"Azərbaycanda hakimiyyətin üç qolu var: İcra Hakimiyyəti, Məhkəmə Hakimiyyəti və Qanunvericilik Hakimiyyəti. Qanunvericilik Hakimiyyəti parlament yolu ilə həyata keçirilir".
Bu sözləri açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib. O bildirib ki, parlament Respublikanın bütün rayonlarını əhatə edən nümayəndələrdən formalaşır: "Parlamentin fəaliyyətini iki istiqamətdə təhlil etmək olar. İlk növbədə, parlamentin qəbul etdiyi qanunların dövlətin idarə olunmasında qəbul edilməsi müstəvisində, digəri isə parlamentdə təmsil olunan deputatların dövlətin ictimai-siyasi həyatındakı fəaliyyətinə qiymət vermək olar. Parlament qanunvericilik sahəsində kifayət qədər qanunların qəbul edilməsində operativ iştirak edir. Lazım olan boşluqları aradan qaldırmaq üçün təhlil edir. Qanunların qəbul edilməsində kifayət qədər qənaətbəxş hesab etmək olar. Parlamentdə təmsil olunan deputatların dövlətin ictimai-siyasi həyatındakı fəaliyyətini qənaətbəxş hesab etmək olmaz. Ona görə ki, ictimai xadim kimi parlamentdə təmsil olunan deputatların 10%-nin ictimai-siyasi proseslərdə fəal olduğunu görürəm. Müntəzəm şəkildə 10%-in kütləvi informasiya vasitələrində fəaliyyətlərini müşahidə edirəm. Digər 90% deputatı tanımıram. Məsələ burasındadır ki, dövlət başçısının apardığı siyasi kursu kifayət qədər ictimaiyyətə çatdıracaq deputat korpusu yoxdur. Ona görə ki, Prezidentin apardığı xarici və daxili siyasəti əldə etdiyimiz uğurları cəmiyyətə çatdırmaq üçün regionlardan seçilən deputatların əhali ilə təmasını görmürük. Dövlətin apardığı uğurlu siyasəti yerlərdə cəmiyyətə çatdırmaq üçün bu deputatların fəaliyyəti sıfır səviyyəsindədir. Deputatların seçicilərilə təması görünmür. Mandat aldıqdan sonra onlar özlərini regionlardan təcrid edirlər. Hətta seçicilər öz deputatlarını üzdən tanımırlar. Bu cür hallar parlamentin nüfuzuna xələl gətirir. Yeni seçilən parlamentin 70-80%-i keçmiş parlament nümayəndələrindən formalaşıb. Yeni seçilən parlament əvvəlki parlamentdən qismən fərqli olmalıdır. Çünki Prezidentin parlament iclasının açılışında da çıxışı bir daha onu göstərdi ki, deputatlar ictimai-siyasi proseslərdə fəal olmalıdır. İstər daxildə, istərsə də beynəlxalq toplantılarda fəallığı artırmalıdırlar. Çünki dövlətimizə qarşı xaricdən basqılar getdikcə artmaqdadır. Bu basqılara qarşı adekvat cavab vermək təkcə Prezidentin üzərinə düşməməlidir. Müəyyən məsuliyyəti parlament öz üzərinə götürməlidir".
"Xaricdən gələn təzyiqlərə cavab vermək üçün operativ bəyanatlar səsləndirilməlidir. Hesab edirəm ki, parlament bu məsələyə çox ciddi yanaşmalıdır. Avropa təşkilatlarında olan fərqli institutların Respublikamıza qarşı qərəzli bəyanatlarına parlament müvafiq cavab verməlidir. Təəssüflər olsun ki, bunu görmürük. Bu baxımdan ictimai-siyasi proseslərdə parlamentin fəaliyyəti qənaətbəxş deyil. Qanunların qəbul edilməsində qənaətbəxş olsa da, ictimai-siyasi proseslərdə geriləmələr var. Düşünürəm ki, yeni seçilən deputatlar bu boşluğu dolduracaqlar" - deyə o, əlavə edib.