Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin ağrılarını az qala bütün dünya çəkməli olub... Millət vəkili Razi Nurullayev bu məzmunda hamımızı düşündürəcək status paylaşıb:
- Rusiya ilə Azərbaycan arasında hava xətti Rusiyaya tətbiq edilən sanksiyalar üzərindən dayanıb. Yüzlərlə vətəndaşımız isə Rusiya-Azərbaycan quru sərhədində - Maxaçqala yaxınlığında düşərgədə gözləməli olur. Kimin pulu var, bir yol tapıb baha qiymətə Minsk, Türkiyə və digər yollarla Azərbaycana gələ biləcək.
Kasıbçılıq, dolanışıq dalınca Rusiyaya gedən, indi isə vətəninə qayıtmaq istəyənlər pis vəziyyətdə qalıb. Rusiyada iş yox, daha geri qayıdırlar, vətən də deyir, gözlə düşərgədə. Nə çətinlik var axı burada? Göndər nümayəndəni və gətir vətəndaşlarını. Öz vətəndaşlarımıza ən böyük hörməti qoymalıyıq. Rusiya rəsmiləri görməlidir ki, biz öz vətəndaşımıza nə qədər dəyər veririk. Mən Azərbaycan vətəndaşlarının düşərgədə qalıb Azərbaycandan gələcək nümayəndəni günlərlə gözləməsinə çox pis yanaşıram. Öz vətəndaşına hörmət qoymamaq nə deməkdir? Onlar niyə orada qurbanlıq qoyun kimi gözləməlidir? Mətbuat nümayəndələrindən bu məsələyə diqqət göstərməyi xahiş edirəm!
***
Həqiqətən də acınacaqlı vəziyyətdir... Həlli yolu tapılmalıdır...
A.Məmmədli