Rusiyanın Ukraynaya qarşı başladığı müharibə dünya ictimaiyyətinin ürək ağrısı ilə qarşıladığı bir hadisədir...
Rusiyanın "hərbi obyektlər" bəhanəsi ilə Ukraynanın bütün mülki obyektlərini bombardman etməsi nəticəsində artıq 1,5 milyon mülki əhali Ukraynadan qaçqın düşməyə məcbur olmuşdur. Canını götürüb sərhəd ölkələrinə qaçmağa məcbur olan ukraynılalara isə bütün dünyadan humanitar koridorlar açılıb, yardımlar davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə müharibənin ilk günlərindən Ukraynaya lazımi humanitar yardım göndərilmişdir.
"Təzadlar"ın kollektivi də Ukraynanı haqlamış bu ədalətsiz müharibənin ilk günlərindən ölkə Prezidentinin humanitar siyasətinə dəstək vermişdir. Qəzetin baş redaktoru Asif Mərzili Azərbaycana gəldiyi təqdirdə bir neçə Ukrayna ailəsinə bütün təminatı ilə yardım etməyə hazır olduğunu bəyan etmişdir.
Daha bir qürurlu hadisə: "Təzadlar"ın şöbə redaktoru Teyyub Abdullayev Gürcüstandakı iki şəxsi mənzilini öz ölkələrinə qayıdanadək Ukraynadan bu ölkəyə gəlmiş ailələrin ixtiyarına vermişdir. T.Abdullayev əməkdaşımıza bunları demişdir:
- Ukrayna Azərbaycana dost və qardaş ölkədir... Ədalətsiz müharibədən zərər çəkmiş ukraynılalara yardım etməyi şəxsən özümün vicdan borcum hesab edirəm... Prezident cənab İlham Əliyevin Ukraynaya humanitar yardım tapşırığını eşidəndən sonra mən də bu humanitar çağırışa dəstək verməyi qərara aldım. Gürcüstanda olan iki mənzilimi Ukraynadan Gürcüstana pənah gətirmiş ailələrin ixtiyarına vermişəm... Əgər Azərbayacana da gələn ailə olarsa, buradakı bir mənzilimi də boşaldaraq onların ixtiyarına verməyə hazıram... Biz Ermənistanın 1990-cı illərdə Qarabağdakı işğalından sonra qaçqın və köçkünlüyün, doğma yurdundan didərgin düşməyin nə olduğunu yaxşı bilirik...
***
Onu da deyək ki, "Təzadlar"ın şöbə redaktoru Teyyub Abdullayev 44 günlük Vətən müharibəsi zamanı Ukraynadan Azərbaycana gətirdiyi komplektləşdirilmiş hərbi təyinatlı yük avtomobilini Ordumuzun əsgərlərinə bağışlamışdır.
Qələmə aldı: JASMİN