər qızı Rüstəmova 1932-ci il iyulun bu günü Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib, keçmiş SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspirantı olub. AMEA Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb. 15-dən artıq kitabın, 300-ə qədər məqalənin müəllifidir. "Şərəf Nişanı" ordeni ilə təltif edilən Azadə Rüstəmova 2005-ci il aprelin 19-da Bakıda vəfat edib.

 YEVGENİ YEVTUŞENKO

(1932-2017)

Məşhur rusiyalı şair Yevgeni Yevtuşenko 1932-ci il iyulun 18-də İrkutsk şəhərində anadan olub. İlk şeiri 1949-cu ildə çap olunub. Stalin sonrası dövrün ən populyar şairlərindən sayılıb. Şairliklə yanaşı roman yazarı və aktyor kimi də tanınıb. Dəfələrlə xarici səfərlərdə olub, Qərbdə əsərləri dərc olunub. "Babi Yar" onun Qərbdə ən çox tanınan şeiridir. 1963-cü ildə ədəbiyyat üzrə Nobel mükafatına namizəd olub. Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasovaya “Örpək” adlı şeir həsr edib. 1991-ci ildə ABŞ-a köçdükdən sonra Oklahoma ştatının Tulsa Universitetində işləyib. Yevgeni Yevtuşenko 2017-ci il aprelin 1-də Tulsa şəhərində dünyasını dəyişib.

 MEHMAN YUSİFOV

(1979-2020)

 Şəhid Mehman Musa oğlu Yusifov 18 iyul 1979-cu ildə Tovuz rayonunun Bayramlı kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Baş gizir Mehman Yusifov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

 FƏRİD ƏLƏKBƏROV

(1980-2020)

 Şəhid Fərid Tahir oğlu Ələkbərov 1980-ci ilin bu günü Bakı şəhərində anadan olub. Türkiyə İstanbul Kuleli Askeri Liseyində, Ankara Kara Harp Okulunda, İsparta Dağ Komando Məktəbində və Polatlı Topçu Məktəbində təhsil alıb. 2013-cü ildən Heydər Əliyev adına Hərbi Akademiyada baş müəllim və baş zabit vəzifələrində çalışıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Mayor Fərid Ələkbərov noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 NATİQ MƏMMƏDBƏYLİ

(1993-2020)

 Şəhid Natiq Vahid oğlu Məmmədbəyli 1993-cü il iyulun 18-də Xəzər rayonunun Şağan qəsəbəsində anadan olub. 2011-2013-cü illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Natiq Məmmədbəyli oktyabrın 20-də Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu qəsəbədə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

 İBRAHİM RÜSTƏMLİ

(1993-2020)

 Şəhid İbrahim Mirzəağa oğlu Rüstəmli 18 iyul 1993-cü ildə Zərdab rayonunun Şahhüseynli kəndində anadan olub. 2011-2013-cü illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər İbrahim Rüstəmli noyabrın 4-də Xocavənd döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

 UĞUR İSMAYILZADƏ

(1995-2020)

 Şəhid Uğur Hidayət oğlu İsmayılzadə 1995-ci ilin bu günü Yevlax rayonunun Qaramanlı kəndində anadan olub. 2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Uğur İsmayılzadə oktyabrın 16-da Ağdərə döyüşləri zamanı şəhid olub və Yevlax Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 AQİL İSMAYILOV

(1996-2020)

 Şəhid Aqil Əli oğlu İsmayılov 1996-cı il iyulun 18-də Şərur rayonunun Çomaxtur kəndində anadan olub. Çəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Leytenant Aqil İsmayılov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub və Şərur rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

GÜLOĞLAN QƏDİMOV

(1997-2020)

Şəhid Güloğlan Nurəddin oğlu Qədimov 18 iyul 1997-ci ildə Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Leytenant Güloğlan Qədimov elə həmin gün şəhid olub. Uzun müddət sonra tapılan nəşi dekabrın 12-də Şərur rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 TƏBRİZ ƏSGƏROV

(1997-2020)

 Şəhid Təbriz Çapay oğlu Əsgərov 1997-ci ilin bu günü Kəngərli rayonunun Xok kəndində dünyaya göz açıb. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Təbriz Əsgərov noyabrın 8-də Şuşanın döyüşləri zamanı şəhid olub və Naxçıvanda torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 FAZİL MƏMMƏDLİ

(1998-2020)

 Şəhid Fazil Razim oğlu Məmmədli 1998-ci il iyulun 18-də Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub. 2016-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Fazil Məmmədli oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub və Ağstafa rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 HAFİS QASIMOV

(1998-2020)

Şəhid Hafis Cavanşir oğlu Qasımov 18 iyul 1998-ci ildə Culfa rayonunun Camaldın kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Leytenant Hafis Qasımov oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub və Culfa rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 MƏTLƏB ƏLƏSGƏROV

(1999-2020)

 Şəhid Mətləb Vüqar oğlu Ələsgərov 1999-cu ilin bu günü Ağstafa rayonunun Köçəsgər kəndində anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Mətləb Ələsgərov oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Ağdamın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 BALAŞ CƏFƏROV

(2002-2020)

 Şəhid Balaş Namiq oğlu Cəfərov 2002-ci il iyulun 18-də Abşeron rayonunun Hökməli qəsəbəsində anadan olub. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Balaş Cəfərov oktyabrın 10-da Füzuli döyüşləri zamanı şəhid olub. Uzun müddət sonra tapılan nəşi dekabrın 23-də doğulduğu qəsəbədə torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 ORXAN DƏNZİYEV

(2002-2020)

 Şəhid Orxan Mübariz oğlu Dənziyev 18 iyul 2002-ci ildə Lerik rayonunun Laman kəndində anadan olub. Bakı Biznes və Kooperasiya Kollecində təhsil alıb. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Orxan Dənziyev oktyabrın 12-də Ağdam istiqamətində şəhid olub və Lerik rayonunda dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 BEHBUD XAN CAVANŞİR

(1877-1921)

 Azərbaycanın görkəmli dövlət xadimi Behbud xan Azad xan oğlu Cavanşirin anım günüdür. O, 1877-ci ildə Qarabağın Tərtər nahiyəsinin Azad Qaraqoyunlu kəndində doğulub. Tiflis real məktəbində, Almaniyada Freyberq Dağ-Mədən Akademiyasında təhsil alıb və akademiyanı fərqlənmə diplomu ilə bitirən ilk azərbaycanlı olub. Bakının neft sənayesində mühəndis kimi çalışıb, “Difai” partiyasının qurulmasında iştirak edib, “Nicat” Cəmiyyətinin və “Rus Texniki Cəmiyyəti”nin üzvü olub. 1917-ci ildə Müsavat Partiyasına daxil olub və Xalq Cümhuriyyətinin qurucuları sırasında yer alıb. Gəncədə Fətəli xan Xoyskinin yaratdığı hökumət kabinetində daxili işlər naziri, sənaye və ticarət naziri vəzifələrində çalışıb. 1919-cu ildən "Dəyanət" kommersiya şirkəti açıb və xarici ticarətlə məşğul olub. Behbud xan Cavanşir 1921-ci ilin iyulunda İstanbuldakı “Pera Palas” hotelinin qarşısında erməni terrorçusu Misak Torlakyan tərəfindən qətlə yetirilib. O, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsidir.

 ƏLİ SULTANLI

(1906-1960)

 Ədəbiyyatşünas, pedaqoq, filologiya elmləri doktoru, professor Əli Abdulla oğlu Sultanlının xatirə günüdür. O, 1906-cı il dekabrın 25-də Naxçıvan şəhərində bənna ailəsində anadan olub. İlk təhsilini Naxçıvanda alıb, 1923-cü ildə Naxçıvan Müəllimlər Seminariyasına qəbul olunub və 1928-ci ildə oranı bitirib. Bir müddət «Şərq qapısı» qəzetində ədəbi işçi vəzifəsində çalışıb. Sonradan təhsilini Bakı Mərkəzi Pedaqoji Texnikumunda və Azərbaycan Dövlət Universitetinin dil-ədəbiyyat fakültəsində davam etdirib. 1934-39-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun prorektoru, Dil və ədəbiyyat fakültəsinin dekanı olub. 1941-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Universitetinin Qərbi Avropa ədəbiyyatı tarixi kafedrasına rəhbərlik edib. “Əmək igidliyinə görə” medalı ilə təltif edilib. Əli Sultanlı 1960-cı ilin iyulunda Bakıda vəfat edib.

 HÜSEYN HƏSƏNOV

(1932-1995)

 Azərbaycanın Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi Hüseyn Heydər oğlu Həsənov da bu gün xatırlanır. O, 1932-ci il oktyabrın 19-da İrəvan şəhərində doğulub. Azərbaycan Dövlət Universitetinin Biolo­giya fakültəsində təhsil alıb. Azərbaycan SSR EA-nın Fiziologiya sekto­runda laborant, aspirant, kiçik elmi işçi, Fiziologiya İnstitu­tunda elmi işlər üzrə direktor müavini və direktor vəzifələrində çalışıb. 300-dən çox elmi əsərin, 5 mono­qra­fiyanın və 1 dərsliyin müəllifidir. Onun elmi rəhbərliyi və iştirakı ilə yad­daşın neyrokimyəvi və neyrofizioloji mexanizmləri, beynin tənzimləyici sistemləri haqqında yeni elmi dəlillər əldə edilib. “Şanlı əməyə görə” medalı, “Şərəf nişanı” və “Fəxri nişan” ordenləri ilə təltif edilib, elm və texnika üzrə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb. Hüseyn Həsənov 1995-ci il iyulun 18-də Bakıda vəfat edib.

 HÜSEYNBALA ƏLİYEV

(1918-1941)

 İkinci Dünya müharibəsində şücaət göstərmiş azərbaycanlı döyüşçü-təyyarəçi Hüseynbala Balaəli oğlu Əliyevin anım günüdür. O, 25 noyabr 1918-ci ildə Bakının Pirşağı qəsəbəsində anadan olub. "Qırmızı dəmirçi" fabrik-zavod məktəbində və Yeysk Hərbi Dəniz Aviasiyası Məktəbində təhsil alıb. Baltik Donanmasının Hərbi Hava Qvvələri tərkibində Tallinn və Leninqradda xidmət edib. Qırıcı təyyarəçi kimi 49 döyüş uçuşu keçirib. 1941-ci il iyulun 18-də düşmənin üç "Yunkers-88" təyyarəsi ilə döyüşə girib və qəhrəmancasına həlak olub. Leytenant Hüseynbala Əliyev ölümündən sonra "Lenin" ordeni ilə təltif edilib. Xalq şairi Məmməd Rahimin "Leninqrad göylərində" poeması ona həsr olunub, həmçinin haqqında film çəkilib və adına küçə verilib.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN