Gələn aydan yalnız bəzi kateqoriyalara daxil olanlara müavinət ödəniləcək
Polşadakı ukraynalı qaçqınların çoxu tezliklə gündəlik müavinətlərini itirəcəklər.
Bu barədə Rzeczpospolita Daxili İşlər və İdarəetmə Nazirliyinin rəis müavini və hökumətin qaçqınlar üzrə nümayəndəsi Pavel Şefernakerin bəyanatına istinadən xəbər yayıb.
Beləliklə, iyulun 1-dən yalnız ehtiyacı olanlar müavinət almağa davam edəcək - bunlar əlillər, həmçinin hamilə və çoxuşaqlı qadınlardır.
Nazirlik rəsmisinin sözlərinə görə, Polşa hakimiyyəti qaçqınları artıq pul qazanmağa başlamağa və ehtiyaclarını özlərinin təmin etməsinə təşviq etmək niyyətindədir.
Rzeczpospolita polşalı professor Piotr Dluqoshadan sitat da gətirib: “Bu qərar müəyyən dərəcədə dəstəyin sona çatdığını, Ukraynaya qayıtmağın vaxtı çatdığını göstərir”.
***
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra təkcə Polşaya üç milyondan çox ukraynalı üz tutub. Və onlar indiyədək müavinətlə təmin olununblar.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin fevralın 21-də qondarma “DXR” və “LXR”-ı rəsmi olaraq müstəqil dövlətlər kimi tanıdı, 24-də isə Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması adı altında ölkəyə qoşun yeridilməsi barədə əmr verdi.
İndiyədək milyonlarla ukraynalı ev-eşiyindən didərgin salınıblar – qonşu ölkələrə sığınmaq məcburiyyətində qalıblar. Ukraynanın şəhərləri, kəndləri dağıdılıb, minlərlə mülki insan şəhid olub, yaralanıb. Ölkəyə külli miqdarda ziyan dəyib.
Tərəflərin nümayəndə heyətlərinin dəfələrlə bir araya gəlmələrinə baxmayaraq, sülh barədə razılıq əldə olunmayıb və bu anlamsız müharibəyə hələ də son verilməyib.
JASMİN