Məlum olduğu kimi, azərbaycanlı xanım Suada Hacızadə 3 ilə yaxındır ki, dünyanın məşhur aktyoru, Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə evlidir. Məşhur aktyorun azərbaycanlı gəlini "İnstaqram" hesabında əri ilə xoşbəxt görüntüsünü əks etdirən yeni fotosunu paylaşıb.

P.S. Qızda fərasətə bax e, mən ölüm...

***

Türkiyəli aktyor Uraz Kayqılaroğlu azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ilə eşq yaşadığının yalan olduğunu bildirərək deyib: "Nəsrin mənim ən yaxın dostumdur. Aramızda eşq yoxdur".

P.S. Görəsən, şəkillərdə gördüyümüz bu öpüşmə və qucağa dırmaşma eşqin yoxluğundandır, yoxsa çoxluğundan? Adama deyərlər, ay Uraz, dur bir az, odla suyun alveri olmaz. Bunu biliyormusun?

***

Ermənilərin Xankəndidən kütləvi qaçmasına hərə bir cür rəy verir.

P.S. Burada fikir birmənalıdır: "Nə tökərsən aşına, o da çıxar qaşığına". Yaxud da, "Döymə taxta qapımı, döyməyim dəmir qapını".

Ay ermənilər, 1988-1992-ci illərdə torpaq və evin köklü sahiblərini, yəni bizləri "arxalı köpək qurd basar" prinsipi ilə, faşistsayağı qovanda, qovanda da yox e, qıranda, doğrayıb kəsəndə gərək biləydiniz ki, bu haqsızlığı Allah götürməz. Necə ki, gec də olsa, götürmədi. İndi ev-eşiyindən didərgin düşməyin nə olduğunu öz dərinizdə hiss edərsiniz. Bircə fərqi budur ki, biz sizi ayağı yalın, başı açıq yox, öz rahat maşınlarınızda, öz istəyinizlə, həm də çörək və su verib yola salırıq. Hansı ki, bunlara layiq deyilsiniz.

***

Qəzetlərin birində ədalətsiz hakimlərdən və məhkəmələrdən bəhs edən yazıya belə başlıq qoyulub: "Məhkəmələr hələ də rüşvətlə "işləyir"".

P.S. Mən başa düşə bilmirəm, ədalət təmsilçilərinə qarşı bu nə ədalətsizlikdir? Bizdə məgər rüşvətlə işləyən məhkəmə, hakim var? Ayıb döyülmü? Axırıncı dəfə rüşvətlə işləyən ədalət təmsilçisi olan hansı hakimi görmüsünüz? Aydan arı, sudan duru olan haqq-ədalətli hakimlərə qarşı bu nə haqsızlıqdır? Bu, nədir ə, deyəsən ədalətin "doza"sını çox elədim axı. Elə bil mənə də hakimlər rüşvət veriblər e, sən öl.

***

Qarabağdan gedən ermənilər barədə bir qəzetə açıqlama verən millət vəkili Elman Nəsirov belə deyib: "Ağıllı ermənilər Azərbaycanda yaşayacaqlar".

P.S. Hörmətli Elman müəllim, bu ermənilərin içində bircə nəfərinin də ağlının olduğuna inanırsan?

***

Sentyabrın 19-20-də Qarabağda Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror əməliyyatına kölgə salmağa cəhd edən Ermənistan mətbuatı növbəti yalan təbliğatına meydan verib: "Azərbaycanlılar erməni uşağı öldürənə 500 dollar verib, erməni qadını zorlamağa çağırışlar edib".

P.S. Belə yerdə deyiblər e, "meymun baxdı güzgüyə, adını qoydu özgəyə". Bu alçaqlar 1988-1993-cü illərdə Qərbi Azərbaycandan və Qarabağdan olan azərbaycanlıların başına gətirdikləri ağlasığmaz işgəncələri, hamilə qadınların qarnını yarıb, çıxartdıqları körpəni süngüyə taxmaqdan tutmuş, atanın gözü qarşısında qızını, qardaşın gözü qarşısında bacısını zorlamağa, ananın gözü qarşısında övladının başını kəsməyə qədər törətdikləri faciələri, sanki unudublar... Buna baxmayaraq, biz erməniləri çörək və su ilə yola salırıq. Bütün bunları kor gözləri ilə görməyən Ermənistan haylarının həyasızlığı və cəlladlığı, informasiya müstəvisində hələ də davam edir.

***

Bu günlərdə məşhur Hollivud ulduzu Demi Mur fotoqraflara çılpaq sinəsini göstərib ki, bu da xeyli müzakirələrə səbəb olub.

P.S. Rəhmətliyin uşağı, bizim aktrisa və şou əhli xanım müğənnilərin 80 faizinin sinələri ilimizin 12 ayı çöldədir. Amma biz bunu müzakirə etmirik. Nöşün ki, bizdə sinəsi çöldə olmayan aktrisa və xanım müğənnilərə belə bir təhər baxırlar e...

***

Qəzetlərin birində Azərbaycan-Ermənistan arasında hələ də bağlanmayan sülh sazişindən bəhs edən yazıya belə başlıq qoyulub: "Bakı-İrəvan sülh anlaşması yaxınlaşır? - Paşinyan nəhayət, "A"-dan sonra "B" deyəcəkmi?"

P.S. Paşinyana nə var e, "A"-dan sonra "B"-də deyər, ya da geri qayıdaraq "B"-dən sonra "A" deyər. Onsuz da görmüşük ki, Paşinyan bu gün bir söz, sabah tamam onun əksini deyir. Ona görə də əlifbadakı həriflərin hamısını deyər, təki sülh bağlansın, özünün də və erməni xalqının da canı müharibədən qurtarsın. Amma böyük bacısı Fransa, kiçik bacısı İran, baldızı Hindistan, doğma ata-anası "matuşka" Rusiya, ögey atası Amerika, bic doğulmuş qardaşları olan erməni lobbisi və diasporası imkan vermir. Bu səbəbdən də yazıq Paşinyan iynəsi sınmış val kimi "A" və "B" deyərək, yerində saymaqla məşğuldur.

***

Müğənni sayılan Ədalət Şükürov yeni aldığı mobil telefonun şəklini "İnstaqram" hesabında paylaşıb. Məlum olub ki, müğənninin təzə telefonunun qiyməti 71 min 778 manatdır.

P.S. Bu yerdə S.Vurğunun "Vaqif" pyesində Şah Qacarla təlxəyin dialoqu yadıma düşdü: "Qacar əlini bahalı kəmərinə qoyub deyir:

- Təlxək, kəmərinin qiymətidir bu...

Təlxək:

- Şahım, mən də bilirəm bunu,

Kəmərdən qiymətli sizdə nə var ki?"

İndi bu Ədalət bəyin də 71 qram sənəti olmadığı üçün 71 min manatlıq telefon gəzdirməlidir ki, gündəmdə qala bilsin dayna.

***

Xalq artisti Aygün Kazımova "İnstaqram" hesabında yeni fotosunu paylaşıb ki, buna da izləyicilər xoş sözlər ünvanlayıblar.

P.S. Həə, bu çox maraqlı şəkil oldu. Hamımız bilirik ki, efirdə soyunmağın banisi, yəni xaç anası Aygün Kazımovadır. İndi yazıq izləyicilər ilk dəfə Aygünü 52 yaşında nəhayət, normal qaydada, yəni abırlı paltarda şəkilini görürlər. Adamın heç inanmağı gəlmir. Görünür, 52 yaşın ağırlığı diktə edib ki, "Aygün, sənin bütün əzalarını hamı görüb və tanıyır, ona görə də daha abırlı olmağın vaxtıdır". Məhz bu səbəbdən Aygün xanımı mən də alqışlayıram. Səhnədə soyunanlardan birinin əyninə 52 yaşında da olsa, paltar geyindirdik. Qaldı, hələ də soyunmaqla gündəmdə qalan 41 yaşlı Röya Ayxan və onun kimilər. Görəsən, bunlara neçə yaşında abırlı paltar geyindirə biləcəyik?

***

4 ildən çoxdur ABŞ-da yaşayan müğənni Elariz Məmmədoğlu bu günlərdə verilişlərin birinə virtual qoşularaq, işlərindən danışıb: "ABŞ-da biznesim var, toylara da gedirəm. Sifarişdən asılı olaraq, ukrayna, yunan, gürcü dillərində restoranda mahnılar oxuyuram. ABŞ-da toylar kralıyam". Rəhmətliyin oğlu, musiqidən başı çıxmayanların yanında, əlbəttə, toylar kralı olacaqsan dəə... Vətəndən uzaqda, qürbətdə yaşayanlar üçün nə oxusan şedevr sayılacaq. Bu gedişlə heç bir səsi və sənəti olmayan Elariz ABŞ-ın xalq artisti olsa, qətiyyən təəccüblənmərəm. Amma nə yaxşı ki, ABŞ-da belə bir ənənə yoxdur.

ELÇİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN