Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti müntəzəm olaraq bizi havanın yaxın günlərdə necə olması barədə məlumatlandırır. Bütün məlumatların əvvəlində də tapmacaya bənzər belə bir ifadə işlədilir: hava dəyişkən buludlu olacaq...Siz heç dəyişməyən bulud görmüsünüz?

Belə çıxır ki, havanın dəyişməyən buludlu variantı da var. Yəni, bulud göyə mıxlanır və eləcə də qalır. Bir az dəqiq və ciddi olaqmı, hörmətli sinoptiklər. Bulud səmada 8 gün qala bilir, sonra yağış, qar,dolu şəklində yerə düşür və və proses yenidən başlayır.Yəni daima hərəkət edir.

İndi isə gələk əsas məsələyə. Bir neçə ildir ki, ilin demək olar ki,  bütün fəsillərində Bakı şəhərini toz bürüyür. Bizim mötəbər sinoptiklərimiz xəbər verir ki, bəs külək cənubdan əsib, toz dumanını da külək Türkmənistan səhralarından gətirib.Xəzər dənizinə çökməyib, 300-400 km məsafəni qət edib, ancaq Bakıda bərqərar olub. Bu toz dumanı elə küləksiz havada da müşahidə olunur. İndi isə sinoptiklərin bugünkü məlumatı ilə tanış olun:

İyulun 23-də səhər saatlarından başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, tozlu hava şəraiti lokal xarakterlidir.

Tozlu havaya səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində torpağın üst qatında formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.

Avtomatik monitorinq stansiyalarından əldə olunan məlumata əsasən hazırda havada tozun miqdarı sanitar normadan 4.3 dəfə çoxdur.

Meteoroloji şəraitdən asılı olaraq tozlu havanın yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.

Nə 4 dəfə normadan artıq? Belə demək daha düzgün olar: toz dumanına görə bugün hava olmayacaq! Təsəlliverici məlumat odur ki, toz iki gündən sonra olmayacaq. Aydındır ki, toz yerə,insanların ciyərlərinə çökəcək.

Bugünkü məlumatın bir özəlliyi də odur ki, toz bu dəfə “şimal buzlu okeanından” gəlib.

Hörmətli sinoptiklər,Türkmənistanı,Ağcaqum səhrasını başa düşdük. Şimaldan gələn toz isə yeni xəbərdir.

Əgər ciddi işlərlə məşğul olmaq istəyirsinizsə, Bakı ətrafındakı, Abşerondakı daş karxanalarını monitorinq edin, torpağın münbit qatını qazıb aparan dələduzları tapın, həyəcan təbili çalın. Axı, bu cür toz dumanın yayılması xəstəlikdir. Bu, meşə yanğınından da təhlükəli bir hadisədir.Bu məsələni dövlət səviyyəsində qaldırın, tozun yayıldığı o yerləri müəyyən edin, onun qarşısını almaq üçün tədbirlər planı hazırlayın. Belə şəhər iqlimi olmur,belə hava olmur. Bu, sakinlərin belə bir yerdən təxliyyə edilməsi qədər zəruri olan fövqəladə bir haldır.

Şakir QURBANOV

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə dərc edilib: İstiqamət: 6.3.17) 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN