Xəbər verildiyi kimi, Rusiya Müdafiə Nazirliyinin Qarabağda yerləşən hərbi şəhərciklərinə aid kazarma-mənzil fondunda xidmət göstərilməsinə dair tender çərçivəsində həyata keçirilən satınalma ləğv edilib.
Bu barədə “Report”un Rusiya bürosuna Rusiyanın satınalmalara dair zakupki.gov.ru vahid portalının texniki dəstək xidmətindən bildiriblər.
“Satınalma sifarişçi tərəfindən ləğv olunsa da, bu barədə portalda yerləşdirilən məlumat silinmir. Silinməsi üçün ya məhkəmənin qərarı, ya da nəzarət qurumlarının göstərişi olmalıdır”, - deyə xidmətdən qeyd ediblər.
Xatırladaq ki, adıçəkilən portalda Rusiya Müdafiə Nazirliyinə aid yaşayış binalarının yerləşdiyi ərazi “Dağlıq Qarabağ Respublikası” kimi qeyd olunduğu üçün Azərbaycan Xarici İşlər Nazirliyi qonşu ölkəyə etirazını bildirmişdi.
Bəli, yuxarıda göstərilən saytda “Dağlıq Qarbağ Respublikas”sözü də daxil olmaqla, bütün mətn hələ də qalmaqdadır. Düzdür, səhifəni açmaq istəyəndə səhifənin mövcud olmadığı barədə məlumat verilir,amma ümumi səhifədə heç nə dəyişmir. Xəbərdə deyildiyi kimi, portalda bu mətnin silinməsi üçün güya hansısa məhkəmənin qərarı, ya da nəzarət qurumlarının göstərişi olmalıdır kimi anlaşılmayan bir cavab verilib. Bir halda ki, Azərbaycan tərəfi Rusiya Müdafiə Nazirliyinə bu satınalmalar barədə öz etirazını bildirib və Rusiya tərəfi də razılaşıb, o zaman nə məhkəmə, nə göstəriş? Saytın administratoru zəhmət çəkib mətni silsin, vəssalam.
Buradan belə bir nəticəyə gəlmək olar ki, elan Azərbaycan cəmiyyətini qıcıqlandırmaq məqsədi ilə verilib. Yəni, Qarabağda bir erməni dövləti var, onu ruslar himayə edir, ruslar da özgə torpaqlarında tender keçirmək istəyir, yəni, Qarabağ dolayısı yolla Rusiyaya məxsusdur və s.Və bu cür tender elanınını hansısa özəl bir şirkətin yox, məhz Müdafiə Nazirliyinin verməsi buna sübutdur. Necə olur ki, Rusiya hərbçiləri bütün münaqişə zonalarında tam hazırlıqlı şəraitdə iştirak edirlər, Qarabağda bunların nəyisə çatışmır və bunun üçün də tender elan edirlər. Rus “sülhməramlıları” Xankəndini su ilə, ərzaqla təchiz edirlər, infrastrukrur binaları tikirlər,amma kazarmalarına xidmət edə bilmir, kənardan şirkətlər dəvət edirlər. Bu yaxınlarda Rusiya XİN Lavrov müxtəlif iş adamlarını Qarabağa (oxu: ermənilərə) invenstisiya qoymağa çağırmışdı. Sanki, Qarabağ Rusiyanın ərazisidir. Həftə-səkkiz, mən doqquz, Putin təhlükəsizlik şurasında Qarabağ məsələsini müzakirə edir, Lavrov cürbəcür bəyanat verir, Müdafiə Nazirliyi özünə stasionar kazarmalar tikiir, Zatulin kimiləri də bəyan edir ki, Rusiya Qarabağa həmişəlik gəlib. Ölmüşdü Xankişi! İndi Azərbaycan xalqının səbrini tükəndirməyin. Hər şeyin bir həddi-hüdudu var. Bu qədər də olmaz axı. Hələlik isə, elan yerindədir.
Şakir QURBANOV