Sən demə, elə bütün bu qalmaqalın müəlliflərindən biri də AzərTAC imiş: agentlik bu təsisatın hüquqi statusuna aydınlıq gətirmədən mükafatlandırma mərasimini geniş işıqlandırıbmış…
Artıq neçə müddətdir daha bir mükafatlandırmanın müasir və bicliyə köklənmiş yeni forması tapılıb: Ölkənin Ali Baş Komandanı, Müdafiə Nazirliyinin rəhbərliyi, Mədəniyyət Nazirliyi və Şuşanı dişi-dırnağı və qanı ilə 30 illik erməni işğalından azad edən igidlərimiz- Şuşa fatehləri dura-dura, onların qan və qəhrəmanlığı ilə yoğrulmuş qələbəsi ilə azad edilmiş Şuşanın adına mükafat təsis edilir, diplom paylayırlar. Ölkənin tanınmış ziyalıları bu qeyri-müəyyənliyə və saxtakarlığa qarşı səsini qaldırsa da, həm bu mükafata şirniklənənlər, həm də bu saxta mükafatı paylayanlar sakitləşmək bilmir. «Zəfər təntənəsi» adlı bu təsisatın direktoru isə Vəsilə Qabilqızı adlı bir xanımdır.
Doğrudanmı bu ölkədə hər kəs ağlına gələni edə bilər? Və doğrudanmı Şuşanın yol-irizini tanımayanların, yəni döyüşündə birbaşa iştirak etməyənlərin, Şuşa uğrunda şəhid olanların ruhu-xatirəsi üstündən kimsə şəxsi niyyətini sonadək həyata keçirmək niyyətindədir???
Ən pisi və hətta deyərdik, aşağılayıcı hal budur ki, bu mükafatı paylayan xanımın kimliyi bəlli deyil, hansısa mətbəədə, yaxud ofisdə rəngli printerdə özündən belə bir diplom yaradıb paylamağa başlayır. Lap Azərbaycan jurnalistikasının adına düzəldilib paylanan və urvatsız, hörmətsiz edilən «Qızıl qələm» kimi.
Sadəcə, ayıbdır. Sosial mediada bu cür qanunsuz əmələ hamı bir ad qoymaqdadır: dələduzluq! Ən dəhşətlisi budur ki, həmin mükafatın təqdimat mətnindəki bir cümlədə on qrammatik və üslub, yazı səhvləri var (fotoda təsvir olunur).
Yaxşı, verənləri başa düşdük, bəs alanlar? Onlar hansı üz və məqsədlə belə bir diplomu əldə edib başının üstündən fəxrlə asa biləcək??? Mətnə baxın: «Şuşa Milli mükafatı! Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xidməti vəzifələrini (burda da hərif səhvi var.RED.) uğurla yerinə yetirdiyinə görə təltif edilir. Zəfər təntənəsinin direktoru: Vəsilə Qabilqızı».
Di gəl sual vermə ki, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xidməti vəzifələrini uğurla yerinə yetirənlərin yanında olmusunuzmu ki, bu xidməti də qiymətləndirə biləsiniz? Yaxud, bu qiyməti necə müəyyən etdiniz??? Hansısa dövlət komissiyasımı rəy verib??? Bəlkə bu qiymətləndirmədə Şuşanı ermənilərdən azad edən generallar, komandirlər iştirak edib???
***
Hesab edirik ki, bu cür yalnış və saxta mükafatlandırmaya qarşı həm də Şuşa ziyalıları və Şuşa sakinləri öz sözünü deməlidir. Belə hərəkətlər ən azından Şuşa uğrunda şəhid olanların ruhuna, Şuşa uğrunda döyüşüb Azərbaycan bayrağını ucaldanların qəhrəmanlığına hörmətsizlikdir!
Sonda: təəccüblü də olsa, sosial və internet şəbəkəsində axtarış verərək adı çəkilən «Zəfər təntənəsi»nin direktoru Vəsilə Qabilqızının kimliyini bilmək istədik. Heç bir məlumat yoxdur. Amma sən demə, elə bütün bu qalmaqalın müəlliflərindən biri də AzərTAC imiş: agentlik bu təsisatın mükafatlandırma mərasimini geniş işıqlandırıbmış… Və fotoşəkillərdən görünür ki, mükafat alanlardan bir-iki hərbçini çıxmaq şərtilə, qalanların «Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xidməti vəzifələrini uğurla…» yerinə yetirməyə demək olar ki, heç bir aidiyyəti yoxdur. Məsələn, mükafat alanlar sırasında deputat Aydın Mirzəzadənin də fotosuna rast gəldik. Məgər Aydın müəllim Şuşada döyüşüb? Yaxud, digərləri… Bəlkə Şuşa uğrunda həyata keçirilən partizan müharibəsinə rəhbərlik edənlərdən olub mükafat alanlar? Hətta AzərTAC-ın həmin tədbirdən geniş reportaj hazırlayan əməkdaşı Göyçək Mahmudlu da bu mükafatı əldə edib.
Aşağıda AzərTAC-ın həmin təqdimat mərasimindən hazırlayıb yaydığı reportajını olduğu kimi təqdim edirk:
***
“Şuşa” milli mükafatının təqdimat mərasimi olub
30.01.2022 [00:27] Bakı, 30 yanvar, Göyçək Mahmudlu, AZƏRTAC
Yanvarın 29-da Bakı Gənclər Mərkəzində “Zəfər Təntənəsi” təşkilatının təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş “Şuşa - Tariximizin dirçələn dəyəri!” adlı tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən “EMEDİA GROUP” media təşkilatının rəhbəri Elşən Əliyev Şuşanın xalqımız üçün əziz və əvəzolunmaz bir məkan olduğunu, yetirdiyi böyük şəxsiyyətləri ilə seçildiyini bildirib. O, Vətən müharibəsi dövründə düşmənin alınmaz qala hesab etdiyi Şuşanın əfsanəvi hərbi əməliyyatla xilas edildiyini diqqətə çatdıraraq, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun öz gücünü dünyaya göstərdiyini vurğulayıb. Postmüharibə dövründə Şuşada aparılan quruculuq işlərindən bəhs edən E.Əliyev dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2022-ci ilin "Şuşa İli" elan edilməsinin mədəniyyət beşiyimizin bərpa prosesini sürətləndirəcəyini, müxtəlif qurumların Şuşanın dirçəldilməsi istiqamətindəki fəaliyyətlərinin daha səmərəli təşkilinə töhfə verəcəyini diqqətə çatdırıb. Sonra çıxış edən “Zəfər Təntənəsi” təşkilatının direktoru Vəsilə Qabilqızı 30 ilə yaxın davam edən torpaq həsrətinin 2020-ci ilin payızında 44 gün ərzində başa çatdığını və Şuşanın hərb tarixinin ən mükəmməl döyüşü ilə əsarətdən qurtarıldığını bildirib. O, Şuşanın əvvəlki mədəni həyatına qovuşmaq üzrə olduğunu qeyd edərək, qədim torpağımızda həyata keçirilən layihələrdən və tədbirlərdən söhbət açıb.
Daha sonra “Şuşa” milli mükafatının təqdimat mərasimi olub. Qazilər, Milli Məclisin deputatları, media nümayəndələri və fəaliyyəti ilə seçilən digər şəxslər mükafatlandırılıblar.
“Şuşa” milli mükafatına layiq görülənlər ölüm-dirim savaşı günlərində xalqımızın həmrəyliyindən, rəşadətli Azərbaycan Ordusunun 44 gün ərzində öz canı, qanı bahasına qarış-qarış qazandığı Qələbədən, Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandanın müxtəlif cəbhələrdə mübarizəsindən, təzyiqlərə rəğmən göstərdiyi müdriklik, qətiyyət və sarsılmaz iradədən, o cümlədən dünyanı heyrətə salan Şuşa döyüşlərindən bəhs edib, hazırda Şuşanın əsl tarixi simasının bərpası istiqamətində görülən işlərdən danışıblar. Təltif olunanlar Şuşaya ayaq basarkən hiss etdikləri duyğuları, keçirdikləri qürur hissini şəhid və qazilərimizə borclu olduqlarını vurğulayıblar, 44 günün qəhrəmanlarına ömür boyu minnətdar olacaqlarını ifadə ediblər.
Qeyd edək ki, təltif olunanlar arasında AZƏRTAC-ın müxbiri Göyçək Mahmudlu da var.
***
Biz də özümüzü öldürürük ki, bu nə mükafatdır, bu nə diplomdur, bu nə təltifdir??? AzərTAC məsələni aydınlaşdırmadan bu addımı atırsa, daha nə deyək…
«Təzadlar»ın Araşdırma Qrupu