Məlum olduğu kimi, iyunun 24-ə keçən gecə "Vaqner" Özəl Hərbi Şirkətinin (ÖHŞ) rəhbəri Yevgeni Priqojin Rusiya Federasiyasının Müdafiə Nazirliyini ÖHŞ-in düşərgəsinə raket hücumunda ittiham edərək,

Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı üsyan və Moskvaya yürüş elan edib. ÖHŞ-in yaraqlıları Rostov-Dona daxil olaraq hərbi və inzibati obyektləri ələ keçiribilər.

Vladimir Putin xalqa televiziya ilə müraciətində  bunu “kürəyindən bıçaq zərbəsi” və “xəyanət” adlandırıb və qiyamın təşkilatçılarının “qaçılmaz cəzaya məruz qalacağını” bildirib. Moskvada, Moskva vilayətində və digər bölgələrdə antiterror tədbirləri tətbiq edilib.

Həmin gün Vladimir Putin Qazaxıstan və Belarus prezidentlərinə də zəng edib. Bir çox ölkələrin dövlət başçıları ilə əlaqə saxlayıb.

Priqojinin “qiyamı”ndan qorxuya düşərək Moskvanı tərk edənlərin sayı artıb. Hətta birbaşa aviabiletlər belə yoxa çıxıb, qiymətlər dəfələrlə bahalaşıb... "Google Maps"in məlumatına görə, Moskvanın cənubunda, Rusiyanın M4 magistralında yollar bağlanıb. Bildirilir ki, sözügedən magistralda "Vaqner"in silahlı karvanı peyda olub.

Rusiyanın Ukraynada apardığı müharibənin ölkəsi üçün də heç də asan olmayan zamanında ölkədə qiyam baş verməsi və bunun sonunun dövlət çevrilişi ilə bitəcəyi qorxusu da yaranıb.

Maraqlıdır ki, belə bir vəziyyətdə Rusiya  lideri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkiltaına  (KTMT) müraciət edəcəkmi? Hər halda vəziyyətin dalana dirənəcəyi təqdirdə belə bir ehtimal ola bilər.

Çünki belə bir təcrübə 1 il öncə Qazaxıstanda baş verən iğtişaşlar fonunda baş vermişdi…

Belə ki, həmin zaman Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev yardım üçün KTMT ölkələrinin liderlərinə müraciət etmişdi. 

Və o zaman bu müraciətə müsbət yanaşılmış və iğtişaşı yatırmaq üçün KTMT sülhməramlıları Qazaxıstana göndərilmişdi.

Yəqin ki, RF-də də bunu zaman göstərəcək...

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 15 may 1992-ci ildə yaradılmış hökumətlərarası hərbi ittifaqdır. 1992-ci ildə  Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan altı  postsovet dövlətləri - Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi imzalayıblar.

 Üç digər postsovet ölkəsi olan Azərbaycan, Belarus və Gürcüstan isə 1994-cü ildə bu müqaviləni imzaladı. Beş ildən sonra bu müqaviləni imzalamış doqquz dövlətdən altısı (Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla) müqavilənin müddətini daha beş il artırmaq barədə razılığa gəldilər. 2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında hərbi ittifaq təşkil olundu. Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk etdi.

Üzv ölkələr hər hansı başqa bir hərbi ittifaqa və ya ölkə qruplarına qoşula bilməz, həmçinin üzv ölkələrdən hansısa birinə qarşı təhlükə yaranacağı təqdirdə bu təşkilata üzv olan digər ölkələrə qarşı da aqressiya kimi qəbul edilir. 

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN