Hökmdən sitat: «Onlar MTN-nin inzibati binasının giriş qapısında dəstənin üzvü Yasin Məmmədovun tapşırığı ilə 8 ədəd televizor qutusunda olan 6.435.200 manat (8.000.000 ABŞ dolları məbləğində) pulu İlqar Zeynalovdan qəbul etmişdir…»
Azərbaycan Respublikası adından HÖKM
Bakı şəhəri, İş № 1-1(093)-9/2022 21.09.2022-ci il, BAKI HƏRBİ MƏHKƏMƏSİ
(Əvvəli tezadlar.az saytının 12 oktyabr 2023-cü il tarixli buraxılışında)
Bundan başqa, Mövlam Şıxəliyev qeyd edilən vəzifədə xidmət edərkən təkrarən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Ələkbərov Vüsal Hicran oğlu və qeyrilərindən ibarət mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar 2009-cu ilin əvvəllərindən etibarən özünün göstərişi əsasında dəstənin üzvü Vüsal Ələkbərovun vasitəsilə 613 №-li cinayət işi üzrə istintaqa dəvət edilən Sultanov Bahəddin Abdulla oğlunu Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 14 ünvanında yerləşən MTN-nin inzibati binasında övladı İntiqam Sultanovun “Texnikabank” açıq səhmdar cəmiyyətinin Bakı filialından 01 oktyabr 2007-ci il tarixli müqavilə ilə 500.000 manat məbləğində kredit götürmək üçün sənədləri saxtalaşdırdığını, buna görə barəsində cinayət təqibi başlayacağı və həbs qətimkan tədbiri seçdirəcəyini bildirib hədəqorxu gəlməklə sonuncunun xeyrinə edəcəyi qanunsuz hərəkətlərin, yəni barəsində cinayət təqibinin başlanılmaması müqabilində Bahəddin Sultanovdan 500.000 ABŞ dolları məbləğində maddi nemət olan külli miqdarda pulu birbaşa yolla rüşvət kimi istəmişdir.
Bahəddin Sultanov həmin tələbi rədd etdikdə mütəşəkkil dəstənin məqsədlərinə nail olmaq üçün cinayət işi üzrə İntiqam Sultanovun CM-nın 179.3.1, 179.3.2 və 320.1 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair Vüsal Ələkbərov tərəfindən 16 iyun 2009-cu tarixli qərar qəbul edilməsini təmin edib barəsində Bakı şəhəri Səbail rayon məhkəməsinin eyni tarixli qərarı əsasında həbs qətimkan tədbiri seçilməsinə nail olduqdan sonra sonuncunun həbsdə saxlanılacağı, habelə özünün də barəsində həbs qətimkan tədbiri seçdirəcəyini bildirib hədə-qorxu gəlməklə İntiqam Sultanovun xeyrinə edəcəyi qanunsuz hərəkətə görə, yəni cinayət prosessual qanunvericiliyi ilə əsas olmadığı halda həbsdən azad edilməsi müqabilində Bahəddin Sultanovdan Vüsal Ələkbərovun vasitəsilə 370.000 ABŞ dolları məbləğində külli miqdarda nağd puldan ibarət rüşvəti birbaşa yolla tələb etmişdir. Bununla əlaqədar növbəti gün, yəni 17 iyun 2009-cu il tarixdə MTN-nin inzibati binasında özünün xidməti otağında şəxsən Bahəddin Sultanovun qardaşı Paşayev Mirzə Abdulla oğlu və sonuncunun dostu İbrahimov Əsgər İrza oğlu ilə görüşüb sonunculardan 360.000 ABŞ dolları həmin gün Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 8 saylı evin qarşısında Vüsal Ələkbərovun vasitəsilə Bahəddin Sultanovdan 10.000 ABŞ dolları, cəmi həmin dövrün rəsmi məzənnəsinə görə 297.406 manata bərabər 370.000 ABŞ dolları məbləğində külli miqdarda rüşvəti qəbul edib əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstənin üzvləri Vüsal Ələkbərov və qeyriləri ilə aralarında bölərək, müdafiəçinin vəsatəti əsasında Bakı şəhəri Səbail rayon məhkəməsinin 01 iyul 2009-cu il tarixli qərarı ilə İntiqam Sultanovun barəsində “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz olunmasına nail olmaqla, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin müqabilində özü və üçüncü şəxslər, yəni mütəşəkkil dəstənin digər üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən və vasitəçidən istifadə etməklə külli miqdarda rüşvəti təkrarən hədə-qorxu tətbiq etməklə istəyərək almışdır.
O, vəzifəli şəxs kimi müntəzəm olaraq mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə bağlı hüquq və qanuni mənafelərinə, habelə Bahəddin Sultanovun hüquqlarına və qanuni mənafelərinə sonuncunun və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Bundan başqa, o, qeyd edilən vəzifədə xidmət etməklə həmin səlahiyyətlərə malik vəzifəli şəxs kimi təkrarən vəzifəsinin və xidmətdə olduğu qurumun milli təhlükəsizliyin təmin olunması, səlahiyyətləri daxilində cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması məqsədilə kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış və digər tədbirləri planlaşdırmaq, həyata keçirmək və bununla bağlı məsələləri həll etmək, kəşfiyyat, əks-kəşfiyyat tədbirlərinin keçirilməsi ilə bağlı müəyyən edilmiş qaydada qeyri-aşkar üsul və vasitələrdən istifadə etmək, habelə Azərbaycan Respublikasına qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti aparan xarici xüsusi xidmət orqanlarına və təşkilatlara nüfuzetməni həyata keçirmək, səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə istintaq və digər prosessual hərəkətləri həyata keçirmək və sair səlahiyyətlərindən yararlanıb qanunsuz yolla külli miqdarda maddi sərvət əldə etmək məqsədilə yaradılmış tabeliyində olan İstintaq idarəsinin rəis müavini, birinci şöbənin rəisi Məmmədov Yasin Seyfulla oğlu və qeyrilərindən ibarət sabit cinayətkar qrupda - mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar 20 dekabr 2008-ci il tarixdə qəbul etdiyi qərarla Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsinin balansında olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsindəki torpaq sahələrini qanunsuz olaraq müxtəlif şəxslərə satılması faktı üzrə həmin müəssisənin direktoru Zeynalov İbrahim Məhəmməd oğlu və digərləri barəsində CM-nin 178.3.1, 178.3.2, 320.1 və 320-ci maddələri ilə 627 №-li cinayət işi başlamaqla iş üzrə ibtidai istintaqın aparılmasını dəstənin üzvü Yasin Məmmədova həvalə etmişdir.
«Əsas olmadığı halda həbsdən azad olunması üçün qəbul olunacaq qərarın müqabilində İbrahim Zeynalovdan həmin dövrün məzənnəsi ilə 8.022.000 manat təşkil edən 10.000.000 ABŞ dolları məbləğində rüşvət istəmişdir…»
Sonra 20 dekabr 2008-ci il tarixdə sonuncunun qəbul etdiyi qərarla İbrahim Zeynalovun CM-nin 178.3.1, 178.3.2, 320.1 və 320-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin eyni tarixli qərarı əsasında həbs qətimkan tədbirinin seçilməsindən sonra İstintaq baş idarəsinin rəisi olaraq vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla 2008-ci ilin dekabr ayının sonlarından etibarən İbrahim Zeynalovun dəfələrlə saxlanıldığı Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 14 ünvanında yerləşən MTN-nin İstintaq təcridxanasından şəxsən öz xidməti kabinetinə, həmçinin dəstənin üzvü Yasin Məmmədovun vasitəsilə sonuncunun xidməti kabinetinə gətirilməsini təmin edib həbsdə saxlanılacağı, ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağı, istintaq təcridxanasında və gələcəkdə cəzaçəkmə müəssisəsində ciddi fiziki təzyiqlərə məruz qalacağını bildirib hədə-qorxu gəlməklə sonuncunun xeyrinə ediləcək qanunsuz hərəkətlərin, yəni cinayət prosessual qanunvericiliyi ilə əsas olmadığı halda həbsdən azad olunması üçün qəbul olunacaq qərarın müqabilində İbrahim Zeynalovdan həmin dövrün məzənnəsi ilə 8.022.000 manat təşkil edən 10.000.000 ABŞ dolları məbləğində, habelə 2009-cu ilin yanvar ayından etibarən dəfələrlə İbrahim Zeynalova və sonuncunun törətdiyi cinayət əməllərində vasitəçi qismində iştirak etmiş Baloğlanov Qüdrət Baloğlan oğluna dəstənin üzvü Yasin Məmmədovun xidməti otağında sonuncunun vasitəsilə həbsdə saxlanılacağı, ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağı, istintaq təcridxanasında və gələcəkdə cəzaçəkmə müəssisəsində ciddi fiziki təzyiqlərə məruz qalacağını bildirib hədə-qorxu gəlməklə Qüdrət Baloğlanovun xeyrinə ediləcək hərəkətlərin, yəni barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi üçün qəbul olunacaq qərarın müqabilində İbrahim Zeynalovdan 50.000 manat, cəmi vahid niyyətlə 8.072.000 manat nağd puldan ibarət külli miqdarda rüşvət istəmiş, Qüdrət Baloğlanovun xeyrinə qeyd olunan qərarın qəbul olunması üçün 2009-cu ilin aprel ayında MTN-nin inzibati binasının arxa giriş qapısının yaxınlığında Bakı şəhəri, Səbail rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində İbrahim Zeynalovun oğlu İlqar Zeynalovdan sonuncunun idarə etdiyi “Toyota Land Cruiser” markalı 10-SC028 dövlət nömrə nişanlı avtomobilin içərisində mütəşəkkil dəstənin istintaqa məlum olmayan üzvü vasitəsilə 50.000 manat pulu qəbul etmişdir.
Lakin İbrahim Zeynalovun xeyrinə qeyd olunan qərarın qəbul olunması müqabilində tələb olunan pulun məbləğində razılaşa bilmədikləri üçün 2009-cu ilin iyun ayının əvvəllərində dəstənin üzvü Yasin Məmmədovun vasitəsilə İlqar Zeynalovu mobil telefon əlaqəsi ilə Bakı şəhəri, Səbail rayonu, İsmayılbəy Qutqaşınlı küçəsinə, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasının arxa giriş qapısının yaxınlığına çağırıb İbrahim Zeynalovun həbsdə saxlanılacağı, ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağı, istintaq təcridxanasında və gələcəkdə cəzaçəkmə müəssisəsində ciddi fiziki təzyiqlərə məruz qalacağını bildirib hədə-qorxu gəlməklə sonuncunun xeyrinə ediləcək qanunsuz hərəkətlərin, yəni cinayət prosessual qanunvericiliyi ilə əsas olmadığı halda həbsdən azad olunması üçün qəbul olunacaq qərarın müqabilində İlqar Zeynalovdan birbaşa yolla əvvəlcə həmin dövrün məzənnəsi ilə 8.041.000 manat təşkil edən 10.000.000 ABŞ dolları, tələb olunan məbləğə maddi imkanı çatmadığı üçün mütəşəkkil dəstənin üzvləri ilə müzakirə aparmaqla 8.000.000 ABŞ dolları məbləğində nağd puldan ibarət külli miqdarda rüşvət istəmişdir. Qeyd edilən qərarları 8.000.000 ABŞ dolları məbləğində nağd puldan ibarət rüşvət müqabilində qəbul etməyə İlqar Zeynalovla razılaşmış, bununla əlaqədar 2009-cu ilin iyul ayının ikinci yarısında hər gün olmaqla üç gün müddətində istintaqa dəqiq məlum olmayan tarixlərdə MTN-nin inzibati binasının İsmayıl Bəy Qutqaşınlı küçəsindəki giriş qapısında dəstənin üzvü Yasin Məmmədovun tapşırığı ilə hər birinin içərisinə 1.000.000 ABŞ dolları yığılmış 03 ədəd televizor qutusunda olan 3.000.000 ABŞ dolları, ertəsi gün eyni ünvanda və eyni qaydada dəstənin üzvü Yasin Məmmədovun tapşırığı ilə hər birinin içərisinə 1.000.000 ABŞ dolları yığılmış 03 ədəd televizor qutusunda olan 3.000.000 ABŞ dolları, növbəti gün eyni ünvanda və eyni qaydada dəstənin üzvü Yasin Məmmədovun tapşırığı ilə hər birinin içərisinə 1.000.000 ABŞ dolları yığılmış 02 ədəd televizor qutusunda olan 2.000.000 ABŞ dolları, cəmi həmin dövrün məzənnəsi ilə 6.435.200 manat təşkil edən 8.000.000 ABŞ dolları məbləğində pulu mütəşəkkil dəstənin istintaqa şəxsiyyəti məlum olmayan digər üzvləri vasitəsi ilə İlqar Zeynalovdan qəbul etmişdir.
Ümumillikdə vahid niyyətlə külli miqdar təşkil edən 6.485.200 manat nağd puldan ibarət rüşvəti əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstənin üzvləri Yasin Məmmədov və qeyriləri ilə aralarında bölərək, İbrahim Zeynalovun həbsdən azad olunması üçün təcridxana şəraitində saxlanmasını istisna edən ağır xəstəlikdən əziyyət çəkməsi barədə məhkəmə-tibb ekspertizasının 27 iyul 2009-cu il tarixli 142/KEŞ saylı rəyinin alınmasına nail olub dəstənin üzvü Yasin Məmmədov tərəfindən 29 iyul 2009-cu il tarixdə İbrahim Zeynalovun barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsinə dair və 03 sentyabr 2009-cu il tarixdə Qüdrət Baloğlanovun CM-in 178.3.1, 178.3.2, 312.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsinə dair qərarların qəbul edilməsini təmin etmişdir. O, bununla da vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətlərin müqabilində özü və üçüncü şəxslər, yəni mütəşəkkil dəstənin digər üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən və vasitəçidən istifadə etməklə külli miqdarda rüşvəti təkrarən hədə - qorxu tətbiq etməklə istəyərək almış, vəzifəli şəxs kimi müntəzəm olaraq mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə bağlı hüquq və qanuni mənafelərinə, habelə İbrahim Zeynalovun və Qüdrət Baloğlanovun hüquqlarına və qanuni mənafelərinə sonuncuların və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur.
Bundan başqa, Mövlam Şıxəliyev qeyd edilən vəzifədə xidmət etməklə həmin səlahiyyətlərə malik vəzifəli şəxs kimi təkrarən vəzifəsinin və xidmətdə olduğu qurumun milli təhlükəsizliyin təmin olunması, səlahiyyətləri daxilində cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması məqsədilə kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış və digər tədbirləri planlaşdırmaq, həyata keçirmək və bununla bağlı məsələləri həll etmək, kəşfiyyat, əks-kəşfiyyat tədbirlərinin keçirilməsi ilə bağlı müəyyən edilmiş qaydada qeyri-aşkar üsul və vasitələrdən istifadə etmək, habelə Azərbaycan Respublikasına qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti aparan xarici xüsusi xidmət orqanlarına və təşkilatlara nüfuzetməni həyata keçirmək, səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə istintaq və digər prosessual hərəkətləri həyata keçirmək və sair səlahiyyətlərindən yararlanıb qanunsuz yolla külli miqdarda maddi sərvət əldə etmək məqsədilə yaradılmış tabeliyində olan Metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Ələkbərov Sahib Yunus oğlu və qeyrilərindən ibarət sabit cinayətkar qrupda - mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar 27 iyun 2009-cu il tarixdə özünün göstərişi əsasında dəstənin üzvü Sahib Ələkbərovun qəbul etdiyi qərarla sonuncunun icraatında olan 625 №-li cinayət işindən Baxışov Zaur Şərafət oğlu və qeyrilərinin barəsində CM-nın 29, 177.3.1, 29, 177.3.2, 177.3.1, 177.3.2, 205.2.1, 205.2.2, 271.2.1 və 271.2.3- cü maddələri ilə 678 №-li cinayət işi ayırmaqla icraatına götürdükdən sonra İstintaq baş idarəsinin rəisi olaraq vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla 2009-cu ilin oktyabr ayında Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 14 ünvanında yerləşən MTN-nin inzibati binasında dəstənin üzvü Sahib Ələkbərovun xidməti kabinetində sonuncunun vasitəsilə “Azərtunel” MMC-də iqtisadi işlər üzrə müdir müavini vəzifəsində işləmiş Bağırov Qulam Davud oğlunu hər hansı prosessual hərəkətlər aparmadan barəsində CM-in 178, 204 və 320-ci maddələri ilə cinayət təqibinə xitam verilməsi haqqında Bakı şəhəri Səbail Rayon Polis Idarəsinin İstintaq şöbəsinin sabiq baş müstəntiqi Əliyev Ziya Fəxrəddin oğlu tərəfindən qəbul edilmiş 25 fevral 2009-cu il tarixli sübutların qiymətləndirilməsi qərarının ləğv edilməsinə nail olmuşdur. Sonra isə cinayət işi başlatdıracağı, barəsində həbs qətimkan tədbiri seçdirəcəyi, həbs olunduqdan sonra müvəqqəti saxlama yerində saxlanılmaqla nalayiq hərəkətlərə məruz qalacağı ilə şəxsiyyəti üzərində zor göstəriləcəyi, belə məlumatların kütləvi informasiya vasitələrində yayılmaqla rüsvay ediləcəyini bildirib hədə-qorxu gəlməklə xeyrinə ediləcək qanunsuz hərəkətlərin, yəni cinayət prosessual qanunvericiliyi ilə əsas olmadığı halda cinayət təqibinə xitam verilməsi barədə qəbul ediləcək qərarın müqabilində Qulam Bağırovdan birbaşa yolla 200.000 manat məbləğində pul vəsaitini rüşvət qismində tələb etmişdir.
Sonuncu həmin pulu ödəməkdən imtina etdikdə hədə-qorxunun real olduğuna inam yaratmaq üçün 14 noyabr 2009-cu il tarixli vəsatətlə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib həmin tarixdə Azərbaycan Respublikası Baş prokurorunun sabiq birinci müavini tərəfindən Səbail RPİ-nin İstintaq şöbəsində qəbul edilmiş 25 fevral 2009-cu il tarixli sübutların qiymətləndirilməsi qərarının Qulam Bağırovun barəsində CM-in 178, 204 və 320-ci maddələri ilə cinayət təqibinə xitam verilməsinə dair hissədə ləğv edilməsinə və 678 №-li cinayət işi üzrə sonuncunun barəsində dəstənin üzvü Sahib Ələkbərov tərəfindən 16 noyabr 2009-cu il tarixdə CM-in 204.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması ilə bağlı qərar qəbul edilməsini təmin edərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin eyni tarixli qərarı əsasında həbs qətimkan tədbirinin seçilməsinə nail olmuşdur. Bundan sonra 2009-cu ilin dekabr ayının əvvəllərindən etibarən MTN-nin inzibati binasında dəstənin üzvü Sahib Ələkbərovun vasitəsilə Qulam Bağırovun həbsdə saxlanılacağı və ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum etdilməsinə nail olmağa çalışacağını bildirib hədə-qorxu gəlməklə sonuncunun xeyrinə edəcəyi qanunsuz hərəkətin, yəni cinayət prosessual qanunvericiliyi ilə əsas olmadığı halda həbsdən azad olunması üçün qəbul olunacaq qərarın müqabilində 200.000 manat məbləğində külli miqdarda maddi nemət olan nağd pulu Qulam Bağırov və sonuncunun qardaşı Bağırov Sərdar Davud oğlundan birbaşa yolla rüşvət kimi istəyərək qeyd edilən qərarları 135.000 ABŞ dolları müqabilində mütəşəkkil dəstənin üzvləri ilə müzakirə aparmaqla qəbul etməyə razılaşıb təxminən 12 - 13 dekabr 2009-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində, qapısının yaxınlığında Sərdar Bağırovun gətirdiyi həmin dövrün məzənnəsi ilə 108.378 manat təşkil edən 135.000 ABŞ dolları məbləğində nağd puldan ibarət külli miqdarda rüşvəti dəstənin üzvü Sahib Ələkbərovun vasitəsilə qəbul edib əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstənin üzvləri Sahib Ələkbərov və digərləri ilə aralarında bölmüşdür.
Nəticədə Qulam Bağırovun həbsdən azad olunması üçün təcridxana şəraitində saxlanmasını istisna edən ağır xəstəlikdən əziyyət çəkməsi barədə məhkəmə-tibb ekspertizasının 16.12.2009-cu tarixli, 250/KEŞ saylı rəyinin alınmasına nail olub 16.12.2009-cu il tarixdə Qulam Bağırovun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsinə dair dəstənin üzvü Sahib Ələkbərov tərəfindən qərar qəbul edilməsini təmin etmişdir. Nəticədə o, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin müqabilində özü və üçüncü şəxslər, yəni mütəşəkkil dəstənin digər üzvləri üçün birbaşa və dolayı yolla, vasitəçidən istifadə etməklə külli miqdarda rüşvəti təkrarən hədə-qorxu tətbiq etməklə istəyərək vasitəçidən istifadə etməklə almışdır. Və vəzifəli şəxs kimi müntəzəm olaraq mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə bağlı hüquq və qanuni mənafelərinə, habelə Qulam Bağırovun hüquqlarına və qanuni mənafelərinə sonuncunun və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur.
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu