Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğan bu gün and içəcək...
Tezadlar.az Haber-Türk-ə istinadla bildirir ki, andiçmə mərasimi Türkiyə Böyük Millət Məclisində (TBMM) yerli vaxtla saat 14:00-da başlayacaq. Tədbirdə bir çox dünya liderlərinin, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın, NATO Baş katibi Yens Stoltenberqin və digər dövlət və hökumət başçılarının iştirakı gözlənilir. R.T.Ərdoğan and içəndən sonra Anıtqəbiri ziyarət edəcək və ardınca onun vəzifəyə başlaması mərasimi keçiriləcək. Türkiyə Prezidenti daha sonra Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacaq.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməyib.
Mayın 28-də keçirilən ikinci turda “Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gəlib.
Qeyd edək ki, R.T.Ərdoğan 1954-cü ildə anadan olub. O, 2003-cü ildən 2014-cü ilədək Türkiyənin Baş naziri olub. Ərdoğan 2014 və 2018-ci illərdə dövlət başçısı seçilib.
Türkiyəmizə və bütövlükdə türk dünyasına xeyirli olsun! - deyirik... Yaşasın Azərbaycan və Türkiyə dostluğu- qardaşlığı!