Türkiyə Azərbaycanın Ermənistanla uzunmüddətli sülh yaratmaq səylərini dəstəkləyir ki, bu da regionda sabitliyin təmin olunmasına töhfə verəcək.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Bakıda deyib. İki ölkənin liderləri “TEKNOFEST Azerbaijan” kosmik, aviasiya və texnologiya festivalında iştirak ediblər. “Türkiyə həm kədərdə, həm sevincdə Azərbaycanın yanındadır. Biz Azərbaycanla ikitərəfli münasibətləri təkcə region üçün deyil, bütövlükdə dünya üçün nümunə olacaq səviyyəyə çatdırmışıq”. O vurğulayıb ki, “Ankara hər zaman Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına qarşı çıxıb, ədalətin tərəfində olub”. “Biz dünyanın başqa ölkələrinə ərazi iddiası irəli sürmürük, eyni zamanda öz torpağımızın bir qarışını belə vermək niyyətində deyilik və verməyəcəyik!”, - Türkiyə prezidenti deyib. O, əlavə edib ki, “Türkiyə Azərbaycan prezidentinin Ermənistanla uzunmüddətli sülhün bərqərar olması səylərini qətiyyətlə dəstəkləyir və bu, həm də regionda sabitliyin təmin olunmasına töhfə verəcək”. Əliyev isə öz növbəsində Türkiyə-Azərbaycan birliyini region və dünya üçün mühüm amil, təhlükəsizlik və sabitlik amili adlandırıb. “Bu, həm region, həm də dünya üçün çox vacib amildir. Türkiyə-Azərbaycan birliyi təhlükəsizlik,etimad və sabitlik amilidir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb. Onun fikrincə, Bakı və Ankaranın birliyi regionda sülh və sabitliyə töhfə verəcək. Əliyev ikinci Qarabağ müharibəsi zamanı Türkiyənin dəstəyini qeyd edib: “Türkiyə bizim yanımızda idi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq”. “Mən dəfələrlə demişəm ki, Türkiyənin artan qüdrəti bizi gücləndirir və biz bir-birimizə güc verərək qlobal miqyasda güc mərkəzinə çevrilmişik”, - Əliyev daha sonra deyib. Azərbaycan və Türkiyə prezidentləri iki ölkənin hərbi pilotlarının nümunəvi akrobatik uçuşlarına baxıblar. Onlar həmçinin ikitərəfli görüş keçirib, həmçinin “7 saylı ASAN” və “Science Baku” (“Bilim Bakı”) Bakı xidmət mərkəzlərinin açılış mərasimlərində iştirak ediblər.