"Təzadlar" dəfələrlə yazıb, yarımadada yerləşən və 4/3 hissəsi su ilə əhatəli şəhərdə ( paytaxtda) tikinti mədəniyyətinə ciddi əməl edilməsə, fəsadları təkcə tıxacla bitməyəcək... Həm də paytaxtda daha ciddi problemlərə yol açacaq.
Vaxtilə mərkəzi ərazilərindəki binalarının 70 faizi bir, iki və ya üç, dörd, beşmərtəbəli olan Bakını indi 20-25 mərtəbəli komplekslərlə yükləyiblər. Yollarını demirik, indi kanalizasiyalarında da tıxanmalar baş alıb gedir. Axı tikinti bumuna rəvac veriləndə, gərəkk yüz il əvvəlki kanalizasiya sistemi də dəyişdiriləydi. Bakı isə indi yenidən adi yağışa əsir olub! "Təzadlar" dəfələrlə yazıb, amma xeyri yoxdur... Bakı mərkəzə doğru sökülür və göydələnləşdirilir... Yüz il əvvəlki kanalizasiya sistemi isə dəyişmir! Çünki bəzi məmurların təfəkkürü dəyişmir, təki pul qazanma meydanı olsun! Bakı meriyası və Bakı Yol Polisi isə səhərin gözü açılmamış sürücülərə müraciət edir ki, yolları su basıb, maşın sürməyin... Əla təklifdir! İribuynuzlular Bakının mərkəzini göydələnlərlə doldurub həm yollarda, həm də yazıq Bakının kanalizasiya sistemində tıxanma yaratsın, AYNA genişlənməyən yolları velosiped, parklanma və avtobus zolağına ayırsın, il boyu cərimələrlə, texsmotrla, sığorta və s. ilə yüklənən binəva sürücülər də bu yağışda işə, bazara... piyada getsin! Səmərələşdirici təklifdir, patent alınmalıdır!
XXX
Nə isə... Axşamdan Bakıya narın yağış yağır... Yollar subasmalara görə bağlanıb, saatlarla yollarda qalma baş alıb gedir... Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) yağışın törətdiyi fəsadlarla əlaqədar sürücülərə müraciət edib. Yol Polisi İdarəsi paytaxtın bir neçə istiqamətində nəqliyyatın hərəkətində çətinliyin yarandığını bildirib. Sitat: “Yağışın davamlı olaraq yağması nəticəsində hazırda paytaxtın Nərimanov rayonu Bağırov körpüsünün altında, Sabunçu rayonu "Komsomol dairəsi" və Xətai rayonu “Nargilə dairəsi” adlanan ərazilərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb”. Və məlumatda o da qeyd olunub ki, polis, o cümlədən dövlət yol polisinin əməkdaşları və aidiyyəti qurumların nümayəndələri tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir. “Sürücülərdən xahiş edirik ki, qeyd edilən istiqamətlər üzrə zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməsinlər, ictimai nəqliyyata üstünlük versinlər”.
Xatırladaq ki, daha əvvəl Bakı şəhər İcra Hakimiyyəti Heydər Əliyev prospektindəki Bağırov körpüsünün su basması barədə məlumat yayıb. Hansı ki, bu hal hər il təkrarlanır, amma tədbir görülmür. Həmin meriya Bakının mərkəzində göydələn tikintisinə isə susur... Hansı ki, bu hal hər il baş verir və heç bir tədbir görülmür! Meriyanın başı isə olan- qalan köhnə Bakını söküb iribuynuzlulara göydələn tikməsi üçün ayıraraq söküntülərlə başını qatır...
A.Məmmədli