«Sinan bəy hazırki iki namizəddən birini dəstəkləsə belə ona səs vermiş 5.2 faiz seçicilərin səsi dərhal həmin namizədin xeyrinə keçməyəcək… Sinan bəyin mövqeyini nəzərə alsalar da, türk seçici kimi istəyirsə səsini həmin namizədə verəcək...»
...Bu ilin may ayının 14-də qardaş Türkiyədə keçirilən 13-cü prezident seçkilərində əsas namizədlər olan Recep Tayyip Erdoğan və Kemal Kılçdaroğlunun heç birinin yetərli (50+1) səs yığa bilməməsi səbəbi ilə seşkilər növbəti –ikinci tura keçirilmişdir. Seçkilərin necə nəticələnəcəyi bütün dünyanın diqqət mərkəzindədir. Maraqlıdır ki, seçki ikinci tura keçdikdən sonra son günlər Türkiyə siyasi dairələrində hər iki əsas namizəddən daha çox namizədlər içərisində ən az səs toplamış Sinan Oğan faktoru, onun kimin tərəfində dayanacağı mövzusu ön plana çıxmışdır. Çünki əsas namizədlər arasında səs fərqinin az olduğu birinci turda Sinan Oğana səs vermiş 5.2 faiz səcinin növbəti turda kimə səs verəcəyi həlledici ola bilər. Bu mənada Sinan Oğanın mövqeyini seçkinin taleyini həll edəcək “anahtar” (açar) adlandırırlar.
Belə görünür ki, son turda kimin qalib gələcəyini onun mövqeyi həll edəcək. Təkcə Türkiyədə deyil, xarici dövlətlərin siyasi dairələrində, mətbuat, televiziya, sosial media, ümumilikdə bütün kütləvi informasiya vasitələrində də bu suala cavab axtarıldığını görürük. Təbii ki, Sinan Oğanın Azərbaycan əsilli olması bu məsələyə marağı bizdə daha da gücləndirib. Bu faktor siyasətlə baglılığının olub- olmamasından asılı olmayaraq rastlaşdığımız bütün məclislərdə əsas müzakirə mövzusuna çevrilib. İntizarla Sinan Oğanın elan edəcəyi qərarı gözləyirik- seçkilərin ikinci turunda o, kimin tərəfini tutacaq və onun qərarı seçkinin nəticələrini necə dəyişəcək?!
Eyni sualla biz hüquqşünas, politoloq Adil Minbaşıya müraciət edərək onun cavabını bilmək istədik. Eyni zamanda xahiş etdik ki, mümkün olarsa, ümumiyyətlə, seçkinin gedişi və onun gözlənilən nəticələri barədə də mülahizələrini bildirsin. Aşağıda Adil Minbaşı ilə müsahibəni oxucularımızın diqqətinə çatdırırıq:
-Asif bəy, seçkilərin gedişindəki gərginliklə bağlı fikirinizlə razıyam, o mənada ki, Türkiyədəki 13-cü prezident seçkilərinin hazırki mərhələsində əvvəlki seçkilərlə müqayisədə daha gərgin dramatizm yaşanir. Bunun bir çox səbəbləri var, bunların hamısını faktlarla şərh etməyə çalışsaq mövzudan, yəni sizi və oxucuları maraqlandıran sualdan çox uzaq düşərik. Qisaca desək, bunlardan birincisi dünyada gedən proseslərdir; ABŞ-ın dünya üzərində hökmranlığının çat verməsi səbəbi ilə hegemonluğunu qoruyub saxlamaq uğrunda çırpınmaları (mən deyərdim ki, son akkordları), bunun qoxusunu alan Rusiyanın isə boşalacaq həmin mövqeyi zəbt etmək hərisliyi, ikinci Dünya Müharibəsindən sonra dünyanın yenidən təsir dairələrinə bölünəcəyi ərəfədə dövlətlərin özlərini qorumaq və ya mümkünsə daha cox qazanmaq uğrunda mübarizələri.
Bütün bu fonda Çinin lazımı potensial toplayacağı məqama qədərki nisbi (fırtinaqabağı) sakitliyi və onunla birlikdə bir-çox dövlətlərin planlarının reallaşmasında ciddi maneə olan Türkiyə! Cin nəhəng və güclü dövlət olduğuna görə ABŞ və Avropa ona qarşı ciddi bir plan qurmağa cəsarət etmir, hər istiqamətdə onunla sadəcə dil tapmağa çalışırlar. Türkiyə problemini həll etmək üçün isə Recəp Tayyip Ərdoğanın hakimiyyətini devirməyi planlaşdırırlar. Bu planın mövcudluğuna əlavə sübutlar axtarmağa ehtiyac yoxdur. ABŞ prezidenti C.Bayden hakimiyyətə gələn kimi R.Erdoğanın hakimiyyətini sözdə dinc yolla- müxalifətin köməyi ilə devirəcəyini elan etdi. Planın açıq deyilməyən arxa hissəsindəki qurğuların işləyəcəyinə o dərəcədə əmindirlər ki, secki ərəfəsində məqsədlərinə çatdıqlarını gizlətmədən: “Ərdoğan hakimiyyətinin sonu“, “Ərdoğan erası bitdi” başlıqları ilə tanınmış siyasətcilər məşhur dərgilərdə sevinc dolu müsahibələr verirdilər… Və mayin 14-də Ərdoğan prezident secilmədi... Ancaq qərbin də planı baş tutmadı. Ərdoğan səs çoxluğu ilə öndə gedərək 2-ci tura kecdi. Bu seçkilərə gərginlik gətirən əsas səbəb seçkilərin sadəcə ikinci tura kecməsi və bu mərhələdə Sinan Oğanın kimin tərəfinə keçəcəyi gözləntisi deyil.
-Qərbin gizli planlarında daha nələr var? Ərdoğan bunları poza biləcəkmi və necə pozacaq, Türkiyənin taleyi necə dəyişəcək?!
-Bilirsiniz, Sinan Oğanın hansı mövqeyi tutacağı və bunun seckilərin gedişinə nə dərəcədə təsir edə biləcəyi barədə mülahizələrimi daha sonra şərh edəcəm. Bunun üçün əvvəlcə onun iki variantdan hansını seçə biləcəyi ehtimalını araşdırmaq və sonra onların nəticələrini qiymətləndirmək doğru olar. Belə ciddi məsələdə Sinan bəyin hansı qərarı verə biləcəyini hələ özü də tam müəyyən etmədiyi halda təxmin etmək çox çətindir. Bunun üçün Sinan bəyi yaxından, hərtərəfli tanımaq qərəkdir. Təəssüf ki, bizim şəxsi münasibətlərimiz və əlaqələrimiz yoxdur… 2018-ci ildə Dünya Azərbaycanlıları Konqresinin rəhbərliyi və idarə heyəti tərkibində Türkiyədəki siyasi partiya rəhbərləri və digər siyasətcilərlə görüşlər keçirdik, məqsədimiz onların diqqətini İranda yaşayan soydaşlarımızın problemlərinə yönəltmək idi. DAK-ın Türkiyədə keçirilən qurultayından 2-3 ay əvvəl mən “Təzadlər” qəzetinə verdiyim müsahibədə Türkiyənin İranla bağlı münasibətlərini və siyasətini tənqid etmiş, bu dövlətlə yaxın qonşuluq münasibətləri qurmaq cəhdinin hec vaxt nəticə verməyəcəyini və fürsət düşən kimi türklərə qarşı düşmənçilik edəcəklərini demişdim. Sinan bəyin rəhbərlik etdiyi TÜRKSAM siyasi araşdırmalar mərkəzində müzakirə etdiyimiz mövzu dolaysıyla bu məsələ ilə də əlaqəli idi. Müzakirələrdə Sinan bəyin fikirlərini dinlədikdə özlüyümdə bu adam haqqında çıxardığım qərar Türkiyədə eşitdiyim: ”…bu adamın aklı zəhir kibidir” ifadəsi ilə formalaşdı. Azərbaycan türkəcəsində “zəhər” sözü ifadənin mənfi anlamda yozulmasına səbəb ola bilər, ancaq Türkiyədə bu ifadə ağlın, bacarığın, ən yüksək səviyyədə olduğu insanlar haqqında işlədilir. Keçən müddət ərzində başqa görüşümüz olmasa da onun yazılarını, çıxışlarını, müsahibələrini hər zaman təqib etdim, barəsində məlumatlar əldə etdim və əmin oldum ki, fikrimdə yanılmamışam. Geniş məlumatlı, iti ağıllı, dərin və məntiqli düşüncəyə sahib siyasətçidir. Tanıyanlar tərəfindən insani keyfiyyətləri də müsbət xarakterizə olunur. Azərbaycan əsilli olmağından əlavə, ruhən də Azərbaycançıdır.
«Məncə Sinan Oğan T.Ərdoğanın yanında “gücülü fiqur” ola bilməyəcəyindən çəkinir və belə düşünməkdə bəlkə də haqlıdır…»
Bu mənada K.Kılıçdaroğlu ilə deyil, hazırki prezident cənab T.Ərdoğanla mövqeləri daha yaxındır. Təbii ki, bu da qərar qəbuletmədə hesaba alınacaq şərtlərdən biridir.
-Bəzi şərhçilər Sinan Oğanın hazırki mövqeyinin əhəmiyyətli olduğuna görə “bazarlıq aparacağı”, “daha cox qazanmaq” istəyəcəyini söyləyirlər…
-Mən belə düşünmürəm. Məncə, Sinan bəy təklif olunan vəzifələrin statusuna, maddi tərəflərinə görə deyil, özünü və ideyalarını hansı komandada daha çox reallaşdıra biləcəyinə, azad fəaliyyət göstərə biləcəyinə görə qərar verməyə çalışacaq. Bu faktor onu Kılıçdaroğlunun mövqeyinə yönəldir. Diplomatik dillə danışıb açaq deməsə də bilir ki, T Ərdoğan dövlət idarəçiliyində sərt, qəti qərarlar verən, qərarının doğru olduğuna inandığı halda bütün risklərə baxmayaraq yolundan dönməyən güclü və avtoritar yönümlü şəxsiyyətdir. T.Ərdoğanın rəhbərliyi dövründə Türkiyənin qazandığı uğurlar, ABŞ və Avropanın istəklərinə boyun əyən regional dövlət statusundan çıxıb dünyada söz sahibi olan nüfuzlu dövlətlərlər sırasına daxil olması, Ərdoğanın böyük idarəçilik təcrübəsi, fitri lider diplomatiyası, bacarığı Sinan Oğanın diqqətindən yayına bilməz.
Təbii ki, daha çox uğurlar qazanacaq komandada olmaq istər və bu məktəbdən də daha çox faydalanar. Ancaq istək ayrı, reallıqlar ayrı... Məncə Sinan Oğan T.Ərdoğanın yanında “gücülü fiqur” ola bilməyəcəyindən çəkinir və belə düşünməkdə bəlkə də haqlıdır. O, Kılıçdaroğlunun komandasında özünü daha sərbəst və daha güclü hiss edəcəyinə inanır… Ancaq onların təkcə siyasi platformaları deyil, bütövlükdə ruhları fərqlidir, bu da birlikdə uzun yol gediləcəyini vəd etmir. Bu faktorlar Sinan bəyin tərəflərlə görüşlərində də özünü göstərəcək. Onu da deyim ki, T.Ərdoğan kompromislərə çox meyilli adam deyil. Görüş zamanı o, Sinan Oğanı dinləyəcək və öz təklifini verəcək- qəbul edirsənsə, okey! Qəbul etmirsənsə... özün bilərsən! K. Kılıçdaroğlu ilə isə müzakirələri genişləndirmək, şərtləri dəyişmək və daha çox kompromisə nail olmaq mümkündür. Sinan bəyin qərarının seçkinin nəticələrinə nə dərəcədə təsir edəcəyi məsələsinə gəlincə, mən hesab edirəm və düşünürəm ki, Sinan bəy də yəqinliklə bilir ki, onun ikinci turda kimin tərəfini tutması həmin tərəf üçün faydalıdır. Amma ümumilikdə isə, seçkinin taleini və ya kimin prezident seçiləcəyini həll edəcək yeganə “anahdar” və ya “sehirli çubuq” da deyil.
«Sinan bəy hazırki iki namizəddən birini dəstəkləsə belə ona səs vermiş 5.2 faiz seçicilərin səsi dərhal həmin namizədin xeyrinə keçməyəcək…»
-Nə mənada? Fikrinizi ətraflı izah edərdiniz…
-Əvvəla, ona görə ki, Sinan bəy hazırki iki namizəddən birini dəstəkləsə belə ona səs vermiş 5.2 faiz seçicilərin səsi dərhal həmin namizədin xeyrinə keçməyəcək. Sinan bəyin mövqeyini nəzərə alsalar da, türk seçici kimi istəyirsə səsini həmin namizədə verəcək. Bu mənada səslər mütləq bölünəcək. Aparılan rəy sorğularından məlum olur ki, Sinan bəyin seçicilərinin təxminən 3 faizi Kılcdaroğluna, 2 faizi isə Ərdoğana səs verəcək. Nəinki gözlənilən 3 faiz, hətta Sinan bəyin bütün seçiciləri Kılıçdaroğluna səs versə belə birinci turdakı yığılan səsləri şərti olaraq statik qəbul etsək, onun ümumi səsi (44.8 +5.17=49.97) yenə də Kılışdaroğlunun problemini həll etmir. Sinan bəyin istəyindən asılı olmayaraq onun seçicilərin ən azı 1 faizi, hətta 0.5 faizi belə T.Ərdoğanın qələbəsini təmin edir. Reallıqda belə ola bilməz, amma şərti olaraq hesab etsək ki, Sinan bəyin seçicilərindən heç biri T.Ərdoğana səs verməyəcək, bu yenə vəziyyəti dəyişmir. Çünki namizədlərin heç birinin əvvəlki səsləri statik qalmayacaq, ikinci turda aparılan mübarizə, yeni, dəyişilmiş şərtlər seçicilərin də mövqeyini dəyişəcək və səslər yenidən qazanılacaq. Dəyişilən şərtlər də Kılıçdaroğlunun xeyrinə görünmür. “Altılı masa”nın seçki kompaniyasının başından “kollegial” dedikləri çoxluğun idarəçiliyi çoxlu da səhvlərlə müşaiyət olunur. Ciddi məsələlər barədə komandasının bəzi üzvlərinin fərqli konsepsiyalar irəli sürməsi, sonradan bunları təkzib etmək zorluqları, terrora yaxın qüvvələrlə yaxınlaşma, sonradan Kamal bəyin bunu qətiyyətlə inkar etməsi, Meral Akşenerin isə masanı tərk etməsi, küfrləri və sonradan geri qayıtması (mən şəxsən birinci addımını doğru, qayıtmasını isə yanlış hesab edirəm) və küfr etdiyi şəxsləri yenidən vəsf etməsi, xarici siyasətdə ölkənin taleyi üçün əhəmiyyətli məsələlərdə ciddi yanlışlıqlar, onların sırasında Azərbaycana sayğısızlıq ikinci turda isə Kılıçdaroğlunun guya bunları düzəltmək məqsədi ilə yeni komsepsiya irəli sürmək cəhdi və s. hec də müsbət nəticəyə işləmir. Şəxsən mən hesab edirəm ki, Kılıçdaroğlunun yeni konsepsiya irəli sürməsi də ona əlavə səs gazandırmayacaq, əksinə...
Birinci turdan keçən müddətdə T.Ərdoğanın komandasında isə hər sahədə vəziyyət stabilliyini qorumaqla bərabər onun imicini yüksəldən: ABŞ tərəfindən F-16 hərbi təyyarələrin verilməsi, dünyanı qida krizindən xilas edən “taxıl koridoru”nun müddətinin uzadılması kimi müsbət nəticələr əldə edilmişdir. Bu sadalanan və sadalanmayan, nəyi udub nəyi uduzacağını müəyyən edən faktorların hamısı bir anda “sıfırlana” bilər. Düzgün qərar qəbul etməyin yeganə bir ölçüsü var- seckidə kimin qalib gələcəyini əvvəlcədən hesablaya bilmək… Və seçkini uduzacaq tərəfdə olmamaq! Azərbaycanda isə seçkinin gedişinin və Sinan Oğanın kimin tərəfini tutacağının böyük həyacanla izlənməsinin səbəbi aydındır. Hamimiz deyə biəcək qədər böyük əksəriyyət Recep Tayyip Ərdoğana səs verməsini arzu edir. Sinan bəy bunları da bilir, “mətbəxin icində” olduğuna görə yəqin ki, bizim bilmədiklərimizdən də daha çoxunu bilir, inanaq və arzu edək ki, o, doğru qərar qəbul etsin! Bütün hallarda bizə nə düşər: birlikdə bu seçkinin qardaş Türkiyə üçün xeyirli və uğurlu olmasını arzulayaq!
Dinlədi: Asif MƏRZİLİ