ABŞ prezidenti Co Bayden bütün müttəfiqlərin təhlükəsizlik sahəsində maraqlarını nəzərə alaraq NATO-nun sürətli genişlənməsi prosesini dəstəkləyəcək.
Ağ Evin məlumatına görə, o, bu barədə Vaşinqtonda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə bildirib.
"Tərəflər Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətlərini alqışladılar. Prezident Bayden baş katib Stoltenberqin təhlükəsizlik sahəsində bütün müttəfiqlərin maraqlarını nəzərə alan sürətli üzvlük prosesini təşviq etmək səylərinə qətiyyətli dəstəyini bəyan etdi". (ria)
Bundan əlavə, Bayden və Stoltenberq Madriddə keçiriləcək NATO sammitinə hazırlıq, Şimali Atlantika Alyansının müdafiə potensialının gücləndirilməsi məsələlərini müzakirə ediblər.
Xatırladaq ki, bir müddət öncə İsveç və Finlandiya alyansa qoşulmaq üçün NATO-nun Baş katibi Yens Stoltenberqə rəsmi ərizə ilə müraciət ediblər.
Baş katib NATO-nun onların bu arzusunu alqışladığını, İsveç və Finlandiyanın Alyansa daxil olması ilə Baltikyanı ölkələrin təhlükəsizliyinin daha da güclənəcəyini bildirib.
Türkiyə isə PKK və digər terror təşkilatlarına dəstək verən İsveç və Finlandiyanın NATO-ya üzv olmasına qarşı olduğunu açıq şəkildə bəyan edib. Adı çəkilən ölkələr Türkiyə ilə bu məsələni çözmək və razılığını almaq istəyir.
Lakin bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “The Economist” jurnalı üçün yazdığı məqalədə bir daha bəyan edilib ki, həmin ölkələr tərəfindən lazımi addımlar atılmasa, Türkiyə bu məsələdə mövqeyini dəyişməyəcək.
Y.MƏMMƏDLİ