ABŞ isə artıq başqa bir oktaedr formalı kəşfiyyatçı Çin hava hədəfini vurub...
Tezadlar.az CNN-ə istinadla bildirir ki, Çin rəsmiləri ölkənin şərqində sahilyanı Rizhao şəhəri yaxınlığında sularda naməlum uçan obyektin aşkar edildiyini açıqlayıb. Ölkə qüvvələri onu aşağı salmağa hazırlaşır. ABŞ ordusu isə artıq Kanada ilə sərhəddə daha bir uçan obyekti ələ keçirib. Belə ki, Çinin hökumətyönlü nəşri “Global Times” ölkənin şərqində hava obyekti barədə məlumat yayıb. Çinin şərqindəki Şandun əyalətinin yerli dəniz idarələri bazar günü əyalətin sahil şəhəri Rizhao yaxınlığındakı sularda naməlum uçan obyekt gördüklərini və onu vurmağa hazırlaşdıqlarını elan edərək, balıqçılara mesajlarla təhlükəsiz olmalarını xatırladıblar. Pentaqon isə bildirib ki, bazar günü Şimali Amerika Aerokosmik Müdafiə Qüvvələri tərəfindən vurulan naməlum təyyarə ABŞ hərbi obyektlərində casusluq edə bilərdi. Sitat: “Uçuş yoluna və digər məlumatlara əsasən, biz bu cihazı Montana üzərində ABŞ Müdafiə Nazirliyinin həssas obyektlərinin yaxınlığında qeydə alınan radar siqnalı ilə əsaslı şəkildə əlaqələndirə bilərik. Biz bunu yerdəki obyektlər üçün kinetik hərbi təhlükə kimi qiymətləndirmirik, lakin onun uçuşlar üçün təhlükə yaratdığına, həmçinin potensial müşahidə imkanlarına görə təhlükə yaratdığına inanırıq”.
Beləliklə, prezident Co Baydenin göstərişi ilə və müdafiə naziri Lloyd Ostinin və Pentaqonun hərbi rəhbərliyinin tövsiyələri əsasında qeyd edilən naməlum obyekt vurulub. "Biz bunu F-16 təyyarəsindən atılan AIM9x raketinin köməyi ilə etdik...".
Bununla da naməlum obyekt qalmaqalı davam edir. Çinin təkziblərinə və dolaşıq məlumatlarına baxmayaraq ABŞ ortaya yetərincə sübutlar qoymaqdadır.
A.Məmmədli