Hər yerdə özünü cənab İlham Əliyevin sinif yoldaşı təqdim etməklə etdiyi qanunsuzluqlara haqq qazandırmaq istəyən hakim nə düşünür?
Bəraət hökmü çıxaracağı barədə söz vermiş hakimin istəyini yerinə yetirən və qanunsuz həbs edilən Rüstəm Bayramovdan fərqli olaraq, hakim M.Xankişiyev sözünə niyə əməl etməyib?
Qəzetimizin və saytının bir neçə sayında Ağcabədi rayonunun sabiq icra başçısı Münsif Səfərovun və Ələt qəsəbə sakini Rüstəm Bayramovun durduğu yerdə şərə düşdüklərini və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin onların başına açdığı müsibətlər barədə yazılar vermişik. Məlum olduğu kimi Maştağa qəsəbəsi 285 saylı bağ evi ünvanında qeydiyyatda olan Sərabi Mənsur Rəhman oğlu guya M.Səfərov onun evini banka qoyaraq 79 min pul götürərək mənimsəyib. Ancaq məhkəmədə nə bankın adı var, nə də onunla bağlanan müqavilə. Havadan deyilmiş sözlərlə, heç bir dəlil, sübuta əsaslanmayan hakim M.Xankişiyev məhkəmə tarixində bir ilkə imza atıb. Yəni bankın adı və müqaviləsi olmadan vətəndaşı günahkar çıxararaq, həmin pulu, belə şər və böhtanla bir neçə nəfəri cəzalandırmış Sərabi Mənsura verilməsi haqqında qərar çıxarıb. Üstəlik evinin sənədləşməsinə kömək etməkdə vasitəçi olmuş Rüstəm Bayramovu da tutdurmuşdur.
Maraqlıdır ki, hakim Mirzə Xankişiyevin “qəhrəmanlığı” və qanunlara arxa çevirməsi sayəsində Münsif Səfərov durduğu yerdə külli miqdarda ziyana düşüb. Bu işdə hakimin köməkçiləri Habil və Elçin də böyük rol oynayıblar. Yəni hakim M.Xankişiyev pulların alınmasını köməkçisi Habilin əli ilə həyata keçirib. M.Xankişiyev sən demə, guya prezident cənab İlham Əiliyevin sinif yoldaşı imiş. Ona görə də bu qədər qanunsuzluğa gedirmiş. Amma 1954-cü il təvəllüdlü M.Xankişiyev 1961-ci il təvəllüdlü prezident cənab İlham Əliyevlə necə sinif yoldaşı ola bilər? Nəzərə alsaq ki, hakim M.Xankişiyev Ağcabədinin Boyat kəndində, prezident cənab İlham Əliyev isə Bakıdakı 6 saylı məktəbdə oxuyub, onda xoruzun quyruğu görünməyə başlayır. Görəsən, hakim M.Xankişiyevi nə vadar edib ki, hər yerdə prezident cənab İlham Əliyevlə sinif yoldaşı olduğunu bildirir. Yəqin ki, adiyyəti qrumlar bu məsələ ilə ciddi maraqlanacaqlar. Prezidentin adından sui-istifadənin hansı məsuliyyət daşıdığını isə yəqin ki, hakim M.Xankişiyevə xatırlatmağa ehtiyac yoxdur. Daha bir maraqlı məqam ondan ibarətdir ki, tərəfini saxladığı Sərabi Mənsurun yuxarıda göstərilən hər iki şəxsdən heç bir şikayəti və tələbi olmadığını notarial qaydada təsdiq edərək hakimə təqdim etməsi, yenə də M.Xankişiyevi qanunsuz əməllərə yol verməkdən çəkindirməyib.
S.Mənsur 02.03.2018-ci ildə Bakı şəhəri 21 saylı və 23.04.2019-cu ildə 5 saylı notariat kontorlarında Rüstəm Bayramov və Münsif Səfərovdan heç bir şikayəti, tələbi olmadığını bildirən ərizəsini təsdiqlətmişdir. 21 saylı notariusda təsdiq olunmuş ərizəsində M.Sərabi yazır: “Bildirirəm ki, Bayramov Rüstəm Ərəstun oğlu, Səfərov Münsif Məmməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsəm. Bu cinayət işi üzrə mənə dəymiş zərər tam ödənilmişdir. Odur ki, bu şəxslərə qarşı heç bir şikayətim və tələbim yoxdur. Ona görə də xahiş edirəm ki, ərizəmi nəzərə alasınız.”
Belə bir hüquqi sənəd hüquqşünas hakim Mirzə Xankişiyevə sərf etməyib. Ona görə də həm yerlisi, həm də uzaq qohumu olan və Ağcabədinin sabiq icra başçısı Münsif Səfərovu nədənsə, bir az da süründürmək qərarına gəlib. Bu məqsədlə hər iki şəxsdən heç bir şikayəti və tələbi olamadığını notarial qaydada təsdiq etdirən Sərabi Mənsuru yolundan nətəhər döndərirsə, bu adam yenidən iddia qaldırır ki, bəs M.Səfərovun ona 6 min borcu var. Bəs onda notariusda təsdiq olunan nə idi? Axı orada açıq aydın yazıb ki, onun R.Bayramov və M.Səfərovdan heç bir şikayət və tələbi yoxdur. Hələ üstəlik hakimlə birləşib R.Bayramovu yenidən həbs etdirmək istəyir. Elimizdə bir adət var, adam verdiyi sözü axıra qədər yerinə yetirər. İndi iddia olunur ki, hakim M. Xankişiyev R.Bayramova bəraət vermək üçün onun xanımından 20 min manat pul alıb. İndi isə daha əlavə pullar almaq üçün R. Bayramovla M.Səfərovu məhkəmə yollarında get-gələ salıb. İndi isə, məlum olur ki, verdiyi sözə əməl etməyərək, yəni R.Bayramova bəraət vermədiyi üçün, ər-arvad verdikləri 20 min manat pulu geri qaytarmaq üçün prezidentə, birinci xanıma bir çox dövlət orqanlarına və surəti qəzetimizə ünvanlanmış müraciət imzalayıblar. Bu müraciətdə hakim M.Xankişiyev tərəfindən törədilən qanunsuzluqlar tam çılpaqlığı ilə açılır. Ona görə də R.Bayramovla xanımı Ağcagül Bayramovanın müraciətlərini, nöqtə-vergülünə toxunmadan, olduğu kimi təqdim edirik. Müraciətdə səslənən fikirlər redaksiyanın mövqeyi deyil.
Azərbaycan Respublikası prezidenti
cənab İlham Əliyevə
Azərbaycan Respublikası birinci vitse-
prezidenti hörmətli Mehriban xanım
Əliyevaya
Azərbaycan Respublikası baş
prokuroru cənab Zakir Qaralova
Azərbaycan Respublikası Ədliyyə naziri
Məhkəmə Hüquq Şurasının sədri cənab
Fikrət Məmmədova
Azərbaycan Respublikası prezidentinin
Hüquq şöbəsinin müdiri cənab Fuad
Ələsgərova
Azərbaycan Respublikası Milli Məclisin
Hüquq komitəsinin sədri cənab Əli
Hüseynliyə
Surəti: “Təzadlar” qəzeti redaksiyasına
Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ev 22, mənzil 19 ünvanında qeydiyyatda olan Bayramova Ağcagül Tanrıverdi qızı tərəfindən
Müraciət
Mən hörmətli prezidentimiz cənab İlham Əliyevə, birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya, baş prokuror cənab Zakir Qaralova, Ədliyyə naziri Fikrət Məmmədova, məhkəmə hüquq şurasına ərizə yazıb hakim Mirzə Xankişiyevin etdiyi qanunsuzluqlar barədə bildirmişəm ki, il-yarım xəstə həyat yoldaşımı boş boşuna heç bir iş aparmadan, apar-gətir oyunları oynayıb, zalda tək özləri olub, xeyli hədə qorxular və lağ etməklərdən sonra 16 yanvar 2018ci il tarixində saat təxminən 11-12 radələrində Mirzə Xankişiyev zalda deyib ki: "Habil sənə lazım olanları başa salacaq, o dediklərini təcili etməyin lazımdır, cəmi bir həftə vaxtın var. Əgər olmasa 8 il işin hazırdır." Habil (Mirzənin köməkçisidir) Rüstəmə yaxınlaşıb deyib ki, təcili pul düzəldib vermək lazımdır, çünki Münsif Səfərovla dalaşıblar, ona görə onlara deyə bilmirik və bunu hazırda yalnız sən həll edə bilərsən. Məbləğ ikisininki bir yerdə 30 min manatdır. Ancaq biz 20 minə düzəldərik. Çünki onlar dost olublar, ona görə aşağıya həll edəcəklər. Rüstəm ona pulunun olmadığını və hər ikisinin günahsız olduğunu bildirib. Ancaq o dirənibdir ki, əgər olmasa 8 il getdin. Adama 10 min versəniz, hərənizin işini ayırıb, tək baxıb buraxarıq. Habil eyni zamanda bu 20 min manatın özlərinin olduğunu bildirib, əlavə 45 min manat da Mənsur Sərabiyə verilməlidir deyib. 15 min manat əvvəlcədən verildiyinə görə bunu da versin ki, ittihamda yazdıqları 60 mini də dəymiş ziyan kimi ödənildiyi üçün sizi buraxıb bu işi tam xitam verib bağlayaq. Rüstəm isə bildirib ki, biz əvvəldən düzünü deyirik ki, heç kimdən pul almamışıq, mənim bu böhtanla yalandan həbs olunmağıma görə, Münsif müəllim 15 min manat pul verib, 2 mart 2018-ci il tarixində 45 min manat da Mənsura verib. 60 min ödədiyi üçün 21 saylı notariat kontorunda Mənsur Sərabidən "mənə dəyən zərər tam ödənildiyi üçün Bayramov Rüstəm və Səfərov Münsifdən əlavə heç bir şikayətim və tələbim yoxdur" haqqında notariusun möhürlü təsdiq olunmuş ərizəsini alıb gətirib və hakim Mirzə Xankişiyevə verib. Habil deyib ki, bilirəm ona verdiyini, ancaq hakim Mirzə o ərizəni işə tikmir, deyir ki, əlavə 45 min manat pulu da gətirib bizim yanımızda verməlidirlər. Elə Münsif müəllimlə dalaşmaq səbəbləri də buna görə olubdur. Habil Rüstəmə " sən onların işinə qarışma, mən özüm bütün işləri qaydasına salacam, ona görə dediklərimi tecili həll etməlisən" tapşırığını verdi və əlavə bildirdi ki, onsuz da hamı bilir ki, Mirzə Xankişiyev heç kimi saymır, heç kimdən də qorxmur, çünki, o prezident İlham Əliyevlə orta məktəbdə 1-ci sinifdən birlikdə oxuyublar və qardaş kimi yaxındırlar. Bilin ki, bu yaxınlarda onu sədrtəyin edəcəkdir. Bunu burada hamı bilir, sən də bil və o kişiyə də başa sal ki, gecikmədən bu işi tez həll edin (sonradan bildik ki, bu yalandır, çünki Mirzə 1954-cü il təvəllüddür və Ağcabədi rayonunun Boyat kəndində orta məktəbdə oxuyub. Cənab Prezident isə 1961-ci il təvəllüddür, orta məktəbi 6 saylı məktəbdə oxuyubdur).
Habil sonra tapşırdı ki, biz Münsifgildən pul almarıq. 20 minin hamısını sən gətirsən alıb hər ikinizi qurtararıq. Bunların hamısını Rüstəm olduğu kimi mənə dedi; " Münsif müəllimə de ki, mən artıq dözə bilmirəm, olmasa məcburam özümə qəsd edəm. Mən bütün bunları olduğu kimi and verib Münsif müəllimə yalvardım. O bildirdi ki, mənim pulum yoxdur, ancaq sizə görə qohumlara üz tutub yenidən xahiş edərəm, üçünüz də xəstə adamlarsınız. Düzəldib verərəm, təki Rüstəmi buraxsınlar. O, pulu çox çətinliklə tapıb göndərdi. Biz 20 min manat pulu Habilə çatdırdıq və növbəti həftə Rüstəmi buraxıb 2 il şərti iş verdilər. Təxminən bundan 2-3 ay sonra Habil dedi ki, ancaq 45 min manatı Münsif müəllimin qohumları bizim əlimizlə Mənsur Sərabiyə versinlər. Bütün bunları onlar hansı qaydada dedilərsə o cür də həll etdilər. 20 min manatı Habil ilə Mirzə bizdən alandan sonra bəraət əvəzinə Rüstəm kimi ona da eyni qərar verdilər. 45 min manat pulu da təkrar 2-ci dəfə əvvəl 21 saylı notariat kontoru pulu alandan sonra Mənsur Sərabinin yazıb xahiş edib şikayət etmədiyi barədə olan ərizəni Mirzə Xankişiyev alıb işə tikmək əvəzinə öz kassasında 13 ay saxlayaraq, 2-ci dəfə təkrar, 5 saylı notariat kontorunda əlavə 45 min pulu alıb əvvəl aldığı 15 min manatla birlikdə iddia ərizəsində şərləyib tələb etdiyi 60 min manatın tam ödənilməsini göstərib, " mənə dəyən ziyan tam ödənildiyi üçün Səfərov Münsif Məmməd oğlundan əlavə heç bir iddiam və tələbim yoxdur" məzmununda 23 aprel 2019cu il tarixində 5 saylı notiariat kontorunun möhürlü və imzalarla təsdiq edib verilən ərizəni alıblar. Bütün bunlardan sonra Rüstəm və Münsif müəllim Apelyasiya şikayəti verdikləri üçün Mirzə Xankişiyev buna görə yenidən məlum qalmaqalları salmaq üçün dalbadal 2 notariat kontorlarında hər ikisində pul aldıqdan sonra "mənə dəyən zərər tam ödənildiyi üçün əlavə heç bir şikayətim və tələbim yoxdur" yazıb imzalayıb notarioat tərəfindən möhürlənib təsdiq edilən rəsmi sənəddən 20 gün, bunların Apellyasiya şikayətindən 3 gün sonra yenidən Mansur Sərabiyə yalandan istintaqda və məhkəmədə adı çəkilməyən, ərizəsində-ifadəsində, ittiham aktında və məhkəmə qərarında heç bir yerdə və heç bir vaxt adı hallanmayan təzə böhtan əlavə 6 min də iddia ərizəsi yazıb bunların yazdığı Apelyasiya şikayətinə mane olmaq məqsədi ilə Mansur da Apelyasiya şikayəti bəhanəsi ilə ərizə vermişdir. Hətta, o dərəcəyə əl atıblar ki, bu qədər yüksək miqdarda 20 min manat özləri üçün, Mansur Sərabi üçün də 15 min manat əvvəl verilən puldan sonra, 2 dəfə də 45 min manat, bununla Mansur cəmi 105 min manat aldıqdan sonra özləri əvvəl dedikləri bəraət qərarı yox, hər ikisinə şərti iş verdikləri qərarın əleyhinə Apelyasiya şikayəti verdikləri üçün heç bir vaxt heç kimin etmədiyi axırıncı qanunsuzluğu da edərək 20 gün əvvəl notariat kontorunda Mənsurun pul aldığı zaman öz imzası ilə təsdiq edib verdiyi barışıq ərizəsini indi də imtina etmək qərarına gəliblər. Hansı ki, pul aldığı üçün notariusda imzalanıb verilən ərizə, vəkalət deyil ki, müddətli verilsin və vaxtı bitdiyi üçün imtina olunsun. Bunun isə pul aldığı üçün verdiyi ərizə müddətsiz, daimi olduğuna görə ləğv edilə bilməz. Yəqin ki, Mansur kimi işverən, bu sahə üzrə (eyni qaydada bir neçə adamdan şikayət verməsi məlum olan) peşəkar böhtançının haqqında bu hərəkətdən sonra hazırki islahat vaxtı havadarları ilə birlikdə yəqin ki, onlara da cinayət işi qaldırarlar. Mən hər iki əlimdən iki dəfə Heydər Əliyev fondunun hesabına təmənnasız olaraq şəxsən birinci Vitse Prezidentimiz Mehriban xanım Əliyevanın göstərişi ilə əməliyyat olunmuş bir əlil kimi, 3 ildir çəkdiyimiz əzab-əziyyəti, onların da bu çətin günləri görmələrini dövlətimiz tərəfindən olacağına inanıram.
Ona görə, bütün bunları nəzərə alıb bizi aldadıb 20 min manat pulumuzu alan Mirzə Xankişiyev və Habil Əliyevdən bizi aldadıb bəraət adı ilə aldıqları pulu qaytarılmasına və xəstə həyat yoldaşım Rüstəmi ölümlə hədələyib, qorxudub, təkrar xəstələndirdikləri üçün köməklik edib, təcili sərəncam verməyinizi xahiş edirəm.
İmza: II dərəcəli əlil Bayramova Ağcagül Tanrıverdi qızı
Bayramov Rüstəm Ərəstun oğlu
Tarix: 25.07.2019
Göründüyü kimi qanunsuzluq göz önündədir. İnanırıq ki, nəhayət, şər və böhtançı Sərabi Mənsur və onun himayəçisi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin qanunsuzluqlarına birdəfəlik son qoyulacaq və günahkarlar ciddi cəzalanacaqlar.(tezadlar)
Hazırladı: Elçin MƏMMƏDLİ
P.S. Yazıda adı çəkilən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq.