...Özü boyda vətəndaş- Vətən daşı, bədii qiraət ustası, Əməkdar artist, “Qızıl qılınc” mükafatının sahibi Ağalar Bayram 70 yaşına çatdı, amma...

 Böyük tədbirlərdə, məclislərdə söylədiyi şeirlərlə ruhumuzu oxşayan, həmin şeirlərdəki obrazlarla yaşayan bədii qiraət ustası, aktyor Ağalar Bayramın 70 yaşına çatmasına inanmaq istəmirsən... Çünki ondakı şuxluq, gumrahlıq, həyat eşqi heç o yaşa uyğun deyil... Amma fakt-faktlığında qalır ki, milyonların sevimlisi olan dostumuz Ağalar Bayramın yanvarın 16-da 70 yaşı tamam oldu.

XXX

...70 yaş müdriklik yaşıdır, - deyirlər. Amma Ağalar Bayram cavan yaşlarından  da müdrik idi. Elə cavan göründüyü üçün də ona 70 yaşlı müdrik yox, məhz cavanlığında gördüyümüz Ağalar kimi baxırıq. Nahaqdan deməyiblər ki, ağıl yaşda deyil, başdadır. Ağalar Bayram da elə cavan yaşından dərin savadı, iti zəkası, sonsuz istedadı ilə həyatda həmişə müdriklər sırasında olub.

XXX

Ağalaq Xanlar oğlu Bayramov- 1954-cü il yanvarın 16-da Ucar rayonunun Boyat kəndində anadan olub. Uşaqlıqdan valideynlərini itirdiyindən məşəqqətli bir həyat keçirib. Lakin əyilməyib, sınmayıb, məqsədinə doğru inamla addımlayıb. Bu yolda rastlaşdığı çətinliklərə mərdliklə sinə gəlib. Heç bir arxa-dayağı olmayıb, heç kimə güvənməyib. Elə arxa-dayağı olmadığından 70 yaşını da 2002-ci ildən verilən “Əməkdar artist” adı ilə qarşılayır... Nə isə...

 A.Bayram 1977-79-cu illərdə Bakı Mədəni Maarif Texnikumunda özfəaliyyət-dram rəhbəri ixtisasına yiyələnir. 1980-85-ci illərdə isə M.Ə.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti – ADMİU) təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib. İnstitutu bitirəndən sonra, əvvəlcə orada laborant, bir müddət sonra dekan müavini işləmişdir. Hələ tələbə ikən, yəni 1984-cü ildən Tədris Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. 1991-ci ildən bu günə kimi isə,ADMİU-nun “Səhnə danışığı” kafedrasında dosent kimi gənc aktyorlara bu fənni tədris edir. 1983-cü ildən bu günə qədər Dövlət Teleradio Şirkətində bədii qiraətçi-aktyor kimi çalışır.

XXX

...Ağalar Bayram aktyor kimi bir neçə baş rolda çəkilib. “Oyun”, türkçülükdən bəhs edən “Tanrı işığı” və Məhəmməd Peyğəmbərə həsr olunmuş “Adın hikməti” sənədli filmlərində baş rollarda çıxış edib. A.Bayram həm də ssenaristdir. Onun ssenarisi əsasnda çəkilmiş və özünün də iştirak etdiyi 11 ədəbi teatr, Azərbaycan televiziyasının Qızıl Fondunda saxlanılır. Bunlar Aşıq Ələsgər, Məmməd Araz, Fikrət Qocanın əsərlərindən ibarətdir.

 Məmməd Araz deyərkən, A.Bayramın bu ustad şairin şeirlərini necə böyük məharətlə söyləməsi göz önünə gəlir. Bir neçə məclisdə bu gözəl qiraət ustasının M.Arazdan söylədiyi şeirləri dinləmişəm. Bu sahədə müəyyən qədər anlayışım olduğundan deyə bilərəm ki, o, ustad şairin şeirlərinin öhdəsindən çox böyük bacarıqla gəlib. Bildiyimiz kimi, rəhmətlik Mikayıl Mirzə də M.Araz şeirlərini çox böyük ustalıqla söyləyirdi. Amma A.Bayramın da ustad şairin şeirlərini özünəməxsus şəkildə söyləmək bacarığı var. Şeirdəki qabarmalar, çəkilmələr, aşağı, yuxarı səslər və yeri gələndə pıçıltılar çox böyük ustalıqla tamaşaçıya çatdırılır. Dəfələrlə onunla birlikdə məclislərdə olmuşam. A. Bayram üçün məclislərin böyüyü, kiçiyi, tamaşaçıların dünyagörüşünün geniş və ya dar olması anlayışı yoxdur. Söylədiyi şeirlərin hər birinə bütün ruhunu qoyub tamaşaçılara çatdırır.

 A.Bayramla rəhmətlik Musa Yaqubun iştirakı ilə olan bir məclis yadıma düşür. Əlbəttə, mən şeirlərin dəhşətli dərəcədə vurğunu olub, saatlarla əzbər şeir demək imkanımın olmasına baxmayaraq, qiraət ustası deyiləm. Sadəcə bacarıb, dərk etdiyim qədər şeiri deməyə çalışıram. Musa Yaqubla olan həmin məclisdə çıxışım zamanı şairin “Bu dünyanın qara daşı göyərməz” adlı məşhur şeirini Ağalar Bayramdan üzr istəyib, söylədim. Mən şeiri deyib qurtarandan dərhal sonra, A.Bayram Məmməd Arazın bu şeirə yazdığı “Göyərdi” adlı nəzirəni söylədi. Olduqca maraqlı bir tandem alındı və mənə də təşəkkür etdi.

 Mərhum şairimiz Söhrab Tahirin də iştirakı ilə olan məclisdə A.Bayramın şeir söyləmələrinin şahidi olmuşam. Aktyorun ifasında vətənpərvərlik, Qarabağ, şəhidlər, qəhrəmanlar haqqında şeirlər xüsusi önəm daşıyır. M.Arazın “Dilənçi qaçqın” şeiri torpaqlarımız işğalda olarkən yazılmış və xalqı ayağa qalxmağa, Qarabağı azad etməyə səsləyən üsyan dolu bir şeirdir. A.Bayram bu şeiri bütün qanı, canı ilə elə məharətlə söyləyir ki, adamın həyəcandan tükləri biz-biz olur və əlinə silah götürüb düşmən üzərinə hücuma keçmək istəyirsən.

 Bədii qiraət ustası və aktyor kimi A.Bayramın söylədiyi şeirlərdəki obraza belə məharətlə girməsi olduqca heyranedicidir. Aktyoru dinlədikcə, sanki həmin şeir şairin yox, A.Bayramın öz içindən gələn hiss və duyğulardır. Çünki şeiri deyəndə onunla yaşamaq, hər adama nəsib olmur. A.Bayram yeri gələndə obraza şaqraqlıq da, pıçıltı da, üsyan da, mərhəmət də, ağlamaq da qatmağı böyük ustalıqla bacarır.

 Sosial şəbəkələrdə A.Bayramın ifasında çoxsaylı şeirlər paylaşılır. Bədii qiraət ustasının ifasında Azərbaycanın elə bir şairi yoxdur ki, onun şeiri səslənməsin. Məsələn, Oğuzda doğulub Gəncədə ali təhsil alıb, Bakıda yaşayıb-yaradan, son 30 ildir səhhəti ilə bağlı Almaniyanın Münhen şəhərində yaşayan dağ yəhudisi, Azərbaycan və İsrail Yazarlar Birliyinin üzvü, Azərbaycan dilində yazıb-yaradan, 87 yaşlı Simax Şeydanın şeirlərini Ağalar Bayram çox böyük məharətlə ifa edib. Bu şeirlərin yazıldığı disk isə çox geniş populyarlıq qazanıb. Ağalar Bayram Simax Şeyda şeirlərinə, sanki yeni bir nəfəs, yeni bir ruh verib.

d230607e-2807-44e5-bfa1-ea7c0fc67bb5

A.Bayram Azərabycanın klassik və müasir şairlərin şeirlərini həmişə öz repertuarına daxil edib. Bunların içərisində N.Gəncəvi, M.Füzuli, Nəsimi, S.Ə.Şirvani, M.Ə.Sabir, M.P.Vaqif, Ə.Cavad, M.Müşfiq, A.İldırım, H.Cavid, S.Vurğun, M.Araz, B.Vahabzadə, S.Tahir, M.Yaqub, N.Həsənzadə, F.Qoca, M.İsmayıl, X.R.Ulutürk, C. Novruz, N. Kəsəmənli, Z.Yaqub və s. şairlərin şeirlərini saatlarla, özü də çox böyük məharətlə əzbərdən deyə bilir. Ağalar Bayram, sanki bir ensiklopediyadır.

 XXX

Ustadlarımızın şeirlərində yaşayan və bu şeirləri öz ifaları ilə yaşadan dəyərli Ağalar Bayramın 70 yaşı tamam oldu. Amma Azərbaycan boyda ürəyi olan qiraət ustadı bu yaşın içində unuduldu. Niyə? Səbəb nədir? Bilmirik...

"Təzadlar" olaraq sözümüz Mədəniyyət Nazirliyinədir: yaxşı, "Azərbaycan deyəndə, ayağa dur ki..." yazan Məmməd Arazın 90 illik yubileyini unutdunuz, barı Məmməd Araz şeirlərini ifalarında yaşadan 70 yaşlı qiraət ustadını yubileyində yada salmaq bu qədərmi çətin idi?! 

Unutmusunuzsa, yadınıza salırıq: səhnələrimizdə Azərbaycanın çoxsaylı Xalq artistləri var, şou əhli var, səhnəmizdə necə gəldi at oynadanlar var... Amma səhnəmizdə ustad qiraəti ilə at oynadan və barmaqla sayılan Ağalar Bayramlar da var. Ağalar Bayramı unutmayın, onu unudanda ustad şairlərimizin də şeirləri səhnələrimizdə unudulacaq... O, YUBİLEYİ YADA DÜŞMƏYƏN, YADA DÜŞMƏN OLAN VƏTƏN DAŞI - AĞALAR BAYRAMOVDUR! AXI, SƏHNƏ QİRAƏTİ İLƏ KÖNÜLLƏRİ SEVİNDİRƏN BİR SƏHNƏ USTADININ KÖNLÜNÜ ŞAD ELƏMƏK BU QƏDƏRMİ ÇƏTİNDİR?!

Elçin MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN