MTK-ların son vaxtlar "dövlət layihəsi" bəhanəsi ilə vətəndaşların evlərini zor gücünə sökməsi halları artmaqdadır...

Artıq Azərbaycanın hüquq mühafizə orqanları da bu qanunsuzluqlara qarşı tədbir görməyə başlayıb. Tezadlar.az xatırladır ki, Yasamal rayonu B.Şahtaxtinski küçəsində yaşayış evlərinə tikinti şirkətlərindən biri tərəfindən zərər vurulması ilə bağlı daxil olan məlumat üzrə araşdırmalara başlanılıb. DİN-in Mətbuat Xidmətinin yaydığı məlumatdan bəlli olur ki, bu gün iyulun 5-də saat 00:49 radələrində vətəndaş N.Nəcəfzadə DİN-in 102 Zəng Mərkəzinə ərazidə tikinti aparan MTK tərəfindən evlərdə yaşayış olduğu halda evlərin sökülməsi barədə məlumat verib. Məlumatla bağlı polis əməkdaşları həmin ünvanda razılıq olmadan bir neçə mənzilin divarlarına zərər vurulmasını müəyyən ediblər. Vətəndaşın müraciəti əsasında söküntü işləri aparan şirkətin işləri dayandırılıb. Faktla bağlı prosessual araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

*** 

Daha bir fakt: “İbrahim-Q” MTK-nın vəzifəli şəxsləri tərəfindən paytaxtın Yasamal rayonu ərazisində xüsusi mülkiyyətdə olan mənzilin qanunsuz sökülməsi barədə daxil olmuş məlumat üzrə rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə Yasamal Rayon Prokurorluğundan Tezadlar.az-a məlumat verilib. Bildirilib ki, araşdırmalarla həmin kooperativin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək iyunun 30-da Afət Quliyevaya məxsus evin razılığı olmadan (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 53, mənzil 1) ümumi təhlükəli üsulla tamamilə sökülməsi nəticəsində ona külli miqdarda maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyənləşdirilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 186.2.1-ci, 186.2.2-ci (külli miqdarda ziyan vurmaqla ümumi təhlükəli üsulla əmlakı qəsdən məhv etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

Bəli, MTK sahiblərinin bu özbaşınalıqlarına son qoyulmalıdır. Bu əməllər vətəndaş narazılığını artıran məsələlərdir. Bir mənzili 2-3 adama satmaqları bəs deyil, bəziləri indi də çalışırlar ki, vətəndaşın mülkünü su qiymətinə alıb "qaz vurub, qazan doldursunlar".

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN