MTK-nın sədri Tural Şakir oğlu Hüseynov və vəkili Asif Mədətov isə 120-dən çox zərərçəkmişin dərdini çəkmək əvəzinə, «Təzadlar»ın əməkdaşını təhdid və şantaj edirlər ki…
…Atalarımızın bir müdrik kəlamı var: «Kor kora kor deməsə bağrı çatlayar…». Bu müdrik kəlamın indi yeni bir qəhrəmanı peyda olub: 120-dən çox zərərçəkmişi zəlil günə qoymuş Şakir Hüseynovun oğlu Tural Şakir oğlu Hüseynovun yeni missiyalı «Şakir» MTK-sı var… Görün oğul nə kimi fəaliyyətdədir.
***
Məsələ ondadır ki, Qarabağ Müharibəsi qazisi, sabiq polis əməkdaşı, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq olunan 220060535 saylı cinayət işi üzrə zərərçəkmiş olan Nurəddin Xasay oğlu Niftəliyev bu yaxınlarda «Təzadlar» qəzeti redaksiyasına şikayət ərizəsi ilə müraciət edib kömək istəmişdi. Şikayətçini redaksiyaya dəvət etdik ki, görək yazdıqlarının əsası varmı… O, redaksiyaya gələrək müvafiq rəsmi sənədləri təqdim etdi. Məlum olurdu ki, 2017-ci ildə «Şakir» MTK-nın rəhbəri Tural Şakir oğlu Hüseynova 90 min dollar pul ödəyərək Nərimanov rayonu ərazisindən 165 kvm. sahəli mənzil alıb. Lakin sonradan məlum olub ki, həmin mənzil başqa vətəndaşa- Rüstəmova Venera Əhəd qızına satılıb. Bunu biləndən sonra o, «Şakir» MTK-nın rəhbəri Tural Hüseynovdan ya mənzilini, ya da pulunu qaytarmasını tələb edir. Uzun müddət pulu qaytaracağını deyən Tural Hüseynov onu aldatmağında davam edir. Şikayətçidən canını qurtarmaq üçün T.Hüseynov 20.09.2021-ci il tarixdə, saat 18:00 radələrində N.Niftəliyevi Nərimanov rayonu ərazisindəki «Dostlar» kafesinə dəvət edir, şikayətçini ağır ifadələrlə söyüb dizindən güclü zərbə endirir. Ardınca da özünü «qanuni oğru» kimi təqdim edən dostu, «İzi» təxəllüslü Səfərov İlizbar Vəliyəddin oğlu N.Niftəliyevi boğur, sol çənəsinə güclü zərbələr endirərək qarnına dizi ilə və təpiklə vurur. Şikayətçinin 6 dişi sınır, qarnı deşilir və s. (Ekspertiza rəyi təqdim olunur). Lakin üçüncü şəxs- Vasif Vaqif oğlu Kərimov onlara qəti etirazını bildirib, hətta sonradan Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsində verdiyi ifadəsində də baş verənləri olduğu kimi təsdiqləyir, 04.09.2023-cü il tarixdə Nərimanov rayon Prokurorluğuna və Nərimanov RPİ-nin İstintaq şöbəsinin rəisinə ərizə ilə müraciət edib Tural Hüseynov və özünü «qanuni oğru» kimi təqdim edən «İzi» ləqəbli Səfərov İlizbar Vəliyəddin oğlu ilə üzləşməsini tələb edir.
Uzun sözün qısası, MTK sədri T.Hüseynov nəzərə almır ki, atası Şakir Hüseynovdan 120 şikayətçi –zərərçəkmiş var, atası bir mənzili 2-3 adama satmağına və digər əməllərinə görə 10 il 6 ay azadlıqdan məhrum edilib, qan-qarğış yiyəsi olub, elə həbsxanada da dünyasını dəyişib (həmin hökmdə oğul Tural Hüseynovun vətəndaşlardan pulu necə qəbul etməsi və s. ətraflı qeyd olunub...). Və Tural atası mənzil fırıldaqçılığına görə həbs ediləndən sonra guya zərərçəkmişlərdən yaxasını qurtarmaq üçün dərhal rəhmətə getmiş atasının adına MTK yaradır… Və təəssüflər olsun, qanuna deyil, hansısa məmurlara arxayın olan Tural Hüseynov barəsində Nərimanov RPİ-də başlanmış cinayət işinin istintaqını futbol topu kimi oynatmaqla məşğul olur. Təsəvvür edin, bu cinayət işinin icraatına RPİ-nin İstintaq Şöbəsinin rəisi Bəkir Qarayev və baş müstəntiq E.Məmmədovun sayəsində 13 dəfədir xitam verilir, zərərçəkmiş sabiq polis əməkdaşı və müharibə qazisi N.Niftəliyevin prokurora şikayəti əsasında iş yenidən təzələnir, istintaq başlanır, amma və lakin…
***
Təsəvvür edirsinizmi, heç bir ciddi araşdırma aparmayan müstəntiq E.Məmmədov rəisi Bəkir Qarayevin göstərişi əsasında cinayət işinin tövsif olunduğu 221.2.1 maddəsini özbaşına olaraq və saxtakarlığa yol verərək Azərb. Res. CM-nin 221.1.1 maddəsinə tövsif edib 21.09.2023-cü il tarixdə də qanunsuz və əsassız olaraq cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edir (Nazir Vilayət Eyvazov xəbər tutsa, hansı cəzanı verəcək, Allah bilir!).
Zərərçəkmiş 10.10.2023-cü il tarixdə yenidən bu qanunsuzluq barədə xəbər tutaraq(?) Nərimanov rayon Prokurorluğuna şikayət verir. Prokurorluğun 19 oktyabr 2023-cü il tarixli qərarı ilə müstəntiqin «Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarı» ləğv edilərək yenidən- düz 13-cü dəfə (prokurorluğun qərarına diqqət edin, dəhşətdir!) Nərimanov RPİ-nin İstintaq Şöbəsinin icraatına qaytarılır. Və şikayətçi-zərərçəkmiş bu barədə daxili işlər naziri Vilayət Eyvazova teleqram vurub müstəntiqin və istintaq şöbəsinin rəisinin ciddi cəzalandırılmasını xahiş edir.
***
Beləliklə, biz media olaraq barəsində şikayət edilən Tural Hüseynovu redaksiyaya dəvət etdik ki, mövqeyini bildirsin. O, redaksiyaya vəkili Asif Mədətovla gəldi. Lakin məlum oldu ki, onların gəlişində məqsədləri şikayətçinin iddialarına qarşı sübutlu arqumentlərini ortaya qoymaq yox, əməkdaşımızı təhdid etmək və məhkəmə ilə hədələməkdir. Bununla belə, redaksiya əməkdaşları təmkinli davranaraq ərizəçinin sənədlərini araşdıraraq onun başına gələnləri ictimailəşdirməli oldu. Hətta bunlara baxmayaraq redaksiya «Şakir» MTK-nın əsassız da olsa belə, cavab haqqını tanıdı, yazı dərc edildi.
Bəs niyə müsadirə edilmiş əmlaklar satılıb zərərçəkmişlərə ödənilmir? Kim buna mane olur?
Ali Məhkəmənin Cinayət Kollegiyasının 7 sentyabr 2011-ci il tarixli qərarında oxuyuruq: «…Zərərçəkmişlərə vurulmuş ziyanın ödənilməsinə köməklik məqsədilə Şakir Hüseyn oğlu Hüseynova məxsus olan və üzərinə həbs qoyulmuş /Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif kiiçəsi- 30 ünvanında yerləşən 41 saylı mağaza, Bakı şəhəri/, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev- 30 ünvanda yerləşən «Tac» kafesi, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 10 saylı evin 53 və 54-cü mənzilləri/, «Toyota Lexus LX-470» markalı Az 10-SD-088 dövlət qeydiyyat nişanlı və «Mersedes Benz S 320 CDİ» markali Az-10-BG-320 dövlət qeydiyyat nişanh avtomaşınların, habelə qardaşı Hüseynov Vidadi Hüseyn oğluna məxsus olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, 22-ci məhəllə, yaşayış sahəsi 126,6 kvadrat metr, köməkçi sahəsi 82,7 kvadrat metr olan dörd otaqdan ibarət yaşayış evi satılaraq zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi məqsədi ilə müsadirə edilmişdir».
Bəs bu əmlakların niyə indiyədək satılıb zərərçəkmişlərə ödənilməsi təmin edilməmişdir??? Sual budur… Həm də bir sual var: FHN-nin qərarı ilə Şakir Hüseynovun tikdiyi bina sökülməlidir, amma iş adamı FHN-nin qərarını saya salmadan işini görüb, vətəndaşları aldadaraq qəzalı binadakı mənzilləri bir-bir satıb və…
Tural Hüseynov isə təhdid və şantaj yolu tutur ki…
…120-dən çox şikayətçi-zərərçəkmişin ah-naləsini aradan qaldırmaq və atasının dövlət büdcəsinə olan 50 milyon manatdan çox vergi borcunun, eləcə də zərərçəkmişlərə olan 3,6 milyon manatlıq mənzil fırıldağı borcunun dərdini çəkmək əvəzinə, «Şakir» MTK-nın sədri Tural Hüseynov əməkdaşımız E.Məmmədlini təhqir və təhdid edərək onu şantaj da etməkdən çəkinməyib. Redaksiya onun bu hərəkəti barədə Baş Prokurorluğa, vəkili Asif Mədətovun jurnalisti təhdid etməsi əməlinə görə isə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırova rəsmi müraciət hazırlanıb.
***
Beləliklə, gəlirik mətləbə. Zərərçəkmişlər Quliyev Murad Əli oğlu (Hüseynovlar onun 26 min manat pulunu ələ keçirib), Əsgərov İldırım Qasım oğlu (onun isə təxminən 7 milyon manatı çırpışdırılıb), Cəfərov Namiq ovruz oğlu (50 min manata yaxın pulu mənimsənilib), Pənahov Namiq Məmmədtağı oğlu (100 min manatdan çox pulu mənimsənilib), Məmmədov Babək Vahid oğlu (külli miqdarda pul vəsaiti etibardan sui-istifadənin qurbanı olub), Əkbərova Qızbəs Ələkbər qızı (onun da külli miqdarda pul vəsaiti mənimsənilib) və s. zərərçəkmişlər bu gün redaksiyamızla əlaqə saxladılar. Onları redaksiyamıza dəvət etdik…
Bəs hüquq mühafizə orqanları «Şakir» MTK-nın və bu şirkətin əvvəlki rəhbəri Şakir Hüseynovun qanunsuzluqlarına və 120-dən çox zərərçəkmişin ah-naləsinə niyə susur?
Əslində, MTK-ların fəaliyyətinə hüquq mühafizə orqanlarında göz yumulmasının səbəbləri hər kəsə məlumdur. Çünki bəzi MTK-lar kimlər üçünsə «çörək ağacı»dır! Birmənalı belədir! Məhkəmələrdə aparılan proses və çıxarılan hökmlərə nəzər salmaq yetər ki, bu qənaətin təsdiqi sübutlansın… Amma hər şeyin bir həddi olmalıdır. Ata-Şakir Hüseynov 120 adamı aldadır, hakimlər dəstəsi Bakı Ağır Cinayətlər Məhkəməsində isə onu şərti cəza ilə evə buraxır, nə yaxşı ki, Bakı Apellyasiya Məhkəməsində onun layiq olduğu cəzası verilir, o, həbsxanada dünyasını dəyişir… Dövlətə 50 milyon manat, zərərçəkmişlərə isə 3,6 milyon manatlıq xalis borcu özü ilə o dünyaya aparan mərhumun tikdiyi binalar, şəxsi əmlakları yerində ola-ola, necə ola bilər ki, üzərinə həbs qoyulsa da, oğlu Tural Hüseynov hansısa yollarla Ədliyyə Nazirliynə yol tapıb mərhum atası Şakir Hüseynovun adına (!) «Şakir» MTK yaradıb bütün əmlakları idarə edir, amma nə prokurorluq, nə də polis orqanları zəlil günə qoyulmuş 120 zərərçəkmişin hayqırtısını eşitmir, amma Tural Hüseynovun «xahişlərini» eşidir və hətta itaət də edirlər! Bu necə ola bilər???
(Davamı var)
-Azərbaycan Ali və Apellyasiya Məhkəmələrinin hökmlərində Şakir Hüseyn oğlu Hüseynovun, oğlunun, qardaşının və digər qohumlarının əməllərinə hansı hüquqi qiymət verilib?
- Şakir Hüseyn oğlu Hüseynov 2 saylı həbsxanada nədən və hansı şəraitdə dünyasını dəyişib? Zərərçəkmişlərin tezadlarTV efirindən deyəcəkləri hər kəsi şoka salacaq!
«Təzadlar»ın Araşdırma Qrupu