Əsgər Fatih Əmirbəyli: “Elvin Rzayev mənimlə hərbi hissə komandiri kimi yox, bir dost kimi söhbət edir və onunla söhbətdən sonra adam Vətənini, torpağını daha çox sevir, bu yolda hər cür fədakarlığa hazır olursan”
Mən müxtəlif güc strukturlarında olan hərbi hissələri üz-üzə qoymaq istəməzdim. Amma el arasında gəzən bir sözü də deməmək olmur: “Sərhəd Qoşunlarında əsgərlərə yaxşı baxırlar, orada nizam-intizam var”. Bəli, doğrudan da bu, belədir. İstər əsgərin yeməyi, istərsə də hərbi hissənin səliqə-səhmanı, əsgər və zabit arasında olan səmimi münasibəti, mən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə tam şəkildə görə bilmirəm. Müdafiə Nazirliyinin bəzi hərbi hissələrində hətta əsgər xəstələnəndə belə, ona lazımi qədər əhəmiyyət vermirlər. Mən hardasa, göydən alınma bir xəbəri demirəm, kiməsə şər-böhtan atmıram.. 2019-2021-ci illərdə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edən oğlumuqarnında yaranmış “qrija”sından əməliyyat olmaq üçün hospitalda növbəyə yazmışdılar. Ağrılar onu narahat etdiyindən cərgədə normal şəkildə dayana bilmirdi. Cərgədə niyə düz dayana bilmədiyini soruşan baş leytenant olan komandirinə bildirib ki, qarnında ağrıları var və o, “qrija”dan əməliyyat olunmaq üçün hospitalda növbəyə yazılıb. Bunu eşidən zabit həm uşağa var-yox söyüşü eləyib, həm də məhz həmin ağrıyan yerindən güclü bir təpik zərbəsi vurub. İndi özünüz fikirləşin. Bəlkə heç erməni də adamın ağrıyan yerindən belə vurmazdı. Amma bizim Müdafiə Nazirliyinin baş leytenantı bunu özünə rəva bilib. Düzdür, oğlum sonralar əməliyyat da olundu, sağaldı və il yarımlıq xidmətinin qurtarmasına 3 ay qalmış torpaqlarımızın işğaldan azad olunması üçün başlayan 44 günlük Vətən Müharibəsinin də axıra qədər iştirakçısı oldu. Yüngül yaralansa da, müharibə qurtarandan sonra sağ-salamat yenidən xidmət etdiyi hərbi hissəyə qayıtdı. İl yarımlıq xidmətini də iki il çəkdi. Çünki müharibədən sonra əsgərlərin tərxisi xeyli ləngidi.
Əlbəttə, mən erməni kimi hərəkət edən baş leytenantı özbaşına buraxa bilməzdim. Elə müharibən əvvəl olan hadisəyə də dərhal reaksiya göstərərək, bir valideyn kimi, həmin zabiti hərbi prokurorluğa verdim. Bundan sonra əsgərlərin və zabitlərin qarşısında hər gün diz çöküb üzr istəyirdi ki, mənim 5 övladım var, bir qələtdir eləmişəm, xahiş edirəm məni bağışlayın. Mənim özümə hər gün zəng eləyib, ilan dili çıxararaq yalvarırdı. Axırda oğlum xahiş etdi ki, ata, səhvini başa düşüb, yazıqdır, gəl onu bağışlayaq . O zabitin komandirləri də mənə zəng edib xahiş edirdilər ki, özümüz də onun cəzasını vermişik, çox böyük bir qələt edib. Belə çoxsaylı xahişləri və özünün də hər gün etdiyi yalvarışları nəzərə alıb, onu bağışladıq.
Ağdamdakı hərbi hissələrin birində əsgəri xidmət keçən, yaxın dostumun oğlu namaz qıldığı yerdə, bir zabit onu arxadan təpiklə vurub yıxmışdı. Onu da hərbi prokurorluğa etdiyimiz müraciətlə ciddi şəkildə cəzalandırdıq.
Bunları deməkdə məqsədim heç də Müdafiə Nazirliyinin hərbi hissələrinin hamısının belə olduğunu söyləmək deyil. Amma bir qotur dana bütün naxırı korladıığı kimi, ayrı-ayrı zabitlərin qanunsuz hərəkətləri bütün nazirliyin adına xələl gətirir. Deməli, zabitlər arasında təlim-tərbiyə işi lazımi səviyyədə deyil. Hələ Müdafiə Nazirliyinin bəzi hərbi hissələrində xidmət dövründə müəmmalı əsgər ölümlərini demirəm. Tərtər işi isə, ümumiyyətlə respublikaya səs salmış biabırçı bir olaydır. Məhz belə hadisələr əsgər valideynlərini çox ciddi narahat edir və övladlarına görə xidməti dövrdə çox həyəcan keçirirlər. Amma Müdafiə Nazirliyinin Naxçıvanda olan hərbi hissələrindən hələ bir şikayət eşitməmişəm.
Nə isə... Deyəsən, haşiyə bir az çox uzun oldu və mətləbdən uzaqlaşdım. Deməyim odur ki, Sərhəd Qoşunlarının hərbi hissələrində belə qanunsuz əməllərin nə şahidi oluruq, nə də eşidirik. DSX əsgərləri yalnız xidməti vəzifəsini yerinə yetirərkən, sərhəd pozucuları və qaçaqmalçılarla mübarzədə ya yarlana, ya da şəhid ola bilər. Elə bu yazıda məqsədim də Sərhəd Qoşunlarının hərbi hissələrinin birində gördüyüm müsbət məqamları yazmaq idi. Düzdür, dost-tanışların bu qoşun növündə xidmət keçən uşaqlarının ağız dolusu razılıq etdiklərini çox görmüşəm. Özüm də Cəlilabadın Göytəpə qəsəbəsində yerləşən Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət edən dostumun oğlunu görməyə gedərkən,el arasında gəzən “Sərhəd Qoşunlarında əsgərlərə yaxşı baxırlar” – deyiminin həqiqət olduğunu görmüşəm.Bu hərbi hissənin komandiri polkovnik Rauf Abdullayev və digər komandirlər haqqında əsgərlər çox razılıq edirdilər...
***
İş elə gətirdi ki, 2024-ci ilin son günlərində, daha doğrusu dekabrın 29-da,40 illik dostum olan Əlövsət Əmirbəyli və həyat yoldaşı Rəna xanımla bir yerdə, oğlanları Fatih Əmirbəylinin görüşünə getmək üçün Sərhəd Qoşunlarının Yevlaxda yerləşən “N” saylı hərbi hissəsində oldum. Yeni il ərəfəsi olduğundan inanın ki, valideynlərin əlindən hərbi hissənin qarşısında tərpənməyə yer yox idi. Bütün valideynlərlə hərbi hissənin gizir və zabitləri o qədər mədəni rəftar edirdilər ki, adam heyrətə gəlirdi. Xüsusilə, şəxsi heyət üzrə baş zabit, 44 günlük Vətən müharibəsinin iştirakçısı, iki medal sahibi kapitan Asim Məmmədov hər bir valideynə o qədər həssaslıqla yanaşırdı ki, adam deməyə söz tapmırdı. O, valideynlərin çoxluğuna baxmayaraq, hər birinin suallarını çox səbrlə və sakitcəsinə cavablandırırdı. Sonra da oğlanlarını valideynlərlə görüşə çağırıb, hərbi hissənin, həddindən artıq səliqəli olan yeməkxanasında, onların görüşünü təşkil edirdi. Hərbi hissədəki səliqə-səhman isə göz oxşayırdı. Düzülüş meydanında əsgərlərin nizami qaydada düzülüşü və komandirlərindən lazımi təlimatlar almasını görməkolduqca maraqlı mənzərə idi. Elə orada öyrəndim ki, bu hərbi hissənin komandiri polkovnik-leytenant Elvin Rzayev 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. Tabeliyində olan əsgər və zabitlərlə tam təlimata uyğun münasibət qurur, onların hər bir problemi ilə şəxsən maraqlanır. Açığı mən istəyirdim ki, dostumun 28 yaşlı oğlu, ali təhsilli, magistr təhsilini isə Türkiyədə və Almaniyada almış, ingilis dilini öz ana dili kimi mənimsəmiş, kompüter proqramlarını mükəmməl bilən Fatih Əmirbəylinin bu potensialından yararlanması üçün komandirdən xahiş edim. Amma məlum oldu ki, xahişə heç ehtiyac yox imiş. Çünki hərbi hissə komandiri Elvin Rzayev yeni gələn əsgərlərlə özü, fərdi şəkildə söhbət aparır, onların təhsili, bacarığı, ailə üzvləri ilə şəxsən maraqlanır. Və hərəni də öz potensialına uyğun yerə göndərir. Fatihin də bacarığından və elmi potenısialından yararlanmaq üçün Qərargahın özündə xidmət keçməsini təmin edib. Komandirin bu addımı məndə böyük qürur hissi yaratdı ki, bilikli, bacarıqlı əsgərə yüksək dəyər verir.
Hərbi hissədə olarkən jurnalist marağı üstün gəldi və “sözün düzünü uşaq deyər” prinsipi ilə bir neçə əsgəri söhbətə tutdum. Məqsədim hərbi hissə komandirinin, müavinlərinin və digər zabitlərin əsgərlərə olan münasibətini öyrənmək idi. Dostumuzun oğlu, 3 aydır hərbi xidmət keçən Fatih Əmirbəylinin münasibəti onsuz da aydın idi. Bizimlə söhbətində dəfələrlə qeyd etdi ki, hərbi hissə komandiri Elvin Rzayev bir neçə dəfə onunla şəxsi söhbətlər edib, təhsili, elmi bacarığı və hansısa probleminin olub- olmaması ilə maraqlanıb: “Cənab komandir, Elvin Rzayev mənimlə hərbi hissə komandiri kimi yox, bir dost kimi söhbət edir və onunla söhbətdən sonra adam Vətənini, torpağını daha çox sevir, bu yolda hər cür fədakarlığa hazır olursan. Belə komandirin tabeliyində xidmət etmək əlbəttə, olduqca xoşdur. O, tək mənimlə deyil, bütün əsgərlərlə beləcə yaxından maraqlanır və onlarla dost kimi rəftar edir. Belə səmimi münasibəti görən əsgər də heç vaxt nizamnamədən kənar hərəkətlərə yol vermir”.
Fatihdən sonra daha bir neçə əsgərlə də söhbət etmək istədim. 3 aydır xidmət keçən əsgər Mecvəddin İsrafilov bunları dedi: “Bizə burda çox yaxşı baxırlar. Həm yeməyimiz çox gözəldir, həm də komandirlərin bizə olan münasibəti doğma insana olan münasibət kimidir. İstər hərbi hissə komandiri polkovnik-leytenant Elvin Rzayev, istərsə də müavinləri döyüş hazırlığı üzrə müavin polkovnik-leytenant Azər Məmmədov,Qərargah rəisi polkovnik-leytenant, Vətən Müharibəsininn iştirakçısı Seymur Həsənov və digər komandirlər hər zaman bizim problemlərimiz və ailə üzvlərimizlə maraqlanırlar. Həftədə bir dəfə valideynlərimizlə telefon əlaqəsi qurmaq üçün şərait yaradıblar. Komandirlər tərəfindən nizamamədən kənar heç bir hərəkətə yol verilmir. Valideynlərimiz bizdən arxayın olsunlar ki, hərbi xidmətimizi normal şəkildə keçmək üçün heç bir problemimiz yoxdur”.
12 aydır xidmət edən əsgər Fəxri Fətullayevin dedikləri: “Əsgərliyə qədər dost-tanışlardan, əsgəri xidmət dövründə başına gələn müxtəlif hadisələr barədə çox eşitmişdim. Məsələn, komandirlərin əsgərlərə qarşı kobud rəftarı, çox xidmət eləmiş əsgərin təzə gələn əsgərlərə qarşı nizamnamədən kənar hərəkətləri barədə, xidmət edib gəlmiş dost-tanışlar çox danışırdılar. Amma xidmət etdiyim bu 12 ay ərzində mən burada heç bir mənfi hal görmədim. İnanın ki, hər bir əsgər burada özünü çox rahat hiss edir. Yeməklərimiz də sanki ev yeməklərinə oxşayır. Mən inanmıram ki, hansısa bir əsgər buradakı xidmətindən narazı qalsın”.
12 ay xidmət keçmiş daha bir əsgər Fuad Aslanlını dinləyək: “Açığı desəm,mən əsgərlikdə belə qayda-qanunun olduğunu düşünməzdim. Fikirləşirdim ki, mən də hər cür əzaba və kobud rəftara dözməliyəm. Amma bu hərbi hissəyə gələndən sonra fikrimdə yanıldığımı gördüm. Əsgərliyə qədər eşitmişdim, komandirlər əsgərləri məcbur edirlər ki, valideynləri onların telefonlarına kontur yükləsinlər, əlavə pul göndərsinlər. Xidmət etdiyim bu 12 ay ərzində mən belə qanunsuzluqların birini də burada görmədim. Əskinə, komandirlər bizimlə əsl qardaş münasibətindədirlər. Vətən müharibəsinin iştirakçısı, şəxsi heyət üzrə baş zabit, kapitan Asim Məmmədovu demək olar bütün əsgərlər yaxşı tanıyır. Elə cənab kapitan da əsgərləri bir-bir tanıyır. Hər bir əsgərin qayğısına qalır, onun problemi ilə maraqlanır. Əsgərlərlə tez-tez ölkəmizdə baş verən siyasi hadisələr, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin çıxışları, müsahibələri barədə bizə ətraflı məlumat verir. Eyni zamanda onu da vurğulayır ki, düşmən çox uzaqda deyil və buna görə də heç vaxt ayıq-sayıqlığımızı itirməməliyik. Belə söhbətlərdən sonra adam Vətəninə, dövlətinə daha çox bağlanır”.
6 aydır xidmət edən Amin Əhmədov isə bunları dedi: “Komandir heyətindən heç bir narazılığımız yoxdur. Bunu sizə tam səmimi deyirəm. Həm hərbi hissə komandiri, polkovnik-leytenan Elvin Rzayev, Qərargah rəisi polkovnik-leytenant Seymur Həsənov, müavin polkovnik-leytenant Azər Məmmədov, şəxsi heyət üzrə baş zabit Asim Məmmədov, tabor komandiri, 44 günlük Vətən Müharibəsinin iştirakçısı, Şuşaya qədər döyüş yolu keçmiş, “Qarabağ” ordenli kapitan Vüsal Həsənov və öz komandir və gizirlərimizin hər biri bizə çox diqqət və qayğı ilə yanaşırlar. Həm yatdığımız yerlər, həm yeməkxanamız, həm gördüyünüz kimi, hərbi hissənin ərazisi, həm də tibbi məntəqə olduqca səliqə-səhmanlıdır.Bir dəfə soyuqlamışdım, tempraturum var idi. Dərhal məni hərbi hisənin tibb məntəqəsinə gətirdilər. Burada xəstənin müayinəsi və müalicəsi üçün hərbi tibb həkimləri əlindən gələni əsirgəmirlər. Hər cür tibbi avadanlıq və dərmanlarla təmin olunmuş Tibb məntəqəsində, xəstələnmiş əsgərə elə diqqət, qayğı göstərirlər ki, heç mülkü xəstəxanalarda belə münasibəti görmək olmur. Elə bu diqqət və qayğının nəticəsi olaraq tez bir müddətdə sağalıb yenidən öz xidməti yerimə qayıtdım. Təbii ki, biz də xidmətimizi belə şəraitdə keçməkdən zövq alırıq. Ümumiyyətlə, hərbi hissə komandiri başda olmaqla, komandirlərimizin çoxsu döyüş yolu keçmiş insanlardır. Belə insanlarla bir yerdə olmaq həm qürurvericidir, həm də onların keçdiyi döyüş yoluna baxıb, Vətənimizə, dövlətimizə daha çox bağlanırıq, Vətənimizi daha çox sevirik”.
12 ay xidmət edən daha bir əsgərin də fikrini öyrəndim. Baloğlan Aslanovun dedikləri: “Bizə rəhbərlik edən komandirlərin çoxsu 44 günlük Vətən Müharibəsinin iştirakçılarıdır. Belə insanlar pis ola bilməz axı. Onların söhbətlərindən bilirik ki, həmin komandirlərlə bir yerdə bizim kimi əsgərlər də döyüşüblər. Biz inanırıq ki, erməni kimi düşmən, o 44 günlük döyüşdə layiq olduğu cəzasını alıb. Onlar bir də bizim üstümüzə gəlməyə cəsarət etməzlər. Amma nə vaxtsa, belə şey baş verərsə, mən və əsgər yoldaşlarım düşmənə layiqli cavab vermək üçün hər an silaha sarılmağa hazırıq. Biz fəxr edirik ki, 44 günlük Vətən Müharibəsində düşmənə sarsıdıcı zərbələr edirmişSərhəd Qoşunlarının əsgərləriyik. Sərhəddimizi göz bəbəyi kimi qorumaq müqəddəs borcumuzdur. Nahaqdan demirlər ki, Vətən sərhəddən başlanır. Biz də sərhədlə bir yerdə Vətəni qorumaq üçün komanirlərimizdən lazımi təlimatlar alırıq. Xidmətimizi keçmək üçün bizə hər cür şərait yaradılıb və heç bir çətinliyimiz yoxdur”.
Bu adını çəkdiyim əzgərlərin xidmət keçdikləri hərbi hissənin komandirləri və onlara yaradılan şərait barədə söylədikləridir. Əvvəldən də bilirdim ki, komandirlər jurnalist olduğuma görə heç bir müsahibə və ya məlumat verməyəcəklər. Çünki hərbi hissələr qapalı müəssisə sayılır, bu səbəbdən də buradan hər hansı məlumat, şəkillər paylaşmaq olmaz. Amma həm əsgələrin məlumatlarından, həm də sosial şəbəkədən bu hərbi hissə barədə dərc olunmuş şəkillərdən istifadə etməklə, mənə elə gəlir ki, heç bir hərbi sirri yarmıram. Belə məlumatlara həm hərbi xidmətə hazırlaşan əsgərlərin, həm də övladları hərbi xidmətdə olan valideynlərin çox böyük ehtiyacları var. Övladlarının hansı şəraitdə və kimlərin komandirliyi altında xidmət keçməsi, hər bir valideynin maraq daiəsindədir. Ona görə də hərbi hissə barədə qanunun yol verdiyi həddə qədər yazmaq, paylaşmaq və bunu başqalarına nümunə göstərmək nəinki lazımdır, hətta vacibdir. Ona görə də Sərhəd Qoşunlarının Yevlaxdakı “N” saylı hərbi hissəsində olarkən, jurnalist kimi fürsəti əldən buraxmaq istəmədim və indi oxuduğunuz fikirlərimi istəkli oxucularla bölüşmək istədim.
Mən inanıram ki, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin rəhbərliyi altında Sərhəd Qoşunlarının əsgər və zabitləri hələ bundan sonra da, çox böyük uğurlara imza atacaqlar. Onsuz da 44 günlük Vətən Müharibəsi dövründə Sərhəd Qoşunlarının əsgər, zabit və generalları böyük şücaət göstərmişlər. Məhz Elçin Quliyevin təşəbbüsü ilə, 2011-ci ildə, hələ Sovet dövründə pambıq tarlalarına dərman səpən, el arasında “kukruznik”kimi tanınan AN-24 təyyarələrinin alınması təşkil edilmişdir. Bu təyyarələr pilotsuz uşuş aparatlarına cevrilərək, 44 günlük Vətən Müharibəsində düşmənin hava Hücumundan Müdafiəm sisteminin, döyüşün ilk bir həftəsində tamamilə sıradan çıxarılmasında böyük rol oynamışdır. Bu barədə iki il öncə Azərbaycan mətbuatında ilk dəfə məhz “tezadlar.az saytında yazılmışdır. O vaxta qədər çoxları elə bilirdi ki, “Kukruznik”lərin pilotsuz aparata çevrilməsinin müəllifi Türkiyəli mütəxəssislərdir. Bizim yazımızdan sonra məlum oldu ki, 44 günlük 2-ci Qarabağ müharibəsində dünya hərb taixinə düşən “kukruznik” əməliyyatının müəllifi məhz Elçin Quliyev imiş.
DSX-nın digər əməkdaşları da 44 günlük Vətən Müharibəsində, sözün əsl mənasında Böyük igidliklər göstərdilər. E.Quliyevin müavini general-leytenant Əfqan Nağıyev 44 günlük döyüşdə İsrail istehsalı olan “Harop” və “Hermest” dronlarının idarə olunmasına rəhbərlik edərək, düşmənə sarsıdıcı zərbələr endirilməsində böyük xidmətləri olub. Ona görə də döyüşdən sonra Ali Baş Komandan, Prezident cənab İlham Əliyev Ə.Nağıyevi “Qarabağ” ordeni və digər medallarla təltif edib.
DSX-nın şəxsi heyət üzrə müavini, general-leytenant Rəsul Tağıyev 44 günlük müharibədə göstərdiyi şücaətlərə görə bir çox orden və medallarla təltif olunub.
DSX-nın Aparat rəhbəri general-mayor Babək Qurbanov 44 günlük Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə, Ali Baş Komandan, Prezident cənab İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
Hələ bunlar Sərhəd Qoşunlarında 44 günlük Vətən Mühalribəsi zamanı göstərilən qəhrəmanlıqların çox az bir hissəsidir. Yəni, mənim eşidib, bildiklərimdir. Amma onu da yaxşı bilirik ki, Sərhəd Qoşunları, 44 günlük Vətən Müharibəsində 47 nəfər şəhid verib, 197 nəfəri isə yaralanıb. 12 nəfər sərhədçi ( 4 nəfər ölümündən sonra), “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə Allah şəfa versin, veteranlarımıza isə Allah uzun ömür qismət eləsin.Əlbəttə, belə bir qöşun növündə xidmət edən hər bir əsgərin özünü qəhrəman hiss etməsi, olduqca təbii haldır.
Elçin MƏMMƏDLİ
Bakı-Yevlax-Bakı