Artıq Baş Prokurorluğun xüsusi nəzarətinə verilən "Tərtər işi"nin səsi Milli Məclisdən gəlir...
Belə ki, deputat Vahid Əhmədov “O hadisələrin bir daha təftiş edilməsinə, istintaqdan yayınmağa müvəffəq olmuş xainlərin ifşa edilməsinə, eyni zamanda haqsız olaraq işgəncələrə məruz qalanların dairəsinin daha dəqiqliklə müəyyənləşdirilməsinə, qurunun oduna yaşların təsadüfən, yoxsa bilərəkdən yandırılıb yandırılmadığının üzə çıxarılmasına ehtiyac var”, -deyərək "Tərtər işi" ilə bağlı bildirib ki, hadisələrin Aprel döyüşlərindən sonra baş verməsi təsadüf hesab oluna bilməz: “Görünən odur ki, əsas niyyət silahlı qüvvələrin onurğa sütununu qırmaq, onun döyüş ruhunu sarsıtmaq və torpaqları güc yolu ilə almaq iqtidarında olduğu həqiqətini ləkələmək olub. Son 4 ildə baş verənlər mediada, sosial şəbəkələrdə eninə boyuna dartışılanda bəlli oldu ki, həqiqətən də çox ağır cinayət törədilib. Və bu cinayətin ifşa edilməsi zamanı da çoxsaylı qanun pozuntularına yol verilib. Məhz ötən il ordumuz müqəddəs missiyanı şərəflə yerinə yetirdikdən sonra təkrar bu hadisələrin qaranlıq məqamlarına işıq salınması təşəbbüsü alqışlanmalıdır və heç şübhəsiz bu, Ali Baş Komandan İlham Əliyevin birbaşa siyasi iradəsindən qaynaqlanır. Görünür, son bir ildə Ermənistanla sərhəddə və Qarabağda baş verən insidentlər, eyni zamanda bizim bilmədiyimiz bəzi narahatedici məqamlar dövlət başçısını qayğılandırıb və o bu məsələnin daha dərindən araşdırılmasına göstəriş verib. Təbii ki, istintaqın əsas vəzifəsi bu işi araşdırarkən hələ də ordunun içərisində maskalanmağa müvəffəq olmuş "5-ci kolon" təmsilçilərinin olub-olmadığını üzə çıxarmaqdır. Çünki indiki həssas dönəmdə bu ölüm-qalım məsələsidir və ordumuzun qüdrətini zəiflətmək niyyəti güdən çoxsaylı məkrli qüvvələrin mövcudluğu kimsəyə sirr deyil. İndidən münəccimlik edərək proqnoz verilməsi həm də istintaqın işinə maneə yaratmaq kimi qəbul edilə bilər. Amma mənə elə gəlir ki, bu hadisələr hərtərəfli araşdırılan zaman daha ciddi məqamlar üzə çıxarılacaq və bir çox başlar gedəcək. Çünki bu cür hadisələr zamanı cəzalandırılanların çevrəsi aşağı rütbəli zabitlərlə məhdudlaşdırılıb və məhz ordu rəhbərliyində bu sahəyə cavabdeh olan generallar nədənsə sudan quru çıxmağa müvəffəq olub. Ona görə də hesab edirəm ki, istintaq cəmiyyətin gözləntilərini doğruldacaq və günahkarlar ifşa ediləcək, millətin namusu hesab olunan ordumuz xainlərdən təmizlənəcək. Məncə, bu, Ali Baş Komandanın da istintaq qarşısında qoyduğu əsas vəzifələrdən biridir".
Qeyd edək ki, "Tərtər işi"ndə əsl günahkarların aqibəti artıq bəllidir. Çünki zərərçəkən və şahidlərin dediyinə görə, bu qalmaqallı cinayəti törədənlər Ordumuzun zəiflədilməsinə çalışanlardır... İnanaq ki, nəhayət, Hərbi Prokurorluqdan alınıb Baş prokuror Kamran Əliyevin nəzarətinə verilən cinayət işinindəki düyün açılacaq...
A.Məmmədli