Rusiyanın Ukraynaya qarşı məlum işğalçılıq müharibəsi ölkəni dünya dövlətlərinin sanksiya bataqlığına itələməkdədir... Artıq sosial şəbəkələrdə Rusiyanı haqlayan iqtisadi çətinliklər burulğanından geniş bəhs edilir... Bu gün isə Putin birbaşa çıxışı ilə ölkəyə, ictimaiyyətə və oliqarxlara müraciət sərgilədi, ərzaq qıtlığına qarşı təmkinli olub əhliyə kömək etməyi xahiş etdi.
Amma nə fayda? Ölkənin pul-maliyyə bazarı çökür, iqtisadiyyat tənəzzülə doğru gedir. Ukraynaya qarşı müharibəni 3 günə bitirib şadyanalıq arzusunda olan Kreml siyasətçiləri 2 aya yaxındır itirə-itirə gedirlər və çıxış yolu da görünmür.
***
Və ayağı yer tutan oliqarxlar ölkədən qaçır... Bu dəfə isə "Sberbank" İdarə Heyəti sədrinin birinci müavini, rəqəmsal sektora cavabdeh olan Lev Xasis qəflətən ABŞ-a qaçıb. Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz bu barədə maraqlı paylaşım edib (bu barədə Avropa mediası da yazıb). Sitat: "...Lev Xasis uzun müddət adı çəkilən qurumda İT infrastruktura, rəqəmsal transformasiya işlərinə cavabdeh olub. O, fevral ayında, müharibə başlayan anda işdən çıxmaq istəyini bildirsə də ona iyun ayında azad olunacağı bildirilmişdi. Lakin görünür ki, o tab gətirməyib, müharibə başlayan anda ölkəni tərk edib, artıq onun ABŞ-da biznesə start verdiyi bildirilir. "Sberbank" qərbin sanksiya siyahısındadır, SWIFT-dən ayrılıb. Mart ayında Lev Xasis Böyük Britaniyanın sanksiya siyahısında da yer almışdı. Lev Xasisin Rusiyanı qəflətən tərk etməsi bank sektorunu şoka salıb. Maraqlıdır ki, onun ardınca bankın İT sektorunun daha bir məsul şəxsi, vitse-prezident David Rafalovskiy də Rusiyanı tərk edərək ABŞ-a gedib. Adı çəkilən şəxslərin ABŞ-a qaçmasından sonra "Sberbank"-ın bütün rəqəmsal layihələri dayandırılıb. Görünür parolları dəyişirlər...".
Rusiya sosial platforma istifadəçiləri yazır ki, Ukraynada müharibə başlayandan sonra Yandex-in Baş direktoru Yelena Bunina, "Aeroflot"un Baş direktorunun müavini Andrey Panov, həmçinin Prezidentin xüsusi nümayəndəsi Anatoli Çubays da Rusiyanı tərk ediblər... Növbə kimindir? Gülməli də olsa, bəzi sosial şəbəkə istifadəçiləri yazırlar ki, belə getsə, növbə Medvedyevin və ardınca da Putinindir...
A.Məmmədli