RUSİYA LİDERİ XÜSUSİ ƏMƏLİYYATIN DAYANDIRILMASININ ŞƏRTİNİ AÇIQLAYIB
Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Kremlin məlumatına görə, Türkiyə lideri Qərb dövlətlərinin Rusiya lideri haqqında səsləndirdiyi ritorikaya son dərəcə emosional reaksiya verib. İki ölkə başçısı arasında əsas ünsiyyət mövzusu Rusiya hərbçilərinin Ukraynada keçirdiyi xüsusi əməliyyat olub. Putin Rusiya hakimiyyətinin bu məsələdə hansı əsas prinsiplərə və vəzifələrə əməl etdiyini izah edib. O qeyd edib ki, Rusiya Silahlı Qüvvələri insanların həyatını xilas etmək və mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edir. Zərbələr yalnız hərbi infrastruktura tətbiq edilir.
Eyni zamanda millətçi və neonasist birləşmələr xüsusi qəddarlıq və amansızlıqla hərəkət edərək mülki əhalidən öz müdafiəsi üçün istifadə edirlər. Putin təsdiqləyib ki, Rusiya tərəfi münaqişənin həlli üçün Ukrayna tərəfi, eləcə də xarici tərəfdaşlarla dialoqa hazırdır. O, qeyd edib ki, Ukrayna təhlükəsizlik qüvvələri danışıqlar prosesindən öz qüvvələrini yenidən qruplaşdırmaq üçün istifadə edir və bu, Rusiya prezidentinin fikrincə, faydasızdır.
Liderin sözlərinə görə, xüsusi əməliyyatın dayandırılması yalnız “Kiyev hərbi əməliyyatları dayandırsa və Rusiyanın məlum tələblərini yerinə yetirərsə” mümkündür. O, danışıqların üçüncü raundu zamanı Ukrayna hakimiyyətinin daha konstruktiv yanaşma nümayiş etdirəcəyinə ümid etdiyini bildirib.
“Rəcəb Tayyib Ərdoğanın Rusiya mədəniyyətinə və onun xadimlərinə qarşı bir sıra Qərb dövlətlərində vüsət alan çılğın kampaniyaya tənqidi qiymət verməsi xarakterikdir”, - deyə Kremlin saytında bildirilir. Hər iki tərəf müxtəlif səviyyələrdə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
Sevinc MURADXANLI