Bu gün məşhur milyonçu və xeyriyyəçi, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı Hacı Zeynalabdin Tağıyevin anım günüdür.
Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olmuşdur. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. On yaşından usta yamnına şagird qoymuşdu, bir müddətdən sonra isə o, artıq tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır.
Daha sonralar Zeynalabdin Tağıyev özünü ticarətdə və yüngül sənayedə də sınayır. Hər ikisində qabiliyyəti ilə uğur qazanır, dükanlara və manufakturaya sahib olur.
1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o sonradan "Hacı Zeynalabdin" şirkətini yaradır.
1872-ci ildə neftli torpaqlar hərraca qoyulduqda Tağıyev də torpaq payı icarəyə götürür. Ümidini heç zaman itirməyən Tağıyev, nəhayət, arzusuna çatır. Götürdüyü torpaqdan neft fəvvarə vurur. "H.Z.Tağıyev" adlandırdığı neft şirkətini qeydiyyata aldıran Zeynalabdin mədənində ustalara yüksək maaş verir, ən yeni avadanlıq quraşdırır. Nəticədə onun gəlirləri sürətlə artmağa başlayır. Bundan sonra o həm də neft zavodları alır. 1882-ci ildə Tağıyev 1-ci gildiya tacir rütbəsinə layıq görülür. 1896-cı ildə onun neft şirkəti hasilatda ən yüksək göstəriciyə nail olur. 32 milyon pud (512 kq) neft hasil edir.
1897-ci ildə neft mədənlərini Britaniya şirkətlərindən birinə satan Tağıyev qeyri-neft sektoruna sərmayə qoyur. Onun inşa etdirdiyi Bakı toxuculuq fabriki Azərbaycanda yeni istehsal sahəsində başlanğıc olur. Toxuculuq fabrikini xammalla təmin etmək məqsədi ilə Tağıyev Yevlax rayonunda pambıq əkini üçün torpaq sahəsi alır və 1909-cu ildə Cavadda pambıqtəmizləmə zavodu tikdirir. Bakının ən iri ticarət mərkəzi sayılan ticarət evini də Tağıyev təşkil etmişdir.
1890-cı ildə balıq sənayesinə güclü sərmayə qoyan Tağıyev iri balıqçılıq vətəgələrinə sahib olmuşdur. O, balıq məhsullarının saxlanmasını təmin etmək üçün Mahaçqala şəhərində soyuducu zavodu, buz istehsalı zavodu, çəllək zavodu inşa etmişdir.
H.Z.Tağıyev xeyriyyəçi idi, bu məqsədlə o, böyük xeyriyyəçilik fəaliyyətinə başlayır. 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirir. Bəzi mənbələrdə qızlar məktəbinin inşasını Sona xanımın təklif etdiyi göstərilir. Çünki gənc yaşda Hacıya arvad olan Sona xanım təhsil ala bilməmişdi. Bu bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi. Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cü ildə hazır olur. Bu məktəb Nikolayevski (Kommunist) küçəsində (Azərbaycan SSR Elmlər Akademiyasının Əlyazmaları fondunun binası) yerləşir. Qızlar məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.
Hacı Zeynalabdin Tağıyev bütün Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınmışdır. Onun maarifpərvər xidmətləri əsasən XX əsrin əvvələrindən başlayır. Bu da təsadüfü deyildi. 1905-ci il inqilabından sonra hökümətin Oktyabr bəyannaməsi ölkədə mədəni-maarif işlərinin canlanmasına səbəb oldu. Ölkənin hər yerində xeyriyyə məqsədi ilə bir sıra cəmiyyətlər yarandı. Qəzet və jurnallar çap edilməyə başladı. Bu cəmiyyətlərin yaradılması, qəzet və jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlıdır. Bu işdə Tağıyev bir növ təşkilatçı rolunu oynayırdı. Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılmışdır.
İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış Müsəlman Xeyriyyə Cəmiyyəti idi. Bundan başqa "Nəşr və maarif", "Nicat" cəmiyyətlərinin yaranmasında da Hacı Zeynalabdin Tağıyevin yaxından köməyi olmuşdur.
Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülküyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır, hər şey Rusiyanın maraqlarına yönəlir. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O özünün artıq əlindən alınmış keçmiş mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evini seçir.
Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də, axşam səkkizin yarısında, 101 yaşında vəfat etmiş və sentyabrın 4-də dəfn edilmişdir. Onun dəfninə çox böyük izdiham toplanmışdı. İnsanlar yas mərasiminə bütün Bakı və ətraf kəndlərdən ərzaq gətirirdilər.
Milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev 1924-cü ilin 1 sentyabrında 101 yaşında Mərdəkanda vəfat etmişdir.Nəriman Nərimanovun köməkliyi ilə Bakının "Kommunist" və "Bakinskiy raboçiy" qəzetlərində onunla bağlı nekroloq çap edildi.
Şakir QURBANOV