Hacıqabul Sənaye Parkında avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodunun qurulması istiqamətində işlər davam etdirilir.
TEZADLAR.AZ xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov Agentliyin 2024-cü ilin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı açıqlayıb.
"Müəssisənin 2025-ci ilin sonlarında fəaliyyətə başlamasını planaşdırırıq. Layihənin investisiya dəyəri 88 milyon manatdır. Zavodun illik istehsal gücünün 30 min ədəd avtomobil olacağı nəzərdə tutulur. Müəssisədə 1200-dən çox iş yeri yaradılacaq", - S.Adıgözəlov vurğulayıb.
O həmçinin diqqətə çatdırıb ki, ötən il ərzində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) tərəfindən 31 sahibkarlıq subyektinə rezidentlik, 1 sahibkara isə qeyri-rezidentlik statusu verilib..
Onun sözlərinə görə, rezidentlərdən 14-ü Ağdam Sənaye Parkının, 8-i “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 3-ü Sumqayıt Kimya Sənaye Parkının, 1-i Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Parkının, 2-si Masallı Sənaye Məhəlləsinin, 2-si Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Həmçinin “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 1 sahibkarlıq subyektinə qeyri-rezidentlik statusu verilib.
"Göründüyü kimi, bunlardan da 23-ü işğaldan azad edilmiş ərazilərdəki sənaye parklarının payına düşür. Yeni qeydiyyata alınan şirkətlər tərəfindən sənaye zonalarına əlavə 224,6 milyon manat investisiyanın yatırılması, 2600-dən çox daimi iş yerinin yaradılması planlaşdırılır. Qurulacaq müəssisələrdə dərman preparatları, əczaçılıq avadanlıqları, mebel, metal məmulatlar, müxtəlif tikinti materialları və s. məhsulların istehsalı təşkil olunacaq",- S.Adıgözəlov qeyd edib.