Dünən "Holiday İnn" Otelinin böyük zalında 2- ci Rəsulzadə qiraətləri" adlı konfrans keçirildi. "Təzadlar"ın rəhbərliyinin də iştirak etdiyi konfrans dövlət himninin səsləndirilməsi ilə öz işinə başladı. Sonra Xalq artisti Alim Qasımovun ifasında (sözləri Xalq şairi Zəlimxan Yaqubundur) Məmmədəmin Rəsulzadəyə həsr edilmiş muğam səsləndirildi.
Konfransı açaan professor Solmaz Rüstəmova Tohidi konfrans iştirakçılarını salamladı, konfransın işinə uğurlar dilədi.
Daha sonra konfransın gündəliyində nəzərdə tutulmuş çıxışlar ətrafında Akademik, AMEA prezidenti İsa Həbibbəyli, professorlar - Nailə Vəlixanlı, Hamlet İsaxanlı, Varşava Universitetinin professoru Yan Maliski, Ankara Universitetinin professoru Necdet Ünüvar, VMF Holdinqin rəhbəri Vahid Mustafayev və başqaları çıxış edərək Rəsulzadə kimliyi barədə geniş danışdılar.
Konfransın işində "Təzadlar"ın baş redaktoru Asif Mərzili və qəzetin şöbə müdiri Elçin Məmmədli də iştirak edirdilər.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümüdür. Xatırladırıq ki, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib. O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.
1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib. Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.
1992-ci il dekabrın 24-də Azərbaycan Prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.
29 dekabr 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.
22 noyabr 2013-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib. Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.
Həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili münasibətilə Prezident İlham Əliyev tərəfindən 2018-ci ili "Cümhuriyyət İli" elan edilib. Prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
JASMİN