“... Kadrlara baxıram ki, orada səsim hündürdən çıxıb, səs tonum yüksək olub. Əslində məsafə uzaq olduğu üçün, məni eşitsinlər deyə elə danışırdım”.
Bu fikirləri Fuad Cəfərli TEZADLAR.TV-nin efirindən səsləndirib.
Ötən gün AYB-nin üzvü, Prezident təqaüdçüsü Emil Rasimoğlu və AYB Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü Fuad Cəfərli TEZADLAR.TV-nin qonağı olublar.
Hər iki şair oktyabrın 26-da keçirilmiş Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayında baş verən xoşagəlməz olayla bağlı TEZADLAR.TV-nin efirindən irad və təkliflərini bildiriblər.
Fuad Cəfəlinin sözlərinə görə, söylədiklərini uzaq məsafədən Anara və Rəşad Məcid eşidə bilsinlər deyə yüksək tonda danışmaq məcburiyyətində qalıb.
“Xahiş edirəm ki, həmin kadrları izləyənlər bunu başqa cür qiymətləndirməsinlər. Qaldı ki, bizim namizədliyimizə, Qurultayda Gənclər Şurasının sədri Fərid Hüseyin öz çıxışında mənim namizəd olduğumu qeyd etdi və Şura adından mənə öz dəstəyini bildiridi. Bu o deməkdir ki, mənim namizədliyim artıq qeydə alınıb. Məndə olan məlumata görə, adımın çıxış edənlər siyahısında olduğu dəqiqdir...
İkincisi də 2019-cu ildən biz bəyan etmişik ki, bu yola çıxmışıq – gənclər üçün, gəncliyini itirmiş bütün ədəbi nəsillər üçün namizədliyimizi irəli sürmüşük. Sizin bizə səs verməməyiniz sizin doğru yolda olmadığınızın sübutudur, təzahürüdür. Siz 35 yaşlı bir şəxsdən qorxdunuz, yoxsa özünüzə etibar etmədiniz? Baxın, 125 deputatın əyləşdiyi Milli Məclis var, Ordakılardan heş kəs artıq deyil. Onlar Azərbaycanın sözün deyir, dövlətin sözün deyir. Deyirlər ki, gəncdir, cavandır... MM-də gənc deputatlarımız da var. Beynəlxalq kürsülərdə Azərbaycanın mövqeyini yüksək səviyyədə qoruyurlar. Üç ali qurum var. Hamısında gənclər təmsil olunur. Sırf Yazıçılar Birliyində gənclərə qarşı qısnama var”.
O, vurğulayıb ki, Qurultay tənqid yeri deyildi və orda çıxış etsəydi platformasını açıqlayacaqdı.
Şair “Anar müəllimdən nüfuzlu adam yoxdur” deyənlərə də iradını bildirib.
“Bu, ən azı Anar müəllimin öz nəsildaşlarına qarşı edilmiş hörmətsizlikdir. Necə yəni, o qədər xalq şairlərimiz, xalq yazıçılarımız var ki...“
Fuad Cəfərli platformasından danışarkən qeyd edib ki, əgər seçilsəydi AYB -də şəffaflığı önə çəkəcəkdi.
O, həmçinin vurğulayıb ki, AYB-də təmsil olunan gənclərin heç biri, həmçinin özü heç kəs haqqında təhqiramiz çıxışlar etməyib və etməzlər də.
Şairin sözlərinə görə, Rəşad Məcid “o gənclər səviyyəsizdirlər” deyərək onu təhqir edib.
“Səviyyəm yoxdur deyir. AZTV-də mənim şeirimdən istifadə edilərək, həmçinin özümün iştirakımla gənclər haqqında film çəkilib. Bu onu göstərir ki, qərəz var...”, -deyə o, diqqətə çatdırıb.
Xatırladaq ki, hər iki şair XIII Qurultayın nümayəndəsi kimi qeydə alınıblar. Onlar Qurultayda AYB sədrliyinə namizədliklərini versələr də, səsverməyə çıxarılmayıblar və beləliklə, “Xalq Yazıçısı” Anar alternativsiz olaraq səsverməyə çıxarılıb və təbii ki, qalib gələrək daha 5 il müddətinə sədr seçilib.
...Bundan sonra Qurultayda baş verənlərə hər iki gənc şair etirazlarını bildirib və qalmaqal yaşanıb. Baş verənlər sosial şəbəkələrdə, ictimaiyyət arasında geniş rezonans doğurub, müzakirələrə yol açıb.
Y.MƏMMƏDLİ