Ölkəmizi bu günlərdə gizli yolla nəhayət ki, tərk etmiş bulunan bu "İsfahan lotusu" ilə illər öncə balaca bir qarşılaşmamız olmuşdu. Oxuyanlar üçün də maraqlı olacağını nəzərə alıban, nəql edim...
Söz vaxtına çəkər, 1999-un bu vaxtları olardı. Oktyabrın əvvəlləri, pürçiskin bir Bakı axşamı idi. İşlədiyim qəzetdən redaksiya tapşırığı vardı ki, axşam saat 20-də "Dövlət Gənclər teatrı"nın səhnəsində İran Mədəniyyət (?) Mərkəzi və Qafqaz Müsəlmanları Ruhani İdarəsinin birgə təşkilatçılığıyla bir tamaşa səhnəyə qoyulacaq. Tamaşadan bir xəbər və ya mümnünsə bir reportaj hazırlayarsan. Düşündüm, "həm ziyarət, həm ticarət" misalı, həm axşam işdən sonra bir mədəni istrahət etmiş olaram, həm də redaksiyanın tapşırığını icra edərəm, gedim görüm nə tamaşadır bu İran Mədəniyyət mərkəzinin çıxartdığı nə tamaşadır belə.
Düzdür İran və mədəniyyət, teatr sözləri mənə oksimoron, bir-birinə zidd anlayışlar təsiri bağışlasa da dedim, bilmək olmaz, noolsun ki, molla başıdır, bəlkə ağılabatan, dişədəyən bir nümunə qoyublar ortaya. Yəqin şəhibfason dini motivli, ağlaşma, sinədöymə süjetli bir şey olar, baxmağa dəyər... Vaxta ki, bu səhnə əsəri bizim mötəbər teatrımızın səhnəsinə yol tapıb, demək bir ədəbi-bədii dəyərə malikdir. Və getdim...
Sən demə bu gün həm də tamaşanın premyerası imiş, əvvəliminci dəfəymiş səhneyi-tamaşaya qoyulacaqm.
Tamaşanın başlamasına az qalmış, qapının önündə bir siqaret alışdırlb, tezbazar dərin qullab edərək, atıb keçdim zala.
Görkəmli yerlərdən birini seçib əyləşdim.
Az keçməmiş zala xəttisaqqal əmilər və dayılarla birlikdə, xeyli çadralı-çarşablı xalalar da təşrif buyurdular. Düşündüm ki, mərhum Hüseyn Ərəblinski bu günü görsəydi ki, saqqallı şərq kişiləri çadralı şərq qadınları da teatr tamaşalarına baxmağa gətirilirlər, yəqin ki, rəhmətlik sevincindən ağlayardı.
Tamaşanın başlamasına 2-3 dəqiqə qalmış ortaya qısa bir sükut çökdü, gözlər qapıya dikildi, ardından bir canlanma... Hörmətli şeyximiz, yanında da müavinlərindən Həci Salman, Təzəpir məscidinin axundu Həci Cəbrail və bir də haman bu indi ölkədən firar etmiş zat zala buyurdular. Ön cərgələrdə yerlərini tutub iyerarxiya qaydasınca, ortada şeyx, sağ yanında ağayi "Firar", sol yanında müavini olmaqla əyləşdilər. Həmən də, camaat sanki bunlara baxmağa gəlibmiş kimi, "bismillah" deyibən pərdə aralandı, zal sükuta qərq oldu və tamaşa başlandı...
Tamaşanın qısa məzmunu belədir: İran arxivlərindən birində işləyən bir gənc evlənmək istəyir, fəqət kasıbçılıq ucbatından bir tövr mümkün edib əməlayi-vacibi yerinə gətirə bilmir. Maaşı az, qayğıları çox olduğundan imkan edib nişan və toy üçün lazım olan tədarükü görə bilmir. Əlavə gəliri də olmadığından nə edəcəyini bilməyən gənc qəm dəryasına qərq olur. Bu dəmdə bir şəxs içəri girir, hansısa bir sənədin ona verilməsini istəyir. Sənədi vermək elə də çətin olmasa da gənc həmin şəxsə "get sabah gəl" deyib, başından edir, bir növ bürokratik süründürməçilik edir. Şəxs gedir və gənc səsli danışır: xub, indi o sabah gəldiyində, onu yenə geri göndərərəm, beləcə işini yubadaram ki, iatədiyi sənədi ona verməm üçün mənə bəxşiş versin. Beləliklə toy üçün gərəkən pulu tadarük edərəm.
Yəni qəsdi rüşvət almaqdır. Tamaşanın leytmotivi budur, rüşvətçiliyin zərərli, haram, qəbih əməl olduğunu tamaşaçıya aşılamaq...
Bu fikrlə gənc başını qoyur iş masasının üstünə və bunu yuxu tutur. Röyada ikən gənc görür ki, ölübdür və bunu əzab mələkləri cəhənnəm atəşinə sürükləyirlər. Bu da mələklərdən and verib xahiş edir ki, oraya atmadan öncə ona cəhənnəmin necə bir yer olduğunu göstərsinlər. Bədheybət, çır-çındır içində, dizləri və dirsəklərində mahmızları olan, qara cəhənnəm mələkləri razılaşıb cəhənnəmin qapısını aralayırlar; içəridə alovlar ərşə yüksəkir, hər yandan çığırtı, bağırtı səsləri, "oy yandım", var mənə röhm edin" yalvarışları, aləm dəyib bir-birinə. Səhnənin ön planında bir şəxsi mələklər dartışdırıb alovlara tərəf sürükləyirlər. Şəxs yerlərdə sürünüb rəhm diləyir. Gənc mələklərdən həmin şəxsin kimliyini sual edir, deyirlər ki, bu haman Çəngiz xandır ki, tarixdən bülürsünüz. Çox qətliamlar törədib, işgəncələr edib, savaşlar çıxarıb, bu üzdən də Xudavəndi-aləm onu əbədi cəhənnəm oduna mahkum edibdir.
Mələklər "Çəngiz" obrazının üstünə tüpürür, təpikləyir, bir sözlə, nəyi var bihörmət edib, tamaşaçıların gözündə müstəbid, qatil, qaniçən və cəhənnəmdə yanması şübhəsiz bir obraz canlandırılar...
Nə isə, gənc bu dəhşətli mənzərədən qışqırıb hövlnak yuxudan ayılır, gördüklərinin bir röya olduğunu bilir və şükr edir. Bir az öncəki hadisəni xatırlayıb, rüşvət sevdasına düşdüyü üçün özünü danlayıb tövbə edir və s...
Cavan vaxtlarımdır, qara, şivərək oğlanam, hər yanımdan millətçilik püskürən və bir az da davakar dövrümdür...
Bu məsələ mübahisəli ola bilər, kimsə razılaşmaya bilər, amma mən Böyük Çingiz xanın qurduğu müəzzəm imperiyanı Türk tarixinin bir mərhələsi sayıram, xanı da bir Türk hökmdarı hesab edirəm. Bu kimin üçünsə mübahisəli ola bilər, amma bu məsələdə mənim tarixə öz yanaşmam, öz baxışım var və bu məsələ mənim üçün müzakirəyə qapalıdır.
Məni düşündürən bu oldu: nədən məhz Çingiz xan? Nədən mənim ölkəmin səhnəsində, içərisində minlərlə Çingiz adını daşıyanların olduğu topluma göstərilən teatr nümunəsində lənətlik, müstəbid, despot və cəhənnəmlik biri kimi məhz Çingiz xan obrazı seçilib? Bir başqa ad, tarixdən alıntı, nümunə ola bilməzdimi? İslam dövləti olaraq məsələn adı Quranda lənətlənən Əbu Ləhəb tipi süjetə daha uyğun deyilmi? Bu adın ki, lənətlik və cəhənnəmlik olması İslam tarixi baxımdan mübahisə doğurmur. Adamın adı Quranın "Təbbət" surəsində çəkilir, mətndə açıqca deyilir ki, o və qadını əbədi cəhənnəmlikdirlər.
Yaxud, molla rejiminin devirdiyi və ona nifrətin rəsmi dövlət təbliğatına çevrildiyi Rza şahı canlandıraydılar. Həm də yaxın tarixdir, dünən olmuş hadisədir, şahidləri də sağ-salamat, dirigözlüdürlər.
Bəlkə bu tamaşaya bir az da siyasi kolorit verərdi, kimdəsə qıcıq doğurmaz, hansısa yanlış anlaşılmaya yol açmazdı. Bəlkə zalda oturanların içərisində səhnədə lənətlənən obrazın adını daşıyan var, bu ona necə təsir esərdi?
Axı nədən məhz Çingiz xan? Həm də Bakıda, bizim ölkəmizin paytaxtında, bizim teatrımızın səhnəsində və bizlərə göatərilən tamaşada...?
Bu, hər çeyin incəliklərinə qədər burun soxmuş adamlar Çingiz xan və onunla bağlı tarixə olan həssasiyyətimizi bilməmiş olmazlar axı. Nədən bu mübahisəli məqama toxunmadan, su götürməz bir gerçəkliyi yox da qıcıq doğura biləcək tarixi-siyasi məsələyə toxunublar? Bu bir tsadüfi seçim deyil, amma qəsdləri nədir, bununla nə əldə etmək istəyirlər bunlar?
Bu sualı tamaşa bitəndən sonra, foyedə indi ölkədən fərar etmiş cənaba yaxınlaşdım.
Şeyx və komandası getmiş, ağayi Nejat yanında bir neçə şəxslə ön qapıdan çıxarkən yanaşdım:
- ağayi filankəs, mən filan qəzetdənəm...
- buyur, - dedi, ayaq saxladı.
İlk öncə bilmək istərdim, tamaşa harada hazırlanıb və onun səhnəyə qoyulmasına kimlər, hansı məsul idarələr rəy veriblər?
- bu tamaşa iranda hazırlanıb, Azərbaycan Mədəniyyət nazirliyi və Qafqaz Ruhanilər idarəsi də baxıb müsbət rəy veriblər.
- ...və səhnəyə uyğun sayıblar.
- Bəli. Özünüz də gördüz ki, şeyx cənabları da tamaşada iştrak edirdi, nazirlikdən də gələn varıdı...
- aha. Elə isə cənab ağayi filankəs, olmazdımı ki, sizin bu tamaşanı qələmə alanlar onu da nəzərə alaydılar ki, bu ölkədə onminlərlə Çingiz adını daşıyan, o tarixi özününkü sayanlar var və yainki, olmazdımı səhnədə mənfi obrazda məzkur şəxsin yerinə, Əbu Ləhəb və ya məsələn, Reza Şahı canlandıraydınız? Bizim səhnəmizdə bizə yad olmayan tarixi şəxsi cəhənnəm əhli kimi bizə göstərməkdə qəsdiniz nədir?
Gözləmədiyi sualdan diksinimiş kimi, azca duruxub tez də özünü toparladı:
- baba, sən pantürküstüsən. - deyib başının dəstəsiylə çevrilib üz qoydu çıxış qapısına.
Arxadan atılan daşın topuğa dəyəcəyini bilsəm də, son sözümü uca səslə arxasınca tolazladım.
- baba, sən də panfarsitisən...
Eh dəliqanlı cavanlıq. Səni indi haradan alım?!
Fəxrəddin Hacıbəyli
(Almaniya, Berlin)
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN