Xəbər verdiyimiz kimi, Binəqədi rayonu ərazisindəki taxta sexində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 9-a, yaralıların sayı isə 24-dür...

Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyindən "Təzadlar"a verilən birgə məlumatda deyilirdi ki, "...yanvarın 15-də paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində partlayış baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub. Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb. Hadisə yerinə xüsusi texniki vasitələr və canlı qüvvə cəlb edilməklə yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir. İlkin araşdırmalar zamanı dağıntılar altından 3 nəfərin meyiti aşkar olunub. Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlardan 6 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin müalicəsi xəstəxanada davam etdirilir. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir. Faktla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub. Partlayışın səbəbinin, dəymiş ziyanın həcminin, həmçinin, iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin edilib. Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. İctimaiyyətin mütəmadi məlumatlandırılması təmin ediləcək". Həmçinin Baş Prokurorluğun Mətbuat xidmətinə "Təzadlar"dan daxil olmuş sorğuya cavab olaraq az sonra bildirilmişdi ki, paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayışla bağlı hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 6 nəfərin meyiti dağıntılar altından aşkar olunaraq çıxarılıb.

***

Bəs, əslində, bu cür yanğın və partlayış təhlükəsi başı üzərində olmuş taxta sexi kimə məxsus olmuşdur? Sosial və elektron mediada yazılanlardan məlum olur ki, Diaspor Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşı Tağı İbrahimov Binəqədidə partlayış hadisəsi baş verən mebel sexinin sahibi olduğunu inkar edib. T.İbrahimov açıqlamasında bildirib ki, yanan mebel sexi onun deyil. Hazırda Türkiyədə olduğunu deyən Tağı İbrahimov qardaşı hacı İbrahim Nehrəmlinin fikirlərini də təkzib edib: “Qardaşım yalan deyir, o obyektin mənimlə heç bir əlaqəsi yoxdur. O bina Həmid müəllimin olub, o da bir neçə il əvvəl icarəyə verib” və s.

 

*** 

Az əvvəl isə elektron mediada sözügedən mebel sexinin Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşlarına məxsus olduğu bildirilmişdi. Obyekt Binəqədi rayonundakı keçmiş Ağac Emalı Zavodunun ərazisində yerləşir. Sözügedən zavod illər əvvəl Nazim İbrahimovun qardaşı, “İBRA Holdinq”in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib. Sexin təsisçisi Tağı İbrahimov və “Avesta” şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli olub. Sözügedən ərazidə yerləşən 8 sex bir neçə il əvvəl mebel istehsalı üçün İbrahimovlara məxsus iş adamına icarəyə verilib. Hadisə zamanı həmin iş adamı da dünyasını dəyişib. Lakin ərazidə çalışan işçilər də sexin Hacı İbrahim Nehrəmliyə məxsusluğunu bildiriblər. 

Bu bədbəxt və faciəli hadisə nəticəsində 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib, 24 nəfər xəsarət alıb.

"Təzadlar"

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN