...Yubiley yaşınızla bağlı ilk dəfədir Sizə təbrik məktubu yazıram,

baxmayaraq ki, 2003-cü il Prezident seckilərində namizədliyimi xeyrinizə geri götürəndə (o zaman ilk müxalifətçi idim ki, Sizi dəstəkləmişdim) və namizədliyiniz qalib kimi elan olunandan sonra Sizi, yeni Prezidenti təbrik etmiş, həm də telefonla uğurlar arzulamışdım. Sonrakı illər Prezident seçkilərində bu təbriklər təkrar olundu. İndi fərqli bir şəraitdə yaşayırıq. Bir tərəfdən bütün sahələrdə islahatların aparılması, digər tərəfdən müharibədən Qalib çıxmış, azad olunmuş torpaqlarımızın, kəndlərimizin, şəhərlərimizin yenidən dirçəldilməsi, dağılmış yerlərin yenidən bərpası və tikilməsi, köckünlərimizin bu yerlərdə yerləşdirilməsi, ücünçü tərəfdən pandemiya şəraitində əhalinin sağlamlığı ilə məşğul olmaq, dördünçü tərəfdən bizi sevməyən, yaxud nəsə uman xarici dövlətlərin təhdidi və basqısı üzərinizə ağır yük və məsuliyyət qoyur. Bu ağır yükü hər dövlət başçısı çəkə bilmir. Müstəqil dövlətin elan olunması bir yükdürsə, onu dirçəltmək, qasırğadan, tufandan keçirib ayaq üstə qoymaq, inkişaf etdirmək, öncül sıralara çıxarmaq daha ağır yükdür. Üstəgəl belə şəraitdə hər kəsin, hər qrupun, partiyanın, sosial şəbəkənin, qeyri-hökumət təşkilatlarının, medianın, ahılların, müharibə iştirakçılarının, şəhid ailələrinin, yazıçıların, şairlərin, müğənnilərin, bütövlükdə yaradıcı insanların ümumiləşdirilmiş maraqlarını təmin etmək yük üstünə əlavə yük gətirir. Amma, Siz bütün bunları səbrlə, inamla həll edirsiniz.

60! Yubiley yaşınız tamam olur. On səkkiz ildir Azərbaycan Respublikasına Prezidentlik edirsiniz. Bu illərə qayıdıb yenidən baxıram. Azərbaycanın ağrılı-acılı, məğlub günlərini xatırlayıram. Bu illərdə xarici dövlətlərin nümayəndələrilə görüşəndə onlar atmacalarından qalmır, rişxəndlə eyham edirdilər ki, əgər ermənilər torpaqlarınızı işğal ediblərsə, gedin vuruşun, geri alın. Bununla yanaşı müharibənin labüdlüyünün və ideyasının müzakirəsini beynəlxalq dairələr qətiyyən yaxın buraxmırdılar. Ancaq Siz bütün bunlara sinə gələrək Ali Baş Komandan kimi 44 gün davam edən müharibəni Zəfərlə başa çatdırdınız. Azərbaycanın suveren hüquqlarını bərpa etdiniz. Müharibə illərində, ondan əvvəl və sonra Sizə olan təhdidlərin və təzyiqlərin canlı şahidləriyik. Biz Sizinlə bir yerdə canlı tarix yaşadıq və bizlərə Qalib ruhunu aşıladınız. Azərbaycan tarixinə və xalqına yeni bir formula gətirdiniz: Qalib Xalq - Qalib Ordu - Qalib Baş Komandan. Bütün bunların önündə Siz durdunuz. Əgər müharibə əzminiz, gətiyyətiniz olmasaydı, bəlkə də bu müharibə heç başlamazdı, yenə də xeyir-şərdə, künc-bucaqda Vətən və onun dilbər guşəsi Qarabağ haqqında danışacaq, seirlər, hekayələr, romanlar yazacaq, mahnılar bəstələyəcəkdik. Ancaq hər yerdə müharibə təbliğatı aparılırdı. Toyda, yasda həsrətini, nisgilini gənclərə ötürür, onları Birinci Qarabağ savaşında itirdiyimiz torpaqları geri qaytarmaq üçün şövqləndirirdilər.

 Doğrusu, birinci savaşda Sovet birliyinin parçalanması ilə müşahidə olunan və bu səbəbdən yeni müstəqil dövlətlərdə, o cümlədən Azərbaycanda iqtisadiyyat çökmüşdü, ordu quruculuğu çox ləng gedir, qarmaqarışıqlıq çoxalırdı. Ermənistan isə Moskvanın və erməni diasporasının maddi və mənəvi yardımı ilə çoxdan hazırlaşmışdı. O zaman biz Tənha qalmışdıq. Amma illər keçdi, duzgün daxili və xarici siyasətimiz nəticəsində bu Tənhalıqdan çıxdıq. Xalq, xüsusən də gənclər müharibəyə hazır idi və Siz daxili və xarici şəraiti nəzərə alaraq bu nəbzi tutdunuz. Nadir Şahdan sonra Azərbaycan tarixində Sizin komandanlığınız altında görünməmiş bir hadisə baş verdi. Nəinki torpaqlarımız, hətta ruhumuz bütöşləşdi və bu bütövləşmə bu gün də davam edir. Qələbə üçün uzun bir yol gəldiniz, hələ mən demirəm ki, 2003-ci ildən  bəri nə qədər çevrilişlərə cəhd olunub, xüsusilə də Qarabağı güzəşt edəcək kimsəni xarici qüvvələr və donorlar hakimiyyətə gətirmək istəyiblər, ölkəiçi qarışıqlıq salmaq üçün cəhd ediblər ki, müharibə əhval-ruhiyyəsi yaddan çıxsın, başımız yalnız özümüzə qarışsın. Həm daxildən, həm də xaricdən suyu bulandırıb məqsədlərinə çatmaq istəyən qüvvələr çox olub. Amma arzuları gözlərində qaldı. Sizin siyasi inadkarlığınız, siyasi qətiyyətiniz Azərbaycanda Suriya, İraq, Liviya və başqa ölkələrin variantlarını sıfıra endirdi və xalqın döyüşkən, passionar enerjisini torpaqlarımızın azad edilməsi istiqamətinə yönəltdiniz. Təsəvvür edirəm ölkədə vətəndaş müharibəsi baş versəydi nələr olardı? Yaxın Şərq təcrübəsi gözümüzün qabağındadır. Bu, o demək idi ki, əlvida Qarabağ torpaqları, əlvida Azərbaycan dövlətçiliyi! Belə vəziyyətin yaranmasını həm xaricdən, həm də daxildə onlara maşa rolunu oynayan bəzi qüvvələr arzu edirdilər, bunun uğrunda mübarizə aparırdılar.

Bütün bunlara tab gətirdiniz və Azərbaycanı Davamlı və Dayanıqlı inkişaf istiqamətinə yönəltdiniz.

Bu gün Siz yaxın hədəfinizin doxsan faizinə nail olmusunuz. Sırada Orta və Uzaq Hədəflər durur. İnşallah, Azərbaycan xalqının dəstəyi ilə bu hədəfləri də həyata keçirəcəksiniz. Əminəm ki, bu hədəflər gələcəkdə Azərbaycan xalqının uzunmüddətli strategiyasına çevriləcək.

Sizə ailə xoşbəxtliyi arzulayıram. Düşünürəm ki, Siz də Azərbaycan xalqının xoş və firavan yaşaması üçün bundan sonra da gücünüzü əsirgəməyəcək, dünyanın indiki siyasi və iqtisadi burulğanından çıxarıb onu düzgün istiqamətə yönəldəcəksiniz.

Bilirəm prezidentlər daxili gərginlik və ağırlıq üzündən xoşbəxt ola bilmirlər. İstisna olaraq Sizə xoşbəxt Prezident olmağı arzulayıram. Zatən Siz buna 44 günlük müharibədən sonra haqq etdiniz, çünki önümüzdə Qalib Baş komandan - Qalib Xalq - Qalib Ordu durur.

Yunuz OĞUZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN