Yalnız Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylər ödənişsiz olacaq...

May ayının 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir.

Beynəlxalq Muzeylər Günü — Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 may tarixində qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan çox böyük iş aparılır. Həmin gün bütün muzeylərimizdə bu peşə bayramı qeyd edilir.

Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.

Beynəlxalq Muzeylər Günü ilə əlaqədar insanların asudə vaxtının səmərəli təşkili, onların muzey müəssisələri vasitəsilə Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “Açıq qapı” günü elan olunur. Beləliklə, vətəndaşlar və ölkəmizin qonaqları 18 may tarixində ödənişsiz olaraq muzeyləri ziyarət etmək imkanı əldə edəcəklər.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin tabeliyində 133 muzey var. Ümumilikdə isə Azərbaycanda 240 muzey fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycanda ilk muzey 1920-ci ildə yaradılıb.

“Doğma diyar” adlanan bu muzey Bakıda, ilk memorial muzey isə 1938-ci ildə Şəkidə yaradılıb. Muzeylərə də əsasən o dövrün milyonerlərindən müsadirə edilmiş sənət əsərləri toplanırdı. H.Z.Tağıyevə, M.Muxtarova, M.Nağıyevə və digər Bakı milyonçularına məxsus qiymətli sənət əsərləri ilk muzeyimizin eksponatları olur.
Daha sonralar  - 1930-cu ildən etibarən ədəbiyyat, incəsənət, tarix, musiqi, teatr muzeyləri, həmçinin ev muzeyləri yaranmağa başlamışdı.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN