(Əvvəli ötən buraxılışlarda)

...Və digər tarixi məqamlara, olaylara münasibətlərdə sənətin öz prinsipləri mövcuddur, bədii xəyalı (uydurması) təkanverici qüvvədir.

Şair öz savadı, təc-rübəsi, həyata münasibəti səyilə o faktları təsəvvür edir – bu faktlar tarixi şəxsiy-yətlər barədə daha yaxşı fikir yürütmək imkanı qazanır. Tarixi şəxslər istisna deyil. Rus yazıçısı A.Tolstoy yazırdı ki, “tarixi qəhrəmanlar onların dövrünün və bu döv-rün hadisələrinin onları nəyə yönəltdiyi kimi düşünməli və danışmalıdırlar... Bədii uydurma olmadan dolğun bədii əsər yaratmaq olmaz. Hətta yazıçı öz əsərində hə-qiqətən yaşamış tarixi şəxslərin obrazlarını yaradarkən, doğrudan da olmuş hadi-sələri təsvir edərkən bədii uydurmasız keçinə bilməz”. (A.Tolstoy. Xudojstvennoy mışleniye. M., 1968, s. 90).

Yeni qurulacaq bir sistemin qanlı və ac qurbanları qaçılmazdır. Cəmiyyəti – konkret dövləti çapıb – talayanların camaata “payıdır” bu rəzalət. Deməli, bu cür fəlakətlərin baş verməməsi üçün cəmiyyət normal, demokratik qayda – qanunlarla idarə olunmalıdır. Məgər “qara camaat”ı arxasınca aparan inqilab əhvalı ziyalıların ürəyincədir ki, fəlakətə yol açılsın? Poemada şair incə və real poetik proqnozla be-lə bir siyasi – sosial prosesi  “Ölü canlar” və “Aclıq” bölmələrində təsvir etmişdir. Qanlı fəlakətə səbəbkarlar məhz kübarlar, zadəganlar, qoca panlar və ilaxırlardır. Yeyib – içib piylənənlərdir, hansı ki, üzdə vətənpərvərlərdir, pasportlarında sadəcə milləti göstərilənlərdir.

 ... Əslən: tüfeyli – cəsus

məmurlar və əyanlar,

döyüşsüz qəhrəmanlar,

hər yanda yığın-yığın,

çəkilib zər pərdəli

salonlarında qına,

içirlər, ah çəkirlər

səsi tabutdan gələn

dünyanın sağlığına

 

Bu misraların poetik yükü bir yana – bir məmləkətin talanmasında iştirakçı olan sistemin gələcək nəslə (50-ci illərdə yazılan poemadır) xəbərdarlığıdır. Şəxsi mənafelər psixologiyası ilə vəzifə – çinə sahib kəsilənlərdir.

 Danışırlar, içirlər,

içirlər, danışırlar.

Dalaşıb küsüşürlər,

öpüşüb barışırlar.

Ciblərində funt sterlinq,

generka, marka, dollar.

Bu nökərsiz ağalar.

Ordusuz generallar...

 Poemanın proqnostik gücünü, poetikasını burada axtarmaq məqamıdır. Mə-gər müstəqilliyimizin bərqərarlığı çağında belə personajlar – tiplər azmıdır? Azad-lığa belələri bir sərvət yığımı üçün vasitə gözü ilə yanaşmırlarmı? Bədii əsərin siq-ləti dünəni yox, gələcəyi görməsindədir. Əsər müəllifindən sonra yaşam hüququ qazana bilirmi; axı, oxucu müxtəlif əxlaqi, sosial və siyasi ovqatlarda qavrayır. Söhbət “ideal oxucu”dan gedir, müxtəlif zamanlar arasındakı müqayisələrdən ge-dir. Unutmayaq ki, hadisələrin (keçmişin və indinin) sosial – fəlsəfi mahiyyəti əsə-rin (poemanın) obyektiv və subyektiv qəbulunun dialektik nisbətindən, təsvirin ey-ni zamanda obrazlılığından da yan keçilməməlidir. Oxucu(lar) xarakterindən irəli gələn mənfi, fərdi yanaşmasını da büruzə verir, əksinə də. Rus ədəbiyyatşünası B.V.Tomaşevski düzgün olaraq bədii qavramanın strukturundakı ümumi, invariant əsasın mümkünlüyünü nəzərə almaqla “ideal oxucu” zövqünü göstərir: tarixi dövr şairin (yazıçının)yaradıcılığına, oxucunun estetik qiymətverməsinə təsirsiz qalmır.

Sistem ona görə qopdu ki, lider – şəxs (Lenindən savayı başqası da olardı) ölkədəki əskikliyi – fərqliliyi dərindən duymağı bacardı, səhərəcən nəhəng rus şə-hərlərinin yuxarı mərtəbələrindən soyuq və qaranlıq küçələrə süzülən işığın və mu-siqinin insan aclığı bahasına gəldiyini görürdü, anaların körpəsinə bir tikə çörək tapmadığının ağrısını içində gəzdirirdi. Oxuyuruq:

 Yepyekə bir

pambıq yumağı kimi

diyirlənib böyümüş

qar topalağı kimi

koma...

Komada bir qadın

ac uşaqlarına

at dırnağı qaynadır.

Uşaqları mürgü basır

onlar qulaq asır

ananın nağılına.

 resul-rza

Poemada ən dəyərli bədii məqamlardan biri də hadisələrin fəlsəfəsinin öz rəngində, havasında (fiziki mənada) poetik tərənnümüdür. R.Rzada digər poema-lardan (müasirlərini nəzərdə tuturam) fərqli olaraq oxucu üşüyür, istilənir, qəmlə-nir, sevinir. “Ağır illər”, “Sui – qəsd”, “Rusiya nur içində” bölmələrində yüksək sənətkarlıqla tarixi xronikalar harmoniya yaradır:

 Gecələr zəncir kimi

günlərə bağlı keçdi.

Hər kəs Qızıl meydandan

ürəyi intizarlı,

gözü soraqlı keçdi...

 

Ulduzlar düşür suya

sərt küləkdə sovrulan

badam çiçəyi kimi

 Şair oxucusunu qarşıdakı faciəyə hazırlayır. Yaralı liderin səhhəti təmin olunmalıdır: “Çəkici yavaş vurun! Körüyü yavaş basın!” – deyir. Ümumiyyətlə, Sovet məkanının elektrikləşməsi planını irəli sürmüş Leninin ideyası təqdirəlayiqdi və bu, R.Rzanın diqqətindən yayına bilməzdi. O, bu işin nə olduğunu təsəvvür edirdi və Azərbaycanda da elektrikləşmə həllini tapdı. Şairin istedadı gördüyünü və duyduğunu obrazlı, poetik əhvalla oxucuya təqdim edir. İkincisi yoxsa, təsvir ob-yekti təsirsiz qalacaq və unudulacaqdır. V.Bryusov bu cəhəti göstərmişdir: “Şairin birinci əlaməti gördüyünü bildirmək, təsvir etmək bacarığıdır, bu qabiliyyət olma-dan şair yoxdur, daha doğrusu, o, ola bilər, lakin hamı üçün görünməz qalar. O dünyanı bədii surətdə qavrayacaq, lakin biz bunu bacarıqsız, qüvvəsiz misrala-rından bilməyəcəyik”. Yaxşı fikirdir və Rəsul Rzada bu meyar öz yerini tutur:

 Payızın son günü,

kölgələrə bürünür.

İlk axşam qaranlığı

üfüqlərdə sürünür.

Birdən dirəkdə yanır

elektrik fanarı.

Quş kimi ürküdərək

kəsir qaranlıqları.

Adamların gözündə

şəfəqlənir işıqlar.

Bu bəxtiyar üzlərdə

nə qədər yaraşıq var!

 “Lenin” poemasında məşhur ingilis fantast – yazıçısı Herbert Uelslə görüşü-nə, aralarındakı söhbətin verilməsinə adi əhvalat gözü ilə baxmamalıyıq. Tarixdə dövlət xadimlərinin söz, sənət adamları ilə görüşləri, dialoqları o ölkə barədə müəyyən informasiya ötürür. Bir haşiyə çıxaq ki, Lenindən sonra SSRİ-yə başçılıq edən Stalin yalnız kabinetinə qapanmaqla hansı poetik – erudisiyaya, bədii – este-tik zövqə, sosial fəlsəfəyə yiyələndiyi görünmədi. Bu, onun ən böyük itkisiydi, canlı söhbətlərdən çəkinməsəydi. Halbuki, Stalin 30 ildən artıq birinci lider idi. Günümüzə qayıdaq: Ümumimilli liderimiz Heydər Əliyev hər iki hakimiyyəti dövründə, hətta Moskvanın siyasi elitasında mühüm post tutanda da xaricin, yaxud ölkənin nüfuzlu sənət, söz, elm adamları ilə dərin fəlsəfi, məntiqli, ədəbi söhbətlər etmiş, iti mühakiməsiylə müsahiblərini heyrətləndirmişdir. Mən poemada H.Uelslə söhbətin poetik təfərrüatına varanda bu hissləri keçirdim.

 Lenin sadəliyilə

danışdıqca onunla –

Herbert gülümsəyərək

ona heyrətlə baxdı.

Bu alovlu arzular

Uelsdən çox uzaqdı...

 

H.Uels Londonda nəşr etdirdiyi kitabında Sovet başçısını “Kreml xəyal-pərvəri” adlandırmışdı. Lakin gələcək xeyli saylı həqiqətləri ortaya qoydu, halbuki: “Uelsə görünürdü bunlar xəyal dünyası”. Elektrikləşmə və sonralar qazanılan nai-liyyətləri bir də ona görə danmamalıyıq – bizim də azəri – türk olmaqda payımız az deyil. Sonralar elmin müxtəlif sahələrində vətəndaş alimlərimizin idrakı – tə-fəkkürü özünü təsdiq etdi. Lenin də insandakı bu potensiala qiymət verilməsinə ça-lışırdı və təsadüfən yazmamışdır: “İnsan təfəkkürü öz təbiətinə  görə bizə mütləq həqiqət verə bilər və verir, bu mütləq həqiqət isə nisbi həqiqətlərin məcmuyundan əmələ gəlir. Elmin inkişafındakı hər pillə mütləq həqiqət məcmuyuna yeni toxum-lar artırır” (Əsərləri, XIV s. B, 1950. S. 135).

Poemada ölümlə bağlı ricətlərə, daxili monoloqların mahiyyətinə baxanda – qavrayanda heç də bir liderin – şəxsin ölümü səciyyələndirilməmişdir. R.Rza bu mütləq həqiqəti ümumiləşdirmişdir, təbii ki, seçimli bir insanın ağır itkisinə yönəl-mişdir. Ölümün poetikası bu qənaəti diqtə edir. Ona görə də ölümü yalnız Leninlə bağlamaq səhvdir. Şair sosial və poetik davranışını cəmiyyətin çatışmazlığına (əs-kiklərinə) tabe etməməlidir, başqa sözlə, tarixi situasiyaya qurban verməməlidir və buna borcludur. Unutmayaq ki, həyatdan bir insan gedir və bu, tarixi şəxsiyyətdirsə şair nə etməlidir. Hərçənd, Rəsul Rza Leninin tərcümeyi – halını qələmə almamış-dır; istər inqilabi fəaliyyəti, istərsə real işi və ölümünü. Bu “üçlük” varlığın həyati prinsiplərinə cavab verir. Poemada tərcümeyi – hallıq istisna deyilsə, epoxanın hə-qiqətlərinin bədii ümumiləşdirilməsidir. Mən yenə də A.Tolstoya müraciət edirəm. O, bu məsələyə münasibətini belə bildirmiş və yazmışdır: Məndən soruşurlar ki, tarixi şəxsiyyət üçün tərcümeyi – hal inşa etmək mümkündür, lakin bunu elə etmək lazımdır ki, bu, inşa olmayıbsa da, ola bilmiş olsun. R.Rza belə məqamlarda da poetik təsir sferasına sadiq qalır, ölümün təbiətdə izini, bu fantomun adekvat ini-kasını əyaniləşdirir:

 

Meşələrin dalında

batan günəş lalədir.

Buluddan axan şəfəq

alovlu şəlalədir.

Həsrət rəngi bürüyür

torpaqları, daşları.

Örtür narıncı kölgə

qarşıda yamacları.

Arxasında al günəş

batan şam ağacları,

elə bil alov dolu

zümrüddən piyalədir.

Sanki bütün təbiət

bu qərib axşam çağı

əvəzsiz bir itkinin

sirrini sual edir.

 Ölüm “Qəm karvanı”nda qəmli, matəm simfoniyasına çevrilir. Misralardakı sözlər də bu musiqinin kədər dolu ritmləridir:

 Göydən yerə ağır-ağır

tikan-tikan qar yağır.

Şaxta qurğuşun kimi

dondurmuşdur havanı.

... Bir qadın ağlayır

hönkür-hönkür.

Göz yaşları

ipi qırılmış muncuq kimi

tökülür qara.

Yanaqlarda qar ağlayır.

 

“Böyük itki” fəslində Rəsul Rza ən təmiz, pak, habelə poetik əzabı obrazlaş-dırmışdır:

Çıraqlar qara geymiş

oğlu ölmüş ana kimi.

Vaxt elə bil dayanmışdır

saatdan ana kimi.

Saatın əqrəbləri

sanki kəməndə düşmüş.

Zamanın köhlən atı

yollarda bəndə düşmüş.

 – saysız misraları, beytləri, bəndləri gənc nəsildən məhrum etmək günahdır. Belə yararsız təşəbbüsdə olanlara yalnız dahi hind şairi və filosofu R.Taqorun fik-rini xatırlatmaqla təsəlli tapıram: “Ədəbiyyat insan ürəyini milyon qırılmaz tellərlə birləşdirən ən yaxşı vasitədir. Ədəbiyyat gərək insanları başa düşsün, onların qəl-bini tərpədə bilsin, həyəcanlandıra bilsin”. Məşhur rus ədəbiyyatçısı V.Şalamov la-konik ifadə etmişdir: Poeziya istila etmək deyil, qurban getməkdir, həm də ürəyi açmaqdır, özünü verməkdir”.

Rəsul Rzanın “Lenin” poemasına geniş masştabda qiymət vermək daha əda-lətli səslənir. Xüsusən, poeziyasında sosial konkretlik, nəsr kompozisiyası, ritorik ideya pafosu – “triada” yoxdur. Daxili təlatüm, əxlaqi əskiklərə lirik münasibət, gerçəkliyin emosional (hissi) qavrayışı – “üçlüyü” mövcuddur: bunlar yerindədir-sə, deməli, psixoloq ritmlə daxili ritmin qovuşması, poetik təfərrüatın lakonikliyi-lə epik – lirik intonasiyanın vəhdəti, sonda məna yükü – yerindədir.

Mərhum professor Musa Adilov R.Rza poeziyasından danışaraq yazmışdır ki, “Rəsul Rzanın epitetləri öz təzəliyi və təravətilə diqqəti cəlb edir. Bunlar əsasən müəllifin ideyası, qayəsilə uyğundur”. (M.Adilov, R.Rzanın dili və üslubu haqqın-da bəzi qeydlər, “Azərbaycan” j. 1963, N2).

Rəsul Rzanın “Lenin” poemasının digər məziyyətləri haqqında da əhatəli yazmaq və araşdırmalar aparmaq lazım gəlir və bunu gənc ədəbiyyatşünaslar edə-cəklər. Məsələnin mahiyyəti bir də ondadır, müəyyən siyasi dövrlər və tarixi şəxsiyyətlər kontekstində bədii əsərə qiymət vermək psixologiyasından əl çəkilmə-lidir, pedant məmurların zövqü ilə – konkret bu poemaya yanaşıb gənc nəsli ondan məhrum etmək lazım gəlmir, bu cür bədii nümunələr ədəbiyyatımızın milli sərvə-tidir...

Bu sözlər həqiqətin tarixini və fəlsəfəsini əks etdirir. Çox təəccüblüdür ki, şairlərimiz taleyinə bəsit və birtərəfli yanaşma yeni deyil. Nəsimi, Füzuli, Vaqif ta-lelərinə də qismət olmuşdur! Rəsul Rza çox-çox əvvəl ədəbi simalardan fərqli ola-raq özünün yaradıcılıq kredosunun modelini yaratmış və yazmışdır: “Mənim poe-ziyamın başlıca xüsusiyyəti təmtəraqlı ibarələrdən, bayağı qəşəngliklərdən, çox-sözçülükdən qaçmaqdır. Danışıq tərzi, sınanmış sadəlik, özünəməxsusluğa canat-ma, orijinallıq (ancaq orijinallıq xatirinə yox), hər şeirdə nəsə təzə bir şey demək, təsvir etdiyin obyektin yeni cəhətlərini göstərmək – bax, yaradıcılığımda mən buna çalışıram”.

Rəsul Rzanın poeziyasını gənc nəslə öyrətmək – aşılamaq mənim qismətimə düşmüşdür: həm orta məktəbdə, həm də magistratura təhsilində şairin yaradıcılı-ğını tədris etmişəm, verilən suallara da cavab vermişəm. Ona təəssüflənirəm ki, vaxtilə təhsil sistemində bəzi funksionerlər – metodistlər “Lenin” poemasına “Səlib müharibəsi” apardılar, dərsliklərdən çıxartdılar. Belə bir ədalətsizliyin şəxsən şa-hidi olmuşam. Nəticədə bu poemanın poetik məziyyətlərini – poetikasını  araşdır-malı oldum.

Deməli, repressiya yalnız insanların taleyinə yox, bədii (yaxud elmi) əsərlərə də qismət imiş...

Allahverdi Eminov,

yazıçı-publisist

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN