...Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ərsəyə gələn “Şuşa yaradıcılıq emalatxanası” layihəsinin bağlanış mərasimində musiqisi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Tərəqqi” medallı Könül Hüseynovaya, sözləri Xalq şairi Vahid Əzizə aid 3 solist, kamera orkestri və orqan üçün yazılmış “Qoruyaq dünyamızı” adlı musiqi kompozisiyasının təqdimatı baş tutmuşdur. Sirr deyil ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsində belə maarifləndirici layihələr olduqca vacibdir. 
Onu da əlavə edək ki, bu maarifləndirici layihədə həm də 44 günlük Vətən Müharibəsində işğalçı Ermənistana tarixin dərsini verən qəhrəman oğullarımızın və fədakar qızlarımızın mübarizə dolu həyat salnaməsi örnək olaraq təqdim olunur.
***  
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova ilə bu möhtəşəm kompozisiyanın necə ərsəyə gəlməsi barədə söhbət etdik.
ZƏRURİ QEYD: Professor Könül Hüseynova şəhid pilot Rauf Atakişiyevin həyat yoldaşıdır. Belə ki, 2019-cu il iyul ayının 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilmiş və aviasiya vasitəsi radarlardan itmişdir. Təyyarə Xəzər dənizinə düşmüş, qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşmüşdür. Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub. Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olunmuşdur. Azərbaycan Müdafiə Nazirliyinin avqustun 19-da verdiyi məlumata görə təyyarənin qara qutusu, 20 avqust tarixində isə pilotun nəşi tapılmışdır. 21 avqust tarixində Rəşad Atakişiyevin nəşi ikinci Fəxri xiyabanda dəfn edilmişdir. 07.05.2021-ci ildə Hərbi Pilot Polkovnik Leytenant Rəşad Atakişiyev-ə Şəhid statusu verilmişdir.
***
Beləliklə, Professor Könül Hüseynova ilə başa vurulan layihə barədə ətraflı söhbət etdik. O, "Təzadlar"a bunları söylədi:
-Bildirim ki, Maestro, Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə, Xalq artisti, professor Gülnaz İsmayılova, Akademik Dövlət Opera və Balet Teatrının solisti Atəş Qarayev və Televiziya Muğam Müsabiqəsinin qalibi Babək Şuşalının möhtəşəm təfsirləri, təsirli, emosional ifaları ilə bu əsər öz səhnə auditoriyasını tapmış oldu. 
-Layihə barədə daha ətraflı məlumat verə bilərsinizmi?
-Yuxarıdakı qeydlər sadəcə layihə, əsər və onun ifaçıları haqqında kiçik məlumat idi... Bu zəhmət  və peşəkar, yaradıcı münasibət daha dərin yanaşma və təhlili tələb edir.  İki gün öncə Xalq şairi, hörmətli Vahid Aziz -in sosial şəbəkələlərin birində “Qoruyaq dünyamızı” ilə bağlı paylaşımı və ölkəmizin hüdudlarından kənardan, mötəbər insanlardan bu mahnıya ünvanlanmış rəylər məni çox ruhlandırdı. Vahid müəllimlə iki ildən artıqdır ki, yaradıcılıq əməkdaşlığı edərək əsasən vətənpərvərlik mövzusunda bir çox mahnıları ərsəyə gətirmişik. Bunlardan- “Şəhidlik zirvəsində”, Şuşam mənim”, “Deyəsən”, “Yuxunda görmüsən”, “Zəfər yolu” mahnılarını misal göstərmək olar. Hörmətli Vahid müəllimin yaradıcılıq ruhu, bədii fantaziya hüdudlarının genişliyi, fəlsəfi yanaşma tərzi, qəlbinin musiqinin emosional inkişafı ilə çulğalaşan poetik döyüntüsü məhz bu əsərdə bütün məziyyətləri ilə özünü göstərməyə müvəffəq oldu. Onun yaradıcılıq duyumu bəstəkar fikri ilə üzvi surətdə birləşir, onu rövnəqləndirir və yeni musiqi ideyalarına doğru istiqamətləndirir. 
Vahid müəllim mahnılar ərsəyə gəldikdən sonra çox maraqlı bir yaradıcılıq sirrini bölüşmüş oldu. Belə ki, o, yazdığı hər sətri öz avazı ilə ifa etdiyi melodiyası əsasında yazır. Muğam üzərində bu qeyri-adi şeirlər ərsəyə gəlir. Mənim bu melodiyadan xəbərim olmur. Bəlkə elə ona görədir ki, bu şeirlər mahnıların yaranmasına səbəb olur. Onun musiqini yüksək tərzdə duyma məharəti artıq bəstələnmiş musiqiyə sözlər yazmaq ustalığında da açıq şəkildə özünü təcəssüm etdirir. Mənim bir neçə melodiyam yarandıqdan sonra Vahid müəllim onun bədii məğzini duyaraq sözlər yazmışdır. 
22912f10-0706-46fe-a51b-8ef5a53b28be
Bu təhlil yazdığım sətirlərə sığmayacaq qədər dərin araşdırmalar tələb edir. Çünki o hüdudsuz, azad ruhlu, akademik tərzli, yüksək peşəkarlıq və fitri istedadı özündə təcəssüm etdirir. 
-Bəs mahnı ərsəyə gəldikdən sonra orkestr üçün işlənmiş partitura kimə məxsusdur?
-Əsər Xalq artisti, maestro Fəxrəddin Kərimova təqdim olundu. Hədsiz həyəcan hissi ilə böyük sənətkarın rəyini gözləyirdim.  Maestronun əsərə yanaşma tərzi, onun məğzini, üslubunu, ruhunu, ideyasını, musiqi dilini duyaraq orijinal təfsir ideyaları hədsiz marağıma səbəb oldu. Fəxrəddin müəllim, hər frazanın ifadəliliyinə, orkestrin hər ifaçısının partiyaları ilə uyumuna böyük diqqət yetirərək monumental bir təfsir yaratmış oldu. Forma möhtəşəm bir memar dəqiqliyi ilə nəhəng üfiqilik yaratdı. Orkestr maestronun ruhunun alovuna qərq olmuşdu… Onlar sehrli  çubuğun hər titrəyişi ilə sanki, əsərə yeni ruh verirdilər. Maestrodan ilhamlanaraq yeni ifadə vasitələrinin axtarışına doğru istiqamətlənirdilər. Hər ifaçı yüksək ifaçılıq məharətini göstərərək ilham aldıqları dirijorları ilə birgə yaradıcılıq fəzasına baş vurmuş oldu. Maestronun yanaşması sadəcə bu əsərə olan münasibət deyil, illərə söykənən zəngin biliyin, böyük təcrübənin və fitri istedadın nəticəsidir desək, heç də yanılmarıq. Zəngin dünyagörüşə, qeyri-adi istedada, mükəmməl biliyə sahib sənətkardan- maestro Fəxrəddin Kərimovdan əsərimlə bağlı verilən yüksək rəy məni ruhlandıraraq yeni yaradıcılıq axtarışlarına doğru istiqamətləndirdi. Xalq artisti, ptofessor Gülnaz İsmayılova yüksək peşəkarlıq nümayiş etdirərək ana obrazını, ana çağırışını bədii cəhətdən yüksək dramaturji axınla çatdırmağa müvəffəq oldu. Böyük təcrübəyə, biliyə, ustalığa malik opera ifaçısı-pedaqoq Gülnaz xanım İsmayılova əsərin bütün məziyyətlərini böyük şövqlə, əzmlə, mübariz ruhda zəngin səs imkanları ilə əks etdirmişdi. O, dirijor və orkestrlə, həmçinin tərəf müqabili  Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Vətən Müharibəsi veteranı Atəş Qarayevlə birgə möhtəşəm bir duet yaratmış oldu. 

7ebdd81d-3f74-42d9-89fa-f3e157305174
     Əsərin digər solisti Atəş Qarayevlə “Ates Kara” yaradıcılıq əməkdaşlığımız iki ilə söykənir. Bu müddət ərzində onun Vətəninə, millətinə olan sevgisinin  yaradıcılıq yolu ilə birgə müşayiət olunduğunun şahidi oldum. Vətənimizin müdafiəsində şücaiəti qədər öz işində də yüksək peşakarlığı, məsuliyyəti ilə seçilən istedadlı vokal ifaçısı Atəş Qarayev bu mahnıda yüksək diapazonunu, zəngin səs imkanlarını əsərin məzmununa, ahənginə uyğun bir şəkildə təqdim etmiş oldu. 
-Əsərdə dinlərarası birliyə çağırış da diqqəti çəkir...
-Bəli, elədir... Orqan alətinin səslənməsi bu əsərin özəlliyi ilə bahəm, əsərin məzmununda dinlər arası birliyə doğru bir çağırışı tərənnüm edir.  Sanki kilsə zənglərini əks etdirən mövzunun fonunda muğam səslənir və bu sətirlər muğam avazı ilə səslənir… 
Nədəndi-zəbt elıyib şər bu bu qədər qəlbimizi?
İlahi,məhv olarıq, özbaşına qoyma bizi…
Millətlər həmrəy olaq qorumaqçün dünyanı, 
Tanrım nə baş verir ki, insan sevmir insanı”  
Televiziya Muğam Müsabisinin qalibi Babək Şuşalının  möhtəşəm tembri, böyük səs imkanları və özünəməxsus muğam improvizasiya təfsiri bu hissəyə xüsusi bir orijinallıq gətirmiş oldu. Təsirli, yanıqlı ifa üslubu dünyadakı bu ədalətsizliyə qarşı sanki bir “yox, dayan” deyirdi. Onun bu ifadəli monoloqunun digər solistlərlə birləşməsi isə möhtəşəm bir sonluğun təqdimatı oldu.
Sonda isə bu əsərin ərsəyə gəlməsində, səhnə həllini  tapmasında zəhməti keçən və bu əsərlə bağlı səmimi fikirlər bildirən  hər bir yaradıcı şəxsiyyətə, dostlarıma, əzizlərimə dərin minnətdarlığımı bildirirəm!  Sonda isə mahnının mətnini diqqətinizə çatdırıram. 
Mus. Könül HÜSEYNOVA
Söz. Vahid ƏZİZ
  
QORUYAQ DÜNYAMIZI… 
I bənd
Bir bəla var dünyanın qəmli səmalarında, 
Biz vaxtın qorxulu, çox ağır bir sınağında. 
   
Analar niskili var yeni hər gündə, 
Ey insan qəsd eləmə torpağa, göyə, 
Bəşəriyyət məhv olmağa niyə tələsir, niyə?! 
İnsanlar, tələsin, vaxt bizi məhv edər, 
Dünyamız məhvərindən ayrılıb gedər, 
Bəşəriyyət nəğməsini qanlı savaşlar kəsər. 
Nəqarət : 
             
Millətlər həmrəy olun qorumaqçün dünyanı, 
Tanrı nə baş verir ki, insan sevmir insanı. 
II bənd
Yer üzü məhv olmasın gözəl çağlarında. 
Nəğməmiz! Əbədi qalsın, Vaxtın yaddaşında. 
   ——
Analar niskili var yeni hər gündə, 
Ey insan qəsd eləmə torpağa, göyə, 
Bəşəriyyət məhv olmağa niyə tələsir, niyə?! 
İnsanlar, tələsin, vaxt bizi məhv edər, 
Dünyamız məhvərindən ayrılıb gedər, 
Bəşəriyyət nəğməsini qanlı savaşlar kəsər. 
Nəqarət: 
             
Millətlər həmrəy olun qorumaqçün dünyanı, 
Tanrı nə baş verir ki, insan sevmir insanı.
Muğam hissəsi: 
“Nədəndi-zəbt elıyib şər bu bu qədər qəlbimizi?
İlahi,məhv olarıq, özbaşına qoyma bizi…
Millətlər həmrəy olaq qorumaqçün dünyanı, 
Tanrım nə baş verir ki, insan sevmir insanı”
172bfd23-8fb7-467c-b4db-ff469b0baf9d
793974f3-2258-4619-839b-3e29d5dfe6c7
"Təzadlar"
(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.İst.6.3.10)
media
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN