...Son onilliklərdə Azərbaycan nəinki regionda, eyni zamanda dünya səviyyəsində intensiv inkişaf nümayiş etdirməkdədir.
Azərbaycan dövləti öz müstəqilliyini əhəmiyyətli səviyyədə gücləndirmiş və ərazi bütövlüyünü təmin etmişdir. Milli sərvətlərdən Azərbaycan xalqının rifahı naminə ədalətli və səmərəli istifadə edilməsində özünəməxsus iqtisadi inkişaf və tərəqqi modeli formalaşdırmışdır. Dünyanın bir çox ölkələri Azərbaycanın dövlətçilik ənənələrini və mexanizmlərini, ordu quruculuğu təcrübəsini və dinamik sosial-iqtisadi inkişaf modelini öyrənməyə başlamışlar. Bunlar heç də bir günün içində və təsadüfdən yaranmamışdır.
Ulu Öndər Heydər Əliyevin layiqli varisi İlham Əliyev 2003-cü il oktyabr ayının 15-də Prezident seçiləndən sonra Ulu Öndərin siyasətini davam etdirəcəyini, onun irsini qoruyacağını və daha da inkişaf etdirəcəyini əminliklə bildirmişdir. Sonrakı dövrdə dövlət başçısı nəinki verdiyi sözə əməl etdi, həm də xalqla lider, cəmiyyətlə dövlət arasında qırılmaz tellər bağladı və körpü yaratdı. Ötən 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı dinamik bir inkişaf yolu keçmiş və Azərbaycan - regionun aparıcı dövlətinə çevrilmişdir. Milli iqtisadiyyatımız tamamilə yeni güclü rəqabət qabiliyyətli əsaslar üzərində formalaşdırılmış, ölkəmiz regionun mühüm enerji və nəqliyyat layihələrinin həm təşəbbüskarı, həm də maliyyədonoru kimi çıxış etmişdir.
2030-cu ilədək sosial-iqtisadi inkişafın milli prioritetləri müəyyənləşdirilmiş və 2026-cı ilədək olan dövr üçün strateji hədəflər reallaşdırılmaqdadır. Bütün bunlar dövlət başçısının balanslaşdırılmış, uzaqgörən və milli köklərə söykənən siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir. Digər tərəfdən, Prezident İlham Əliyevin Azərbaycan xalqının tarixində misli görünməmiş uğurlara imza atmasında, XXI əsrin liderlik statusuna yüksəlməsində ən strateji və misilsiz xidmətlərindən mühümü Azərbaycanı qalib ölkə statusuna yüksəltməkdən ibarət olmuşdur. 30 ilə yaxın düşmən tapdağı altında inildəyən torpaqlarımızın erməni işğalçılarından azad edilməsibütün dünyada Azərbaycan xalqının qüdrətini və gücünü nümayiş etdirmişdir, Azərbaycan ordusunun rəşadətini və qəhrəmanlığını ortaya qoymuşdur, ən əsası isə Ali Baş Komandanın məharətini və baçarığını özündə ehtiva etmişdir. Digər tərəfdən, dövlət başçısının yorulmaz səyləri nəticəsində Türk dünyasının coğrafiyasının birləşdirilməsində ölkəmiz önəmli funksiyaları yerinə yetirməkdədir və bu istiqamətdə gedən tədbirlərin mərkəzinə çevrilmişdir. Azərbaycan dövlətinin nüfuzu artan xətlə əksər dünya dövlətləri tərəfindən qəbul olunmuşdur.
2003-2023-cü illərdə Azərbaycanda dövlətçilik atributları maksimum gücləndirilmiş, siyasi sabitlik tamamilə yeni mərhələyə qaldırılmış, dövlət aparatının işləkliyi və funksional səmərəliliyi dəfələrlə artırılmışdır. Azərbaycan güclü rəqabət qabiliyyətinə malik ölkə statusuna yiyələnmiş və dövlətimizin imici əhəmiyyətli səviyədə yüksəlmişdir. Regionun strateji enerji və nəqliyyatlayihələri məhz ölkəmizin təşəbbüskarlığı və maliyyə donorluğu sayəsində mümkün olmuşdur.
Düşünülmüş və səmərəli qeyri-neftqaz sektoru layihələri hesabına milli iqtisadiyyatımızın strukturu maksimum təkmilləşmiş və qeyri-neftqaz sektoru sahələrinin prioritetliyi təmin olunmuşdur. Ölkəmiz dünya kosmik klubun üzvü statusunu almışdır. Strateji valyuta ehtiyatlarımız 70 milyard dollara yaxındır. Valyuta ehtiyatlarının formalaşdırılması ölkə iqtisadiyyatının sabit olaraq inkişafına və iqtisadi islahatların dərinləşdirilməsinə, əhalinin sosial-iqtisadi inkişafının sabitliyinə, milli prioritet layihələrin reallaşdırılmasına ciddi töhfə verməkdədir. Son 20 ildə ölkəÜDM-i 4 dəfə və xarici ticarət dövriyyəsi 10 dəfə yüksəlmiş, xüsusilə qeyri-neftqaz ixracı dəfələrlə artmış, ümumilikdə ölkə iqtisadiyyatına yönəldilən investisiyaların həcmi 310 milyard dollardan çox olmuşdur. Ölkəmizin xarici borcları minimum həddə endirilmişdir. Yoxsulluq və işsizlik səviyyəsi xeyli aşağı salınmışdır.
Bir məsələni xüsusi vurğulamaq istərdik, belə ki, Azərbaycan işğaldan azad olunmuş əraziləri öz maliyyə gücü və iqtisadi qüdrəti hesabına bərpa edən və dirçəldən nadir olkələrindən biri kimi artıq tarixə düşmüşdür. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və dirçəliş layihələri, Böyük Qayıdışın təmin edilməsi bunun bariz nümunəsidir və bu vaxta kimi görülən işlər üçün 12 milyard manatdan artıq vəsait ayrılmışdır.
Başqa önəmli bir məsələ Azərbaycanın yaşıl enerji və yaşıl iqtisadiyyat prinsipləri əsasında yeni sosial-iqtisadi inkişaf modelinə keçməsi üçün başladığı tarixi işləri qeyd etmək lazımdır. Belə ki, 2030-cu ilədək sosial-iqtisadi inkişafla bağlı milli prioritetləri sırasında “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” hədəfi strateji əhəmiyyət kəsb edir. Digər tərəfdən, 2024-cü il dövlət başçısının müvafiq sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası və işğaldan azad olunmuş ərazilər “yaşıl enerji” zonası elan edilmişdir. Tarixi bir hadisə isə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının növbəti Tərəflər Konfransının Sesiyasının (COP-29) 2024-cü ilin noyabrında Azərbaycanda keçirilməsi qərarıdır. Fikrimizcə, bu qərar dünya dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların Azərbaycana, şübhəsiz prezident İlham Əliyevə – onun nüfuzuna və siyasi iradəsinə marağın və yüksək etimadın ifadəsi kimi qiymətləndirilməlidir. Çünki son illərdə ölkəmizdə - Bakıda və bir sıra digər şəhərlərimizdə yüksək statusa malik beynəlxalq tədbirlər uğurla təşkil olunmuş və səmərəli keçmişdir.
“Yaşıl dünya”nın formalaşdırılması, resurslardan səmərəli istifadə olunması, “yaşıl iqtisadiyyat” prinsiplərinin iqtisadiyyatın və cəmiyyətin bütün sahələrində bərqərar edilməsi, ekoloji iqtisadi sistemin tarazlaşdırılması, ətraf mühitin qorunması istiqamətlərində misli görünməmiş layihələrin həyata keçirilməsi hədəflənmişdir. Azərbaycan artıq Avropanın strateji enerji partnyoru kimi yüksək statusa malikdir və ölkəmiz 2027-ci ilədək Avropaya təbii qazın göndərilməsini iki dəfədən çox artıracaq və bu rəqəm 20 milyard kub metr səviyyəsində olacaqdır. Digər önəmli bir məsələ, ölkəmizdə yaşıl enerji potensialının yaradılması və artırılması istiqamətində layihələrin reallaşdırılmasına başlanılmışdır. Xızıda “Mastar” (Birləşmiş Ərəb Əmirlikləri) şirkəti ilə birgə külək və günəş enerjisi layihəsinin icrasına start verilmiş və burada istehsal gücünün 2027-ci ildə 4 gigavat, 2037-ci ildə isə 6 gigavat həcminə çatdırılması nəzərdə tutulmuşdur. Azərbaycanda istehsal olunacaq elektrik enerjinin bir hissəsi Avropaya ixrac olunacaqdır və bu məqsədlə, Gürcüstandan keçməklə Rumıniyaya – Qara dənizin dibi ilə kabel xətti çəkilcəkdir.
Yaxın perspektivdə ölkəmizdə regional inkişafın yeni modeli formalaşdırılacaqdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yüksək, ilk növbədə “ağıllı” texnologiyalar əsasında müasir şəhərlər və kəndlər tikiləcəkdir və bu proseslər sürətlə getməkdədir. Böyük Qayıdışla bağlı I Dövlət Proqaramının intensiv olaraq reallaşdırılması keçmiş məcburi köçkünlərimizi daha sürətlə doğma yurdlarına qaytarmağa imkan verəcəkdir. Ölkəmiz xeyli güclənəcək, sosial-iqtisadi inkişafın intensivləşdirilməsi mənbələri yaranacaq, milli iqtisadiyyatımızın şaxələndirilməsi sürətlənəcək və əhalimizin yaşayış səviyyəsi əhəmiyyətli şəkildə artacaqdır.
Bütün bunların reallaşdırılması və ümumilikdə Azərbaycanın müstəqil dövlət kimi maksimum güclənməsi üçün XXI əsrin liderlik statusuna yüksəlmiş, xalqın tam etimadını qazanmış, xalqla dövlət arasında vahid birliyi təmin etmiş, "Dəmir yumruğu" düşmənin başı üzərində əzəmətlə dayanan və qalib ölkənin Ali Baş Komandanı, müzəffər ordunun məğlubedilməz sərkərdəsi olan Prezident İlham Əliyevin siyasətinin davam etdirilməsinə və daha da genişləndirilməsinə tarixi zərurət vardır.
Əminliklə deyə bilərik ki, xalqımız 2024-cü ilin 7 fevral prezident seçkilərində məhz hazırkı dövlət başçımız İlham Əliyevi yekdilliklə dəstəkləyəcək və nəticədə müstəqil Azərbaycanımız onun rəhbərliyi ilə daha intensiv olaraq inkişaf etməkdə və güclənməkdə davam edəcəkdir.
ŞƏFA ƏLİYEV,
iqtisad elmləri doktoru, professor,
UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin Rəhbəri
(Xüsusi olaraq "Təzadlar" üçün)